Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 13:24:37
Sertifikasiyadan narazı müəllimlər apellyasiya şikayəti VERƏCƏK

Artıq 4-cü gündür ki, ölkə üzrə müəllimlər sertifikasiya imtahanlarına cəlb olunub.

Belə ki, iyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.  


Elm və Təhsil Nazirliyinin məlumatına görə, sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunub.  


20-23 iyun tarixlərində 20000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq.  


Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28000-dən çox təhsilverən dəvət olunub.

AzEdu.az-ın müşahidələrinə görə, sertifikasiya imtahanlarından çıxan bəzi müəllimlər iddia edir ki, təqdim olunan test sualları arasında səhvlər də varmış. Bəzi müəllimlər sosial şəbəkələrdəki müzakçirələrdə narazılıqlarını ifadə ediblər.

Bəs sertifikasiyanın yekununda nəticələrindən narazı olan müəllimlər şikayət edə biləcəklərmi?

AzEdu.az xatırladır ki, Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na görə, nəticələrdən narazı qalacaq müəllimlərə apellyasiya şikayəti etmək imkanı yaradılacaq.

Qeyd edək ki, sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverən ən azı 20 bal toplamalıdır.

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.


Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.


Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində minimal balları toplamış təhsilverənlər prosesdən keçmiş hesab olunurlar.


Sertifikasiyanın nəticələrilə razılaşmayan müəllimlər “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.22-ci bəndinə əsasən apellyasiya şikayəti verə biləcəklər. Həmin bənddə deyilir:

“Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Qanuna uyğun baxır".

A.Qorxmaz