Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 14:14:00
ABŞ eks-prezidentinin təltif etdiyi lənkəranlı qız - DOSYE

Yaşadığı şəhərdə Azərbaycan mədəniyyətini tanıtdığına və könüllülük fəaliyyətinə görə ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən "Prezidentin fəxri döş nişanı" ilə təltif edilən Qərənfil Həsənovanı tanıyaq.

 

AzEdu.az xəbər verir ki, Həsənova Qərənfil Vaqif qızı 1991-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub.

 

Orta təhsilinə xüsusi imtahan verərək birbaşa II sinifdən başlayıb. Əvvəlcə, Veravul 2 nömrəli tam orta məktəbində, daha sonra Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb. 2007-ci ildə isə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyi bitirib.

 

Q.Həsənova ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramını qazanaraq 2007-2008-ci tədris ilində Pensilvaniya ştatında "New Oxford High School"da XII sinifdə təhsil alıb. O, yaşadığı şəhərdə Azərbaycan mədəniyyətini tanıtdığına və könüllülük fəaliyyətinə görə ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən "Prezidentin fəxri döş nişanı" ilə təltif edilib.

 

Qərənfil 2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (indiki UNEC) beynəlxalq Münasibətlər və iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. 2013-2015-ci illərdə isə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində "İctimai İdarəetmə" ixtisası üzrə magistr təhsili alıb. Hazırda Amerikanın dünyaca tanınmış "Blackstone" şirkətində çalışır. Azərbaycan, ingilis, türk, rus və fransız dillərində sərbəst danışır.