Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 00:38:14
Azərbaycan Ordusu 105 yaşını QEYD EDİR



Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur.

 

AzEdu.az xəbər verir ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundu.

 

Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

 

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi.

 

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə qorunub saxlanıldı və inkişaf etdirildi.

Azərbaycanda Heydər Əliyev hakimiyyətə gəldikdən qısa müddət sonra - 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu.

 

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Təəssüf müstəqilliyin əvvəllərində torpaqlarımızın 20 faizi işğal olundu.

 

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

 

Dövlətimizin başçısının qəti əminliklə dediyi bu sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən həyata keçdi. 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı.

 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu.
Vətən müharibəsində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.

 

Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi.