Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 16:42:12
Azərbaycanın diaspor işi indi daha mütəşəkkildir

5 iyul tarixi Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma günüdür. Qurumun fəaliyyətə başlamasından 21 il keçir. Komitə həmin tarixdən bəri xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun təşkilatlanmasında, vahid struktur kimi formalaşmasında mühüm rol oynayıb. Məhz bu qurumun koordinasiyası nəticəsində Azərbaycan diasporu sistemli şəkildə fəaliyyət göstərir və böyük uğurlara imza atır.  


Vətəndən kənarda yaşayan soydaşlarımızın birləşməsi, onların Azərbaycan üçün səylə və həvəslə çalışması, həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi çox böyük işlər görüb. Haqqında bəhs etdiyimiz dövlət qurumu rəsmən 2002-ci ildə yaradılsa da, onun əsası 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında qoyulub.  


AzEdu.az saytı Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yeritdiyi siyasət, gənclərlə iş, həyata keçirilən layihələr, çıxışlar və bunların əhəmiyyəti haqqında Milli Məclisin deputatları və diaspor işi üzrə tədqiqatçı ekspertin fikirlərini öyrənib.

 

No description available.


“Azərbaycanın maraqları beynəxalq aləmdə qorunur”
 


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirib ki, diaspor işi on illər ərzində Azərbaycanın beynəxlaq aləmdə maraqlarının, mövqeylərinin yayılması, siyasi kursunun irəliləməsi, xüsusi ilə də, Qarabağ məsələsi, Xocalı ilə bağlı kampaniyaların təşkilində önəmli rol oynayır:


“Əlbəttə ki, bu, hər ölkənin özünəməxsus xüsusiyyəti nəzərə alınmaqla həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu, asan sahə deyil. Çünki müxtəlif səbəblərdən, tarixin fərqli dövrlərində müraciət edən insanlarımızı vahid bir təşkilatda birləşdirmək çətin işdir. Məsələnin ikinci tərəfinə gəldikdə, burada dövlət, əlbəttə, maksimum dərəcədə çalışır ki, müxtəlif formalarda onlara təsir etsin və dil birliyi, ənənə, tarix və s. kimi ünsürlər əsasında onları həmişə bir arada saxlasın.

Ən başlıca məsələ odur ki, 30 il ərzində diaspor siyasətində, xüsusən də son illərdə Milli Məclisin üzvü kimi fəaliyyət göstərən və dövlətin əsas siyasi hədəflərini bilən Fuad Muradovun rəhbərliyi dövründə biz ona şahid olduq. Xüsusilə Vətən müharibəsi dövründə onlar vahid bir təşkilat kimi dünya üzrə "informasiya müharibəsi"ndə ermənilərin üzərinə yetərincə basqı edirdilər. Nəzərə almalıyıq ki, böyük fərqlər var. 1 il ərzində Amerikadan Avropa qitəsinə qədər geniş coğrafiyada, hətta Avstraliyada, Kanadada və digər ərzilərdə ermənilər özlərinə müəyyən mövqe qazanıblar, dövlət idarəetmə sisteminə yansıyıblar, maliyyə, bank və ümumilikdə iqtisadi sferada aparıcı mövqe qazanıblar. Bu şəraitdə heç şübhəsiz ki, onların qarşısında güc göstərmək, yaşanılan ölkədə siyasətçiləri, partiyaları, dövlət sisteminin özü ilə hesablaşdırmaq o qədər asan deyil. Xatırlıyırsınızsa, Vətən müharibəsi dövründə ABŞ-ın ayrı-ayrı ərazilərində konsulluğumuza qarşı nələr yaşanırdı? Diaspor üzvləri çıxdı, orada öz etirazlarını səsləndirdi və daha sonra onlara qarşı basqılar edildi. Belçikada biz bunu gördük. Bu hal Fransada səfirliyimizə qarşı hücumlar vaxtı da özünü göstərdi. Diaspor işinin tam özünü açıq platformada deyil, bəzi hallarda idarəçiliyin qapalı və yaxud məxfi hissəsi də var. Ən başlıca məsələ Ulu öndər tərəfindən başlanan və möhtərəm cənab Prezident tərəfindən davam etdirilən bu siyasətdə artıq həm də Türk dünyası ilə birlik, dünya üzrə səpələnmiş türklərlə öz qüvvələrini və imkanlarını bir araya gətirmək sahəsində işlər görülüb. Məsələn, Niderlandda dəfələrlə keçirilən aksiyalar, qurultayların Bakıda təşkil olunarkən türk diaspor nümayəndələrini də burada olması qeyd etdiyim məsələlərə nümunədir. O cümlədən, artıq Qarabağ işğaldan azad olunandan sonra cənab İlham Əliyevin liderliyi altında Şuşada keçirilən qurultayı mütləq xatırlatmalıyıq. Müxtəlif millətlər içində itməsin, öz milli dəyərlərini qoruyub saxlasınlar deyə onların vətənimizdə hər zaman bağlılığı qorunub saxlanılıb. 

