Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 10:07:56
MİQ-də kurikulum sualları imtahandan çıxarılır? - Mühüm AÇIQLAMA  

İyulun 11-dən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları başlayıb. İmtahandan çıxan əksər müəllim sualların olduqca çətin olduğunu vurğulayıb. Xüsusilə kurikulumdan çətinlik çəkdiklərini iddia ediblər.

 

MİQ imtahanının çətinlik səviyyəsi ilə bağlı AzEdu.az-a danışan Elm və Təhsil Nazirliyinin yanında ictimai şuranın üzvü İlqar Orucov imtahan suallarının çətin olmadığı, əksinə, zaman-zaman daha da çətinləşdirilməli olduğu qənaətindədir:

 

“Biz MİQ imtahanlarında Elm və Təhsil Nazirliyinin yanında ictimai şuranın üzvü  olaraq daimi iştirak edir, müşahidə aparırıq və müəllimlərin fikirlərini öyrənirik. MİQ imtahanları başlamamış bütövlükdə bununla bağlı prosesi izləyirik. İmtahanlar barədə ictimai müzakirə təşkil edib, müəllimlərin və imtahan verənlərin fikirlərini öyrənmişik.

 

Təbii, zamanla bağlı müzakirələr var idi və artıq o problem həll olunub. Bunun müəllimərin işə qəbulu imtahanı olduğunu nəzərə alsaq, sualların yumşaldılması yox, sualların daha da ciddiləşdirilməsinə ehtiyac olduğunu düşünürəm. Əlbəttə ki, təhsil və elm adamı olaraq deyə bilərəm ki, suallar heç də çətin deyil. Bunu imtahanları keçən şəxsin ömür boyu müəllim işləyəcəyini nəzərə alaraq deyirəm.

 

Necə düşünürsünüz? Hər əlində diplom olanı müəllim olaraq işə götürmək olarmı? Düşünürəm ki, bu mümkünsüzdür. Ona görə də müəllimlərin işə qəbulunda sualların hansı çətinliyindən söhbət gedə bilər? Bu suallar nəyin əsasında tərtib olunur? Bunu araşdırsaq, görəcəyik ki, suallar heç də çətin deyil”. 

 

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

İ.Orucovun fikrincə imtahana kölgə salmağa çalışan insanlar hazırlığı olmayan müəllimlərdir:
 

 

“MİQ imthanlarında kurikulum sualları imtahandan çıxarıla bilməz. Düşünürəm ki, imtahanda kifayət qədər yüksək bal toplayaraq müəllim adına uyğun namizədlər var. İmtahan sualları çətin olsaydı, yüksək bal toplayanlar olmazdı. İmtahana kölgə salmağa çalışan insanlar hazırlığı olmayanlardır.

 

Məktəblərə müəllim olaraq təyin ediləcək insanlar üçün tələblərin asanlaşdırılması mövzu ola bilməz. Müəllim öz sahəsində kifayət qədər savadlı və müəyyən bacarıqlara malik olan şəxs olmalıdır. İmtahanda yüksək uğur qazanan müəllimlərin olması imtahanın çətin olmadığını göstərir”. 

 

Ekspert son olaraq imtahanla bağlı məsələlərdə doğru yolda olduqlarını deyərək,fikirlərini yekunlaşdırıb: 

 

“İmtahanlar peşəkar şəxslər tərəfindən hazırlanır. Suallar çətin deyil, hətta düşünürəm ki, zaman-zaman suallar çətinləşdirilməlidir”.