Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 10:13:00
Bütün müəllimləri 1 ildə sertifikasiyadan keçirmək olmazmı? - Nazirdən CAVAB

“Biz dövlət qurumuyuq, işimizi planla aparırıq, ictimai rəylə yox”.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzEdu.az-ın "Bütün müəllimləri 1 il ərzində sertifikasiyadan keçirmək olmazmı" sualını cavablandırarkən deyib:

 

“11 ay bundan qabaq hər kəs deyirdi ki, sertifikatlaşdırma etməyin, amma indi hamı soruşur ki, nə oldu, bizi nə vaxt sertifikasiyadan keçirəcəksiniz? Biz dövlət qurumuyuq, işimizi planla aparırıq, ictimai rəylə yox. Burada maliyyə yükü nəzərə alınmalıdır. Diaqnostik qiymətləndirmə də təxminən 5 il müddətində həyata keçirildi (2014-2018). Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin əməkhaqıları artdı və biz saat bölgüsü də etdik. Bu çox vacib bir islahat idi. Setifikasiya da diaqnostikanın ikinci mərhələsidir. Burada biz bütün fənn müəllimlərini mərhələli şəkildə sertifikatlaşdıracağıq. Bu məqamda ədalət pozulmur, çünki bu, hər bir müəllim üçün 5 ildən bir olan prosesdir. Biz hər il üçün müəyyən çərçivə tərtib edirik. Məsələn, Azərbaycan dili müəlimləri üçün daha çox oxuma üzrə, ibtidai sinif müəllimıləri üçün isə başqa bir məqam qabardılacaq. Biz bu işi dünyadakı trendlərə uyğun aparacağıq.

Hazırda, hər il 30 min müəllimin sertifikasiyaya cəlb olunmasına nail ola bilirik. Bu nöqteyi-nəzərdən ümumi presesi 2-3 il ərzində yekunlaşdıra biləcəyimizi düşünürəm. Artıq 38 min müəllim imtahan verib, növbəti dəfə də hər il 35 min olmaqla prosesi 2027-ci ilə kimi bitirə biləcəyik.

Ancaq bu prosesi birdən-birə həyata keçirmək o qədər də asan deyil... Bu, tədricən olan ağır, elə də asan olmayan prosesdir. O ağrını birdən-birə çıxarmaq yox, addım-addım etmək lazımdır. Düşünürəm ki, biz ikinci yolu seçmişik və bir o qədər də səhv etməmişik”.