Yaxın əlaqələrimiz olduğu üçün deyə bilərəm ki, Diaspor Komitəsi fərqli ölkələrdə sorğular aparır, tədqiqatlar həyata keçirir. Bu insanları təşkilatlandırmaq, bir arada tutmaq üçün müəyyən işlər həyata keçirilir. İntriqalar, dedi-qodular, bir-birini həzm etməmək parçalanmalara səbəb olmasın”.

 

No description available.

 
“Xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılır” 

 

Deputat Musa Qasımlının fikrincə, Azərbaycanın diaspor quruculuğu ötən illərə nisbətdə daha mütəşəkkil olub:

“Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması xaricdə yaşayan azərbaycanlılarla işin sistemli şəkildə aparılmasına kömək etdi. Ötən müddət ərzində komitə səmərəli fəaliyyət göstərib. Azərbaycan diaspor quruculuğu daha mütəşəkkil olub. Diasporumuz Azərbaycan həqiqətlərinin qorunmasında, erməni yalanlarına qarşı mübarizədə böyük rol oynayıb. Keçirilən mitinqlər, elmi konfranslar ölkənin əleyhinə qarayaxmalar aparan erməni diasporunun fəaliyyətini məhdudlaşdırılmasında müəyyən rol oynayır”.

 

No description available.

 

“Tələbələrin, eləcə də gənclərin hüquqları müdafiə olunur”

 
“Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk qeyd edib ki, son 21 il ərzində Diaspor Komitəsinin gənclərlə bağlı siyasəti aktiv mərhələyə qədəm qoyub:

“Çünki gənclərsiz diaspor fəaliyyətini yürütmək qeyri-mümkündür. Bu gün Azərbaycan diaspor hərəkatının əsas aparıcı qüvvəsi gənclər olduğu üçün onlarla əməkdaşlığı daha da genişləndirmək lazımdır. Bu həm də zamanın tələbidir. Bu mənada Komitənin gənclər siyasətini müsbət dəyərləndirirəm. Keçirilən tədbirlər zamanı gənclərin fəal iştirakının şahidi oluruq. Ümumiyyətlə, gənclərlə bağlı fəaliyyət diqqətdə saxlanılmalıdır. Gənclərlə bağlı forumların təşkili Komitənin aktiv fəaliyyətindən xəbər verir". 

 
E.Eltürk deyib ki, Komitənin xarici ölkələrdə gənclərin hüquqlarının qorunması ilə bağlı atdığı addımları diqqətlə izləyir:
 

“Söhbətlər zamanı daim Komitənin əməkdaşlarının onlarla maraqlandıqlarını bildirirlər. Komitə vətənpərvərliklə bağlı da fəaliyyətini davam etdirir. Vətənpərvərlik insanın daxili ilə bağlı olacaq hisdir. Yay düşərgələrin təşkili, gənclərin Azərbaycana gəlməsi onu göstərir ki, Komitə onların vətənpərvər ruhda formalaşmasında maraqlıdır. Çünki onlar xarici ölkələrdə dünyaya göz açıblar. Vətənlə bağlılıq istənilən səviyyədə olmayıb. Yay düşərgələrin təşkili onlarla vətənə əlaqələrinin güclənməsinə yol açır. İstər Tovuz hadisələrində, istərsə də Vətən müharibəsində gənclərin rolu böyük idi. Yüzlərlə aksiyalar təşkil olundu. Prosesdə gənclərin rolu açıq görünürdü. Bu prosesdə Komitəsi əlaqələndirici funksiyasını uğurlu yerinə yetirirdi. Gənclərimizin vətənpərvərliyi, onların çevikliyi etirazların dinamik şəkildə davam etdirilməsinə böyük təsir göstərdi”.