Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 15:50:00
“Brend tələbə” hədəfini açıqladı: Avropa ölkələrində təhsil almaq - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Bakı Slavyan Universitetinin (BSU) III kurs tələbəsi Nuray Orucovadır. 

 

 - Özünüzü oxuculara necə təqdim edərdiniz?

 

 - Mən - Orucova Nuray Ramazan qızı. Bakı Slavyan Universitetinin Tərcümə fakültəsində, tərcümə - ingilis/Azərbaycan dili üzrə ixtisasın 3-cü kurs tələbəsiyəm. Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edirəm.

 

 - Universitetdə daha hansı fəaliyyətləriniz var?

 

 - Universitetə daxil olduğum ilk il distant təhsil almağımıza baxmayaraq, təşkil olunan onlayn görüşlər, tədbirlər hər zaman maraq dairəmdə olmuşdur. Daha sonra əyani təhsilə qayıtdığımızda universitetdaxili tədbirlərdə iştirak etmiş, həmin tədbirlərin təşkilində aktiv fəaliyyət göstərmişəm. Tələbə Gənclər Təşkilatlatının aktiv üzvləri sırasına qatılmağım isə 2021-ci ilə təsadüf edir. Bir müddət sonra BSU TGT “Cinema klub” sədr müavini olaraq fəaliyyət göstərmişəm. Yenicə sonlandırdığımız tədris ilinə isə abituriyentlərin qəbulunda könüllü aktiv fəaliyyət göstərərək başlamış, daha sonra aktiv fəaliyyətimi genişləndirib davam etdirmişəm.

 

-  Sizin fikrinizcə, ən böyük uğur nədir?

 - Uğur özü subyektiv bir anlayışdır, hər kəs üçün onun tərifi bir cürdür. Mənim fikrimcə, ən böyük uğur insanın əldə etmək istədiyi nailiyyətə qərar verib, əsas prioritetləri müəyyən etməsi və bu yolda duyğularını ayrı tuta bilməsidir. Bu nailiyyətə çatdıqda isə geriyə dönüb baxdığında özü ilə qürur duya bilir və xoşbəxt hiss edirsə, bu o deməkdir ki, uğuru tapıb..

 

 - Universiteti və ixtisası seçərkən ən çox hansı nüanslara diqqət yetirmişdiniz?

 

 - “Mən özümü bu sahədə bir peşəkar kimi görə bilirəm?” - bu sual ixtisas seçimimdə böyük rol oynayırdı. Təxmin edilə biləcəyi kimi cavab müsbət idi və bir dilçi olmağı seçmişdim. Eyni zamanda, həyatın reallıqlarını da nəzərə almaq lazım idi, qərar verəcəyim ixtisasa tələbatın olması da bu qərarı verməyimdə müəyyən dərəcədə rol oynamışdı.

 

 - Şəxsi inkişafınız üçün üstünlük verdiyiniz məşğuliyyət növləri varmı?

 

- Bəli var. Şəxsi inkişafım üçün daim fikirlərinə dəyər verdiyim şəxslərin təlimlərində iştirak edir və mütləq kitablarını oxuyuram. Şəxsi inkişaf  üçün mütləq şəkildə insan psixologiyasından xəbərdar olmalıyıq. Mən mütəmadi şəkildə psixologiyanı araşdırıram. Eyni zamanda, ”Sağlam bədəndə sağlam ruh olar” fikri hər zaman həyatımın mərkəzində olub. Badminton, voleybol, basketbol, tennis vaxtaşırı məşğul olduğum idman növləri sırasındadır. Mütəmadi olaraq isə üzgüçülüklə məşğul oluram.

 

- Bir çox hobbinizin olduğunu qeyd etmişdiniz. Bu qədər şeyi necə çatdırırsınız?

 

- Hamısı vaxtı düzgün idarə etməklə bağlıdır. Bir günü başa vurmazdan əvvəl mütləq həmin növbəti günü planlayıram. Əvvəlcədən planını qurmadığım günlərim isə çox vaxt qarışıqlıqdan ibarət olur. Bir gün ərzində hər kəsin 24 saatı var, bu vaxtı düzgün bölmək və idarə etmək isə insanın özündən asılıdır.

 

- Məlumdur ki, universitetinizdə aktiv tələbə olaraq seçilmisiniz. Digər tələbələrdən fərqlənmək necə bir hissdir?

 

- Bəlkə də bir az təvazökarlıqdan kənara çıxacaq, az əvvəl qeyd etdiyim kimi, geri dönüb baxdığımda qürur duya bilirəm. Düşünürəm ki, universitetə hər kəs sıfırdan başlayır, müəyyən mənada fərqlilik göstərib digər tələbələrə nümunə ola bilmişəmsə, nə xoş mənə.

 

- Şəxsi ehtiyaclarınızı ödəmək üçün ailədən dəstək alırsız, yoxsa işləyirsiz?

 

- Qazandığım təqaüddən başqa ehtiyaclarımı ödəmək üçün ailəmdən dəstək alıram.

 

- Öz yaşıdlarınıza fəal olmaları üçün nə kimi tövsiyələr verərdiniz?

 

- Gənclərə bir neçə tövsiyə verə bilərəm. İlk olaraq heç nə üçün gec olmadığını bilsinlər. Hər zaman yeni bir addım atmağa imkan var, yeni kiçik addımlar böyük dəyişikliklərin başlanğıcı olacaq. Daha sonra yeni biliklər qazanıb, savadlı olmaq lazımdır. Necə deyərlər “Bilgi gücdür” və bu biliklər fəal həyatınızda bir çox vəziyyətdə sizə kömək edəcək. Son olaraq könüllü faliyyətində olub, nüfuzuna güvəndikləri könüllü təşkilatlara üzv olsunlar, mütləq beynəlxalq elmi-seminarlara, konfranslara qatılsınlar. Universitetdən sonraki həyata tələbəlik illərində hazırlıq görməli olduğumuzu unutmamalıyıq.

 

 - Gələcək üçün ən böyük hədəfiniz nədir?

 

 - Mənim ən böyük hədəfim Avropa ölkələrində təhsil almaq, elmi cəhətdən yüksək səviyyəyə çata bilib daha sonra isə ölkəmə qayıdaraq burda biliklərimi tətbiq etməkdir. Bunun üçün çalışıram.