Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 15:20:00
MİQ-də iştirak edən gözdən əlil namizəd: “Özümü yoxlamaq üçün getmişdim”

Dünən müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanlarında ibtidai sinif üzrə namizədlərdən birinin görmə məhdudiyyətli olması sosial şəbəkələrdə maraq doğurmuşdu. Həmin namizədə imtahanda suallarla tanış olması üçün Elm və Təhsil Nazirliyinin əməkdaşı yardım göstərib.

 

AzEdu.az saytı müəllimliyə imtahan vermiş həmin şəxsi - Elvin Nadirlini axtarıb tapdı. Onunla qısa söhbəti təqdim edirik:
 

- İmtahan necə keçdi?
 

- Elm və Təhsil Nazirliyi tərəfindən mənə oxuyucu təyin olunmuşdu. Bəzən təyin olunan şəxs nazirliyin işçisi olur, bəzən is könüllü. Nazirliyin işçisindən razı qaldım, mükəmməl oxuyurdu.

 

- İmtahanda ilk dəfə idi ki, iştirak edirdiniz?

- İlk dəfə 1 il öncə imtahan vermişdim. O zaman balım yaxşı idi, işə də təyin olunmuşdum çalışırdım. Daha sonra 57-ci maddəyə əsasən, gözdən əlil şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması qadağan olundu, bir çoxları kimi mən də işdən çıxarıldım.
Builki nəticəm müsabiqədə iştirak etməyimə imkan vermir. Gələn il yenidən imtahan verməyi düşünürəm.

 

- İmtahana necə hazırlaşmışdınız?

 

- Bu dəfə imtahana hazırlaşmamışdım. Özümü yoxlamaq üçün getmişdim. Ona görə də nəticəm aşağı oldu. Onsuz da bizim məktəbdə - Gözdən Əlil Uşaqlar Üçün Xüsusi İnternat məktəbdə vakansiya yoxdur. Orada artıq tam görənləri işə götürürlər, biz qalmışıq kənarda.

 

- Bəs hansı məktəbdə çalışmaq istərdiniz?

 

- İbtidai sinif müəllimiyəm. Bu ixtisas üzrə təhsil almışam və işim yazı-oxu ilədir. Buna görə də mən məcburam ki, başqa məktəbdə yox, sırf öz məktəbimizdə işləyim. Çünki orada xüsusi olaraq Brayl əlifbası tədris olunur. Ancaq mənim sinif yoldaşlarım var, filologiya, tarix, Azərbaycan dili və ədəbiyyat müəllimliyini bitirib. Onlar başqa məktəblərdə işləyirlər. Bakıya balı çatmayıb dağ kəndinə dərs deməyə gedən də olub ki, biz bunun da öhdəsidən gəlirik. Sadəcə, indi  həm səhhətim imkan vermir, həm də gərək uzaq yerə getsəm, kimsə mənimlə qalsın. Yaxın yerlərə isə özümüz taksi ilə rahat tək gedib-gələ bilirik.

 

- Tədris müddətində hansısa çətinliklə üzləşmisinizmi?

 

- Xeyr, heç bir çətinliklə qarşılaşmamışam. Əksinə, biz həmişə Elm və Təhsil Nazirliyinə deyirdik ki, istəyirlərsə, gəlib dərslərimizdə iştirak edə bilərlər, necə ki, məktəbin rəhbərliyi tədrisimizi izləyib razı qalıb.