Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 09:29:00
Deputat sertifikasiyaya görə hazırkı maaş artımını ədalətli SAYIR

Son zamanlar təhsil işçilərinin ən çox müzakirə etdiyi mövzulardan biri sertifikasiyadan keçən müəllimlər üçün nəzərdə tutulmuş əmək haqqı artımı ilə bağlıdır.

 

Belə ki, sertifikasiyanın test imtahanlarından 30-50 bal toplayan müəllimlərin maaşı 10 faiz, 51-60 bal toplayanlarınkı isə 35 faiz artımla veriləcək ki, bu da əksər təhsilverənlər tərəfində narazılıqla qarşılanır. Müəllimlərin böyük əksəriyyəti maaşa əlavənin belə hesablanmasını ədalətsiz bölgü hesab edir.


Bu səbəbdən əmək haqqı artımının imtahanda toplanılan bala görə hesablanmalı olduğu vurğulanır və artıq müxtəlif təkliflər də irəli sürülüb.

 

Deputat Vüqar Bayramovun təklifinə əsasən, sertifikasiyadan keçən müəllimlərin əmək haqqı bu bölgüyə əsaslanmalıdır:

 

- 30-35 bal toplayanlar üçün 10 faiz;
- 36-40 bal toplayanlar üçün 15 faiz;
- 41-45 bal toplayanlar üçün 20 faiz;
- 46-50 bal toplayanlar üçün 30 faiz;
- 51-55 bal toplayanlar üçün 35 faiz;
- 56-60 bal toplayanlar üçün 40 faiz.

 

Milli Məclisin digər deputatı Kamilə Əliyeva isə AzEdu.az-a açıqlamasında həmkarı ilə razılaşmayıb və mövcud qaydanın ədalətli olduğunu bildirib:


 

“İlk növbədə qeyd etmək istəyirəm ki, sertifikasiya imtahanından keçən müəllimlərin əmək haqlarına müvafiq qaydada 10 faiz və 35 faiz əlavə verilməsini dəstəkləyirəm. Bu, çox ədalətli bir prinsipdir. Hər birimiz əlbəttə istəyərik ki, müəllimlərin maaşı daha çox olsun. Lakin onlar çox çalışaraq, yüksək bal toplamaqla daha çox əmək haqqı ala bilərlər. O ki qaldı, deputat Vüqar Bayramovun təklifinə, əlbəttə ki, buna da hörmətlə yanaşıram. Qeyd etmək istəyirəm ki, onun irəli sürdüyü təklif özünün  subiyektiv yanaşmasıdır.

 

Hər bir millət vəklili sertifikasiya ballarına görə maaş bölgüsünü öz şəxsi yanaşmasına uyğun söyləyə bilər. Amma bir nüansı da nəzərə almaq lazımdır, bilirsiniz ki, hər il Elm və Təhsil Nazirliyinə büdcədən müəyyən məbləğdə vəsait ayrılır. Və yəqin ki, Elm və Təhsil Nazirliyi də büdcədən onlara ayrılan vəsaiti nəzərə alıb mövcud bal bölgüsünü qərarlaşdırıb. Onlar büdcədə olan rəqəmlərə söykənərək, 10 və 35 faizlik artımı tərtib ediblər. Aydın məsələdir ki, əmək haqlarının mövcud bölgüsü büdcədən ayrılan vəsaitlə bağlı problemlər yaranmasın deyə, nəzərə alınıb. Yenə də qeyd edirəm ki, bu bölgünün ədalətli olduğunu düşünürəm. Və müəllimlər öz üzərilərində daha çox çalışmalıdırlar ki, yüksək bal toplasınlar”.