Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 10:30:00
MİQ-in rekordçu müəllimi: “Tanrı çəkilən əziyyəti mükafatsız qoymaz” - MÜSAHİBƏ

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində fizika fənni üzrə ən yüksək nəticəyə imza atan namizəd Fikrət Abdulov olub.

O, 93,75 balla fizika fənni üzrə namizədlər arasında rekordçudur.

 

AzEdu.az saytı Fikrət müəllimlə əlaqə saxlayaraq, ondan imtahan təəssüratlarını öyrənib:

 

- İmtahan haqqında təəssüratınız maraqlıdır...

 

 - Öncə onu vurğulayım ki, müəllimlərin imtahanla seçilməsinin tərəfdarıyam. Bəzən haqsız iradlar eşidirik ki, məgər nazirlik öz verdiyi diploma inanmır ki, müəllimləri imtahan edir? Təəssüf, bu irad haqlı hesab oluna bilməz. Çünki mövcud vakant yerlərə bir çox namizəd düşmək istəyir ki, ədalətli seçimi yalnız imtahanla etmək mümkündür. Müəllimlərin işə qəbul imtahanı hər il daha da təkmilləşdirilir. Şəffaflıq və obyektivlik baxımından həm şübhələr azalır, həm də prosesin özü daha da təkmilləşir. Bu il də imtahanların təşkilini yüksək qiymətləndirirəm. Təbii, çatışmazlıqlar da yox deyil, amma onların da aradan qalxacağına inanıram.


 - İlk imtahanınız idi? 

 

 - Xeyr, bu mənim ilk imtahanım deyildi. Qeyd edim ki, 2021-ci ildə də MİQ imtahanında iştirak etmişdim. O zaman maksimum bal 60 idi. Onda 60-dan 44 bal toplamışdım. İxtisas suallarımın hamısını dəqiq bilsəm də, 40-dan 35-i düz çıxmışdı. 5 hesablama səhvi mənə pis təsir etmişdi. Mən anladım ki, heç kəsə səhvi mexaniki etdiyimi və sualların cavabını bildiyimi isbat edə bilmərəm. Çünki hər kəsin reallığa, gördüyü nəticəyə inanmaq haqqı var. Sadəcə, bunu nə vaxtsa isbat edəcəkdim. O da bu ilə qismət imiş.


- Bu belə yüksək nəticəni gözləyirdiniz?

 
- Rekord nəticələr heç zaman təsadüf olmur. Bu qanunauyğunluqdur. Təbii ki, gözləyirdim. 2013-cü ildən aktiv pedaqoji fəaliyyətlə məşğulam. Həvəsləndirmə tətbiq edilən ucqar kənd məktəbindən tutmuş, nazirliyə tabe olan lisey və gimnaziyalarda, eləcə də, hazırlıq kurslarında çalışmışam. Son iki il isə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə çalışırdım ki, bu iki ildə hazırladığım şagirdlər Respublika Fənn Olimpiadasında 2 qızıl, 3 bürünc olmaqla 5 medal qazanıb. Belə olan halda, özüm niyə rekord nəticə göstərməyim ki? Mən bunu təcrübəmə borcluyam. 


 - Səhvləriniz nələr idi?
 

- Bu il səhvlərim metodika suallarından olduğunu düşünürəm. İmtahanı 15-20 dəqiqə tez tərk etdiyimdən səhvlərimə baxmadım. Ancaq 60 sualdan 55-nin düz, 5-nin səhv olduğunu bildim. Belə də ki, o insan heç səhv etmirsə, deməli o heç nə etmir. Dostlar zarafatca deyir ki, 100 bal olsaydı, göz dəyərdi, belə yaxşıdır.


- İmtahana repetitorla hazırlaşmışdınız, yoxsa özünüzə güvənmişdiniz?

 

- Əlbəttə, özüm hazırlaşmışdım. Mən müəllimlərin hazırlığa üz tutmasını tam anlaya bilmirəm. Bəli,  universiteti neçə ildir bitirənlər ola bilər, öyrəndiklərimiz yadımızdan da çıxa bilər. Əsas olan öyrənməyi öyrənməkdir, bu bacarığa malik olan hər kəs müstəqil hazırlaşa bilər.


- Hansı məktəbi seçməyi planlaşdırırsınız?


- Hələ vakansiyalar elan olunmadığından dəqiq bir söz deməyə çətinlik çəkirəm. Mən Bakıda doğulub, boya-başa çatmış, "Sona Tağıyeva məktəbi" kimi tanınan 190 nömrəli məktəbin məzunuyam. Eləcə də BDU-nun həm bakalavr, həm magistratura pilləsini bitirmişəm. Bütün həyatım Bakı ilə bağlı olsa da, 2013-cü ildə H2 tətbiq olunan, ucqar dağ məktəbində gedib işləmişəm. Yəni özümü o mərhələni keçmiş sayıram. İndi isə Bakıda olmaq şərti ilə mənə ideyalarımı həyata keçirməyə imkan verən, fəaliyyətimi məhdudlaşdırmayan məktəbdə işləmək arzusundayam. Qismət...



- Son olaraq imtahanda iştirak edəcək müəllimlərə yüksək nəticə əldə etmələri üçün tövsiyələriniz nələrdir?

 

- Əvvəla, növbəti ildə MİQ-də iştirak edəcək bütün müəllimlərə uğurlar arzu edirəm. Yüksək nəticə təsadüfi olmur, bu ya təcrübə hesabına olur, ya da özünü tam hazırlığa yönəldib, gecə-gündüz oxuyub, zəhmət çəkməklə. Amma tövsiyəm odur ki, niyyətləri rekord nəticəyə imza atmaq olmasın, yaxşı müəllim olmaq olsun. Düzdür, yüksək hədəf insanı irəli apara bilir, amma yüksək hədəf insana  ciddi psixoloji gərginlik də yaşada bilir. Ona görə öz ruhlarını tanıyıb, özlərinə uyğun hazırlaşsınlar. Məqsədləri öyrənmək, ixtisaslarını daha yaxşı bilmək olsun, hazırlıq prosesindən zövq ala bilsinlər. Tanrı çəkilən heç bir əziyyəti mükafatsız qoymaz.