Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 14:47:09
Azərbaycan-Gürcüstan universiteti yaradıla bilərmi? Deputatdan MÜNASİBƏT  

 

 

İyunun 25-də Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycandilli Məktəblərin Müəllimlərinin 1- ci qurultayı keçirilib. Bu qurultay Gürcüstanın müstəqillik illərində reallaşan 1 - ci qurultaydır. 

 

Qurultayda Azərbaycandilli məktəblərin durumu, pedaqoji kadrların çatışmazlığı, dövlət dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, Azərbaycan dili saatlarının yenidən 5 saata qaldırılması və digər məsələlər müzakirə olunub.

 

Bundan başqa, vacib xəbər odur ki, ortaq Azərbaycan-Gürcüstan universitetinin yaradılması təklifinin irəli sürülməsidi. Təkliflər Gürcüstan, eyni zamanda Azərbaycan hökumətlərinə təqdim olunacaq.

 

Təklifin əhəmiyyəti ilə bağlı AzEdu.az-a danışan millət vəkili, professor Musa Qasımlı ortaq universitetin yaradılması üçün qanunverici bazanın uyğun olmasını xüsusi olaraq qeyd edib:

 

 

“Ortaq universitetlərin yaradılması bir sıra şərtlərdən asılıdır. İlk növbədə belə bir sual verilməlidir: Hansısa ölkə ilə ortaq universitetin yaradılması zəruridirmi?

Əgər ehtiyac varsa, zəruridirsə, o zaman müəyyən addımlar atıla bilər. Ortaq universitetin yaradılması üçün qanunverici bazada uyğunluq olmalıdır. Əgər fərq varsa, universitetin yaradılması uzun zaman ala bilər. Gürcüstan bizimlə dost ölkədir. Geniş əlaqələrimizin arasında təhsil sahəsində əməkdaşlığımız da özünəməxsus yer tutur.

 

Amma düşünürəm ki, hər hansı bir təklif irəli sürülərkən onun yerinə yetirilməsi, yerli imkanları, səmərəliliyi, nəticələri nəzərə alınmalıdır”.