Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 14:45:00
MİQ imtahanı: “Ölkə birincisi olacağımı deyəndə gülürdülər” - MÜSAHİBƏ  

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində fiziki tərbiyə fənni üzrə ən yüksək nəticəyə xanım namizəd imza atıb.

Bu, regionda yaşayan müəllimliyə namizəd Türkan Həsənovadır. O, 88,75 balla fiziki tərbiyə fənni üzrə namizədlər arasında rekordçu olub.

 

AzEdu.az saytı Türkan Həsənova ilə əlaqə saxlayaraq, ondan imtahan təəssüratlarını öyrənib:

 

 - İmtahan haqqında təəssüratınız necədir?

 

 - İmtahanla bağlı çox gözəl təəssürlarım var. Çox sevincliyəm. Bu il Gəncə dövlət Üniversitetinin nəzdində Regional Kollecin məzunu olmuşam, MİQ-də ilk dəfə idi iştirakım edirdim.

  

 - Bu nəticəni gözləyirdiniz?

 

 - Bəli, bu nəticəni gözləyirdim və mən hazırlaşdığım ilk gündən respublika birincisi olmaq istədiyimi hər kəsə söyləmişdim. Hətta mənə gülənlər belə olmuşdu, lakin məni imtahanlara hazırlaşdıran Murad müəllim buna inandı. O da məndən bu nəticəni gözləyirdi. Birinci olmaq mənim hədəfim idi -  qarşıma respublika birincisi adını qazanmağı məqsəd qoymuşdum. Hədəfə çatmaq üçün çox çalışdım.

 

- Hansı suallarda səhv etdiniz?

 

 - İxtisasdan 38 düzüm, 2 səhvim var. Səhvlərimin 1-i mənəvi-iradi xüsusiyyətlərdən, biri isə idman oyunlarından idi. Kurikulumdan 15 düzüm oldu.

 

 - Hansı məktəbi seçməyi planlaşdırırsınız?

 

  - Gəncə və Göygöl məktəblərində fəaliyyət göstərmək istəyirəm.

 

 - Hicablı fiziki tərbiyə müəllimi olaraq heç problem yaşamısınız?

 

 - Hicablı olduğuma görə heç bir problem yaşamamışam, əksinə, müəllim və yoldaşlarımdan çox gözəl münasibət görürdüm, mənə hörmətlə yanaşırdılar. Mənə dəstək olan ailəmə - atama, anama, nənəmə, yoldaşıma, qızıma, bacılarıma, qardaşıma, müəllimlərimə, xüsusən də, məni MİQ-ə hazırlaşdıran Murad müəllimə təşəkkür edirəm. 

 

- Son olaraq, imtahanda iştirak edəcək müəllimlərə yüksək nəticə əldə etmələri üçün tövsiyələriniz nələrdir?

 

- Tövsiyəm ondan ibarətdir ki, insan qarşısına hədəf qoymalı və ona çatmaq üçün çalışmalıdır. Təkcə istək yox, istəklə bərabər əzmli, təkidli olmaq lazımdı. Strategiya qurub oxumaq lazımdır. Mən strategiyama uyğun olaraq həftənin bir günü bütün öyrəndiklərimi təkrar edirdim. Təkrar biliyin anasıdı.