Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 14:10:00
Memarlıq və velosiped: Bakıdan Kopenhagenə baxış – MÜSAHİBƏ

Bir neçə gün öncə Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirilib. Konqresdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, AzMİU- nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva və Memarlıq fakültəsinin tələbələri Leyli Əfəndiyeva, Jalə Abuşova, Ayməsey Qafarzadə, Ramid Səlimov təmsil ediblər.

 

Ümumilikdə 135 ölkədən 6000-dən çox iştirakçının qatıldığı konqresdə tanınmış tədqiqatçılar və elm adamları iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyi artırmaq və sosial inklüzivliyin təşviqi üçün yeni memarlıq həlləri, dizayn yollarını axtarıblar.

 

Ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində müəllim və tələbələrin təmsil olunması Azərbaycanın memarlıq üzrə təhsil sferasına necə təsir edəcək? Əlbəttə ki, tələbələrin təəssüratları çox maraqlıdır.

Ramid: Konqres çox maraqlı təşkil olunmuşdur. Orada bir çox məşhur memarlar çıxış etdilər. Anna Dyson, Billy Fleming, Hans Joachim Schellnhuber, Carlos Moreno və digərləri.

 

Mənim üçün ən maraqlı və yadda qalan Bjarke İngelsin çıxışı idi. Onun düşüncələri mənim üçün faydalı və informativ xarakter daşıyırdı. O memarlığın cəmiyyətin dəyişimindəki rolunu vurğulayaraq qeyd etdi ki, memarlar dəbi keçmiş qalıqlara uyğunlaşmaq üçün özlərini məcbur etmək əvəzinə, keçmişə istinad edib həqiqətən yaşamaq istədiyimiz yerlər yaratmağı bacarmalıdırlar. Bjarke İngels, həmçinin çıxışında memarlıqla siyasəti də müqayisə etdi. 

Müqayisə deyəndə nəyi nəzərdə tutursuz? Fərqlər yoxsa oxşarlıqlar?

Ramid: Onun fikirlərini izah etməyə çalışacam, o söylədi ki, siyasət vətəndaşların tələb, istək və qayğılarını dinləmək və bu kollektiv qayğıları təmsilçilik yolu ilə siyasi reallığa çevirməyə çalışmaq prosesidir; memarlıq isə çox oxşar və daha gizli bir şəkildə vətəndaşların qayğı və tələblərinin ödənilməsi ilə məşğul olur. 
Bjarke İngelsin digər bir maraqlı fikri isə bu oldu ki, memarlıq yalnız xüsusi bir qrup üçün deyil, hamı üçün olmalıdır. Dizaynerlər təcrid olunmuş bir sənət növü kimi mövcud olmaqdansa, cəmiyyət üçün faydalı olan əsərlər istehsal edə bilməlidir.

Jalə: Öncəliklə demək istəyirəm ki, konqres çox yüksək səviyyədə təşkil olunmuşdu. Maraqlı mühazirələr, sərgilər – hamısı möhtəşəm idi. Hansı ki, insanlar interaktiv şəkildə iştirak etdilər. Mənim fikrimcə, bu səfər zamanı gördüklərimiz, öyrəndiklərimiz həm mənim, həm yoldaşlarımın gələcək fəaliyyətinə təsirsiz ötüşməyəcək. 

Leyli:  Bu konqresin olacağını əvvəlcədən bilirdik. Təbii ki, hər bir tələbə kimi mən də belə bir konqresdə iştirak etməyi çox istəyirdim. Bizə deyiləndə ki, belə bir konqres olacaq və müəyyən tələbələr aparılacaq, mən maraqlanmağa başladım, öyrəndim ki, konqresin ilk spikeri mənim ən sevdiyim memar Bjarke İngels olacaq. Onunla bağlı çox gözəl təəssüratlar yarandı məndə, onu canlı izləmək və dinləmək çox xoş idi, biz hətta onun kitabını da aldıq. 
Konqresdə iştirak etmək hüququnu qazanmaq çətin olmadı, seçim necə aparıldı?

