Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-30 11:30:47
Nazir olub, atasından pul istəyən ilk təhsil nazirimiz – Nəsib bəy Yusifbəyli  

 

 Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Azərbaycan tarixində ən şərəfli dövrlərdən biridir. Bir sıra sahələrdə olduğu kimi, AXC dövründə milli təhsil sahəsində də qısa dövrdə xeyli işlər görülüb, milli təhsil sisteminin yaradılması istiqamətində uğurlu addımlar atılıb. Bu baxımdan, ümumi təhsil sahəsi ilə yanaşı, Azərbaycan təhsilinin və elminin sonrakı inkişafında misilsiz rol oynayan Bakı Dövlət Universitetinin yaradılmasını xatırlatmaq kifayət edər.

 

 

Ümumi təhsil sahəsində də Cümhuriyyətin yaradıcıları bir sıra sahələrin inkişafında qısa müddətdə xeyli işlər görüblər. Bütün bunları, eləcə də oxucularımız üçün maraqlı olacağını nəzərə alıb həmin dövrdə Azərbaycan təhsilinə rəhbərlik etmiş şəxsiyyətlərin həyat və fəaliyyətləri barədə qısa məlumat verməyi özümüzə borc bilirik.

Yuxarıda qeyd etdiyimiz kimi, AXC dövrü bir sıra strukturların yaradılması baxımından Azərbaycan tarixində mühüm dövrdür. Elə ilk Təhsil Nazirliyinin yaradılması və təhsil naziri vəzifəsi də dövlətçilik tariximizdə məhz Cümhuriyyətin adı ilə bağlıdır.

Beləliklə, Azərbaycanın tarixinə düşən ilk təhsil naziri AXC-nin qurucularından biri olan Nəsib bəy Yusifbəyli olub.

Gəncə şəhərində doğulan Yusifbəyli Nəsib bəy Yusif oğlu (1881-1920) 1918 il may ayının 28-də müstəqillik bəyannaməsini imzalayan 26 nəfərdən biri olaraq həm də həmin günlərdə yaradılan ilk hökumətdə Maarif və Dini Etiqad Nazirliyinin rəhbəri təyin edilir. 

 

Yusifbəyli 1902-ci ildə Rusiyadakı İmperator Novorosiyski Universitetinin hüquq fakültəsinə daxil olmuş, lakin həmin illərdə geniş yayılan inqilabi hərəkatlara görə universitet Çar Rusiyası tərəfindən bağlanmış və Nəsib bəyin təhsili yarımçıq qalıb.

 

Bundan sonrakı fəaliyyətini Nəsib bəy Kırımın Bağçasaray şəhərində, İsmayıl Qaspiralının dərc etdirdiyi  “Tərcüman” qəzetində davam etdirib. Burada həm də teatr sahəsində çalışıb.

1908-ci ildə İstanbula köçən Nəsib bəy publisistik fəaliyyətlə yanaşı, “Türk dərnəyi” cəmiyyətinin yaradılması ilə də məşğul olub. Burada İsmayıl Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə qurduqdan sonra 1909-cu ildə yenidən Gəncəyə qayıtmış, şəhər bələdiyyəsində çalışıb. Gəncədə yaşadığı dövrdə Nəsib bəy Yusifbəyli publisistik fəaliyyətini davam etdirmiş, müxtəlif ictimai işlərdə fəallıq göstərib.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində - maarif naziri, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin mart ayına kimi maarif və dini etiqad naziri olub.  N. Yusifbəyli sonrakı dövrdə Cümhuriyyətin Baş naziri və 1919-cu ilin iyun-dekabr aylarında daxili işlər naziri vəzifəsində çalışıb.

1920-ci il aprelin 27-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy də digər hökumət üzvləri kimi, ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək istəyib. Lakin 1920-ci il may ayının 31-də Bakıdan çıxıb gedərkən yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib.

 

 

 Nağı bəy Şeyxzamanlı “Azərbaycan İstiqlal mücadiləsinin xatirələri” kitabında Nəsib bəyin baş nazir olduğu günləri yada salıb.

AzEdu.az  atasının Nəsib Bəy Yusifbəyliyə məktubunun mətnini təqdim edir: 

 

- Azərbaycan Cumhuriyyətinin Əks-inqilab ilə mübarizə idarəsinin rəisliyinə hələ təyin olunmamışdım. Tez-tez Bakıya gedir və təbii ki, hər gedişimdə də Nəsib bəylə görüşürdüm. Nəsib bəy o zamanlar baş nazir vəzifəsinə keçmişdi. Onu təbrik etmək üçün Gəncədən gəldiyim günün sabahı saat 10-da Nazirlər kabinetinin yerləşdiyi yerə getdim. Dəftərxana müdiri vasitəsi ilə gəldiyimi və görüşmək istədiyimi bildirdim. Gözləməyi söylədi. Saat 11:30-a qədər gözlədim. Sonra yenə dəftərxana müdirinə ,-“Qardaşım, yəqin unutdu. Zəhmət olmasa bir də xatırladın”,-dedim. O, Nəsib bəyin kabinetinə girdi və çıxaraq mənə, -“Unutmadım, gözləsin deyir”, - dedi. Saat ikiyə qədər gözlədim. Azərbaycanda məmurlar üçün iş vaxtı saat 8-dən 14-ə qədər idi. Saat 14:00 –da Nəsib bəy kabinetdən çıxdı. Ayağa qalxıb onunla görüşdüm. Ona saatlarla gözləməyimdən heç nə söyləmədim. İkimiz də ayaq üstə idik.

Mən, - “Nəsib bəy, sabah vəzifənizə gəlincəyə qədər burada gözləyimmi?”-dedim. Nəsib bəyin təbəssümlü çöhrəsinin təbəssümü bir az da artı və “Yox, canım, səni bərabər çıxmamız üçün gözlətdim”, - dedi. Binadan çıxaraq Baş Nazirin avtomobilində bərabər onun evinə gəldik. İki nəfərlik hazırlanmış masanın arxasında oturaraq nahar etdik. Nəsib bəy, - “Əgər səni gələn kimi qəbul etsəydim, doyunca söhbət edə bilməyəcəkdim. İndi həm yemək yeyirik, həm də istədiyimiz qədər söhbət edə bilərik”, - dedi. Bu zaman vəziyyətini soruşduğum Nəsib bəy, -“Heç bir zaman səhhətimdən şikayət etməmişəm. Allaha şükür ki, sapsağlamam. Mənim sıxıntım həmişə pul sarıdan olub ki, Baş nazir olduqdan sonra ondan da qurtuldum. Seym dövründə Tbilisidə maarif naziri idim və aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi Gəncədən atamdan pul istəyirdim. Azərbaycanın istiqlalını elan etdik. Cumhuriyyətimizin maarif naziri oldum. Aldığım maaş yenə də məni dolandırmırdı. Parlamentimizdə olsun, partiya daxilində olsun, ümumiyyətlə, xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizin keçirdiyi gecələrə dəvət olunmayım. Hamısının da dəvətini qəbul edərək iştirak etmək lazımdır. Çoxuna sıxıla –sıxıla bir az maddi köməklik edirdim. Ancaq baş nazir olduqdan sonra bütün bu sıxıntılardan xilas oldum. Belə məsrəflərin hamısı örtülü təxsisatlardan verilir. Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratamaq qayəsi ilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olmağa vaxt tapa bimədim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi , yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə varsa, hamısını yazıb:

 

 

 

”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi? “...