Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 10:30:22
4 gündə sertifikasiyadan neçə müəllim KƏSİLDİ?

Ölkənin təhsil ictimaiyyəti 5 gündür müəllimlərin sertifikatlaşdırma imtahanlarını müzakirə edir.

İyun ayının 20-dən başlayan imtahanlar bu gün yekunlaşacaq.

İlk 4 gündə 20 minə yaxın ibtidai sinif müəllimi sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən keçib. Bu gün test imtahanı mərhələsinə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəlliminin iştirakı ilə yekun vurulacaq.

Qeyd edək ki, Regional Təhsil idarələri, rayon Təhsil şöbələri 4 gündür sosial şəbəkələrdə sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərlə bağlı foto və videogörüntülər yayırlar. Bu görüntülərdə əsasən 50 baldan yuxarı nəticəyə nail olan təhsilverənlərin sevinən anları əks olunub.

Təəssüf ki, sertifikatlaşdırma imtahanlarından sonra kədərlənən müəllimlər də var. Söhbət sertifikatlaşdırma imtahanlarından keçməyən – minumum 30 bal yığa bilməyən müəllimlərdən gedir. Bu haqda sosial şəbəkələrdə paylaşımlar edilməsə də, ümumtəhsil məktəblərdindən verilən məlumatlarda kifayət qədər müəllimin minimum bal həddini (30 bal) keçə bilmədiyi bildirilir.

Belə faktların olduğunu təhsil ekspertləti də təsdiqləyirlər.
 

Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a bildirib ki, hər şey sertifikasiya imtahaları ilə bağlı sosial şəbəkələrdə paylaşılan yüksək nəticələrlə yekunlaşmır.

“Bu, prosesin yalnız görünən tərəfidir. Statistika baxımından 100-200 nəfər yaxşı nəticə göstərib deyə, imtahanların əla keçdiyini söyləyə bilmərik. Tam imtahan prosesi bitdikdən sonra nəticələri görəcək, vəziyyətin pis və ya yaxşı olduğunu biləcəyik”.

 
Təhsil eksperti Kamran Əsədov da bu günlərdə keçirilən sertifikasiya imtahanlarında qeyri - məqbul bal toplayan müəllimlərin heç də az olmadığını deyib:

“Hazırda keçirilən sertifikasiya imtahanlarında 28 mindən çox müəllim iştirak edəcək. Artıq ilk 4 günün nəticələri məlumdur. Biz sosial şəbəkələrdə və internet resurslarında daha çox yüksək nəticələri görsək belə, birmənalı şəkildə deyə bilmərik ki, bütün nəticələr yüksəkdir. Test mərhələsindən keçə bilməyən ibtidai sinif müəllimləri var. Bizim ilkin araşdırmamaıza görə, hazırda imtahanda iştirak edən 15% müəllim müvafiq keçid balını toplaya bilməyib. Düşünürəm ki, bu çox pis haldır. Həmin müəllimlər neçə il boyu öz fənnlərini yaxşı bilmədən, bizim övladlarımıza dərs deyiblər.

Bu il müsabiqədən keçməyən müəllimlərin qarşıda 1 ili var və həmin  müddətdə mütləq şəkildə özlərini təkmilləşdirməlidirlər. Onu da qeyd edim ki, yüksək nəticə göstərən müəllimlərin bir çoxu repetitor və hazırlıq kurslarına gedib. Düşünün ki, bir müəllim öz fənnini öyrənmək üçün başqa bir müəllimə müraciət edib... Buna görə də, müəllimlərin biliyinin yoxlanması baxımından sertifikasiya vacib bir prosesdir".

Elm və Təhsil Nazirliyi ümumi nəticələrin sertifikatlaşdırma prosesi yekunlaşandan sonra açıqlanacağını bildirib. Builki sertifikasiyada neçə müəllimin kəsildiyi barədə rəsmi rəqəm də o zaman elan olunacaq.


A.Qorxmaz