Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 10:09:00
“Sertifikasiyanı ifrat dərəcədə dilə-dişə salıb şişirtdik…” - Nadir İsrafilov

İiyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub. 

 

Bu qərar təsdiqini tapana qədər, həmin müəllimlər sözgedən imtahanda könüllü şəkildə iştirak edə bilməyəcək. 

 

Təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a açıqlamasında 60 və daha çox yaşı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı məsələyə münasibət bildirib:

 

“Açığını desəm, mən əvvəldən müəllimlərin peşə yararlığı, peşəkarlıq səviyyəsinin ölçülməsi və qiymətləndirilməsinin əleyhinə deyil, “sertifikasiya” termininin əleyhinə olmuşam və bunu dəfələrlə yazı və müsahibələrimdə əsaslandırmışam