Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 17:33:12
ADNSU-da rektor vəzifəsi Vazeh Əskərova həvalə olundu

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub.

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.


Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004–2007-ci illərdə Fransanın Marc Bloch Universitetində 2 magistr, 2007–2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona Strasburq Universitetinin doktoru elmi dərəcəsi verilib.  


Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov Azərbaycan diasporunun fəallarından biri kimi tanınıb. 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasının (ASEAF/FATA) sədri, həmin  ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olub.


Əmək fəaliyyətinə 2001-2003-cü illərdə yerli və beynəlxalq şirkətlərdə çalışmaqla başlayan Vazeh Əskərov Fransada təhsil aldığı 2003-2013-cü illərdə akademik fəaliyyətlə məşğul olub. 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-2023-cü illərdə UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.


Vazeh Əskərov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.