 

Konqresdə iştirak etmək hüququnu qazanmaq çətin olmadı, seçim necə aparıldı?

Jalə: Əlbəttə ki, çətin oldu. Müraciət edənlər çox idi. Seçim prosesində iştirak etmək üçün müraciət edən tələbələrdən ortalama balı yüksək olan tələbələr seçildi. Daha sonra müsahibə təşkil olundu, müsahibə ingilis dilində idi. Müsahibədə beynəlxalq təcrübənin hansı səviyyədə olması, konqresdə iştirak etmə istəyimizin səbəbi və s. kimi suallar verildi.

Ayməsey: Mən bu tədbiri çoxdan idi gözləyirdim, eşidəndə ki, bizim üçün konqresdə iştirak etmək şansı yaranıb, bu məni çox sevindirdi və nə yaxşı ki, məndə belə bir beynəlxalq konqresdə iştirak etmək hüququ qazandım. Konqresdə mənim diqqətimi çəkən “Leave No One Behind” şüarı idi. Bu şüar əslində bütün şəhərlərdə, yaşayış məntəqələrində artan xüsusən də iqlim və münaqişə böhranları nəticəsində yaranan mövcud bərabərsizlik problemlərinə diqqət çəkir. 
Diqqətimi cəlb edən çıxışlardan biri isə Hans Joachim Schellnhuberin ekologiya ilə bağlı çıxışı oldu. O qlobal istiləşmədən danışdı. Bildirdi ki, qlobal istiləşmə ildən ilə çox artır. Dünya statistikasina görə bu il temperatur 4 dərəcə yüksəlib əslində bu çox böyük bir  rəqəmdir. Bir dərəcə temperaturun böyük artımı kimi görünməyə bilər, lakin minlərlə insan üçün bu, həyat və ölüm arasındakı fərqdir. Əslində insanların çoxu bu haqda fikirləşmir ancaq memarlığın da bu məsələyə çox böyük təsiri var. Bu səbəbdən memarlıqda davamlılığı təmin etmək lazımdır. Beləliklə dizaynda enerji və resurs səmərəliliyi ön plana çıxır. Tikinti xərcləri ən aşağı, enerji və resurs səmərəliliyi ən yüksək səviyyədə saxlanılmalıdır. Materialın isə uzun müddət yararlı vəziyyətdə qalması ön planda tutularaq dizayn edilməlidir.

Fərid müəllim, tələbələrimizin təəssüratları olduqca maraqlıdır. Müəllim kimi siz necə düşünürsünüz, bu konqres AzMİU-nun memarlıq üzrə təhsil prosesinə necə təsir edəcək?

Fərid Kərimov: Çox gəzən çox görər, çox bilər. Memarlıq elə bir sahədir ki, burada görmək, gəzmək çox önəm daşıyır. Bunlar hər biri memarın işində özünü göstərir. Bu nüansları nəzərə alsaq, konqresin əhəmiyyəti biz memarlar  üçün çox böyükdür. Bizim müəllim heyətinin konqresdə əldə etdikləri bilikləri sonra gəlib tələbələrə çatdırması çox vacib bir məsələdir. Bu baxımdan AzMİU rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, müəllim və tələbələrimizin orda iştirakını təmin etdilər. Digər tərəfdən orda yer alan  panel çıxışlar həddən artıq maraqlı idi. Toxunulan mövzular günümüzlə səsləşir, memarlığın bir çox sahələrlə birgə inkişaf etdirilməsi məsələlərinə toxunulurdu. Məndən öncə də tələbələrimiz bu barədə danışdılar. Panel çıxışlar, konqresin mövzuları həddən artıq çox idi. Panel çıxışlar paralel şəkildə getdiyindən biz hamısında iştirak edə bilməsək də bacardığımız qədər qatılmağa çalışdıq.  Əlavə olaraq konqresin təşkil etdiyi turlar var idi. Biz onun birində iştirak edə bildik. 

 

Tələbələrimizlə birgə Danimarka memarlıq və dizayn muzeylərində olduq. Tarixi abidələri, tarixi məkanları gəzdik, bunlar tələbələrimiz üçün maraqlı idi. Bu bizim gələcək fəaliyyətimizdə mühüm əhəmiyyət kəsb edə bilər. Bir müəllim kimi tələbələrlə bir yerdə bu səfərdə olmağım xoş duyğular yaratdı. Tələbələrimizin konqresdə iştiraklarından razı qaldım. Onlar çalışdılar ki, maksimal dərəcədə bu fürsətlərdən yararlansınlar, daha çox görsünlər, bilik əldə etsinlər, öz sahələrində olan yenilikləri öyrənsinlər. Konqres inanıram ki, tələbələrimizin öz sahələrində bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli rol oynadı. Düşünürəm ki, tələbələrimiz orada  gördüklərini, müşahidə etdiklərini öz qrup yoldaşları, memar dostları ilə də bölüşəcəklər. Onlar üçün bunun böyük faydası olacaq. 

 

Konqresdə müzakirə olunan məsələlərdən nələr daha çox diqqətinizi cəlb etdi? Sizcə, Bakıda müasir memarlıq adı altında nələr etmək olar?

Ayməsey: Biz Kopenhagendə hava limanından çıxanda havanın çox təmiz olduğunu  müşahidə etdik. Bu mənə çox maraqlı gəldi. Öyrəndim ki, əsas səbəb bütün nəqliyyat vasitələrinin – maşınlar, tramvaylar və metroların elektriklə işləməsidir. Fabriklərin hamısında filterlər var. Həmin fabriklər atmosferə  karbon ötürmür, filterlər öz daxillərində saxlayır. Bu karbon tozları beton quyularda parlanılır. Mən sevinirəm ki, bu texnologiya hazırda ölkəmizdə də var. “Təmiz Şəhər”in Balaxanıda açdığı və yüksək texnologiyalarla işləyən  fabrikləri  Danimarkadakı fabriklərlə eyni  prinsiplə işləyir. 

Leyli: Dayanıqlılıq, davamlılıq önəmli bir mövzudur. Tək memarlıqda deyil ümumilikdə bütün sahələrdə. Çünki hazırda dünyanın üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişikliyi ilə bağlıdır. Dayanıqlılıq bununla mübarizə aparan əsas üsullardandır. Biz öyrəndik ki, daha çox dayanıqlılığı memarlıqda tətbiq etmək lazımdır. Bunun üçün daha az enerji sərfiyyatlı inşaat  məmulatlarından istifadə etmək vacibdir. 

Fərid Kərimov: Velosipedləri unutmaq olmaz, velosipedlərdən istifadə artıq dövlətin bir siyasətinə çevrilib. Konqresdə də qeyd edildi, 1960-cı il Kopenhagen şəhəri və bugünkü Kopenhagenin şəkilləri yan-yana qoyuldu.  Eyni küçənin vəziyyəti gözlər önünə gətirildi. Neçə illərin siyasəti nəticəsində həmin küçələr bu gün boşalıb. Maşınları velosipedlər əvəz ediblər. Ekologiyanı qorumaq məqsədi ilə velosipedlər üçün cığırlar yaradılır, məkanlar ayrılır, hər kəs üz tutduqları məkanlara velosipedlərlə gedirlər. Hava təmizlənir, yol boşalır, insanlar təmiz hava mühitində yaşayır. Bu işlər  sayəsində  insan yönümlü bir şəhər yaranıb. 

Ramid: Qeyd edim ki,  şəhəri gəzəndə gördük ki, bu prosesə tək memarlar və  bu sahədə işlər aparan şəxslər deyil ümumi xalq da öz töhfəsini verir. Onlar da tullantıları təmizləyir, tullantılardan nəsə dizayn etməyə çalışır. Bunu görmək bir turist kimi məni sevindirdi. Onlar bu yolla dünyaya təbiəti qoruyaq, memarlığı qoruyaq mesajı ötürürdülər.