Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 10:40:00
MİQ imtahanları ilə bağlı vacib MƏLUMATLAR

Məlum olduğu kimi, bu il də dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının vaxtı da artıq məlumdur: müsabiqənin test imtahanları 11-15 iyul tarixinə nəzərdə tjutulub.

 

 

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda MİQ imtahanı verəcək müəllimlər üçün vacib məlumatlar öz əksini tapıb.

 

AzEdu.az həmin nüansları sizlərə təqdim edir:

 

- Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə bilər.

 

- Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər və məktəbə hazırlıq qrupları üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.

 

- Elm və Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili qaydası”na əsasən, dərnək rəhbəri yerli təhsili idarəetmə orqanı ilə razılaşdırmaqla məktəb direktorunun əmri ilə təyin və azad edilir.

 

- Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, müddətli müqavilə ilə işə qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

 

- Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız Müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

 

- Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

- Mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfındən həyata keçirilir.

 

- Ümumi təhsil müəssisələrində işə yeni direktor müavinlərinin (təsərrüfat işləri üzrə direktor müavinləri istisna olmaqla) qəbulu ümumi təhsil müəssisəsində müəllim işləyən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il fasiləsiz pedaqoji stajı olan şəxslərin vəzifədə irəli çəkilməsi, yaxud Təhsil Nazirliyinin razılığı ilə yerli təhsili idarəetmə orqanı tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.