Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 10:22:00
Şagirdlər yay tətilində oxu vərdişini necə qorumalı? - Yol göstərildi  

 

“Onlara Qəşəm İsabəyli, Aləmzar Əlizadə, Əfsanə Laçın, Sevinc Nuruqızı və Reyhan Yusifqızının kitablarını tövsiyə edərdim”

 


Bildiyimiz kimi, şagirdlər yay tətilinə çıxdılar. Əlbəttə, istirahət öyrəncilərin yeni dərs ilinə dinamik enerji ilə başlaması üçün vacibdir. Amma bu, o anlama gəlmir ki, onlar tətil boyu kitabdan, yazıb-oxumaqdan uzaq düşüb, oxu vədişini itirməlidirlər. Bəzi ekspertlər də iddia edirlər ki, şagirdlər beyinlərinin passivləşməməsi üçün bəzən dərs təkrar edə, nağıllar oxuya, yay məktəblərinə müraciət edə bilərlər.

 


Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin uşaq şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə bildirib ki, uşağa təzyiq göstərmək olmaz, onlara bilik əyləncə ilə öyrədilməlidir:

 

“Mənə elə gəlir ki, yay tətilində daha çox əyləncə xarakterli oyunlar əsas götürülməlidir. Belə oyunlar zamanı uşaqlar həm dincəlir, həm də öyrənirlər. Ancaq şagirdin üzərində dərs oxuması üçün təzyiq olanda, onlar daha çox sıxıntıya məruz qalırlar. Bu halda onlarda təhsilə, bilik öyrənməyə qarşı əks münasibət formalaşır. Ona görə də hər şey əyləncəli olmalıdır ki, uşaqlar ona maraq göstərsinlər və öz həvəsləri olsun.

 

Açıklama yok.

 

Mənə elə gəlir ki, uşaq, oyun və məşğələ sözü qrammatik cəhətdən olmasa da, məna nöqteyi-nəzərdən sinonimdir. Əgər Elm və Təhsil Nazirliyinin, məktəblərə dəstək fondları və ya başqa hansısa təşkilatlar cizgi filmləri, kitablar, nağıllar hazırlayıblarsa, onlar uşaqlara verilməlidir ki, yay müddətində məşğul olsunlar. Kompüter vasitəsilə də qeyd etdiyim materialları əldə edə bilərlər. Onlara Qəşəm İsabəyli, Aləmzar Əlizadə, Əfsanə Laçın, Sevinc Nuruqızı və Reyhan Yusifqızının kitablarını tövsiyə edərdim.

 

Əgər yay məktəblərində məcburiyyət olursa, bu, uşaqlara qarşı bir psixoloji təzyiqdir ki, sonralar bunun travmasını yaşayırlar. Ümumiyyətlə, uşağa təzyiq etmək olmaz. Təzyiq edərsək, bunun çox böyük ziyanın şahid ola bilərik. Travma ilə yaşayan uşaqlar onun nəticəsini ən ağır şəkildə görürlər. Uşaqlar mütləq sərbəst olmalıdır ki, onlar uşaq həyatlarını yaşasınlar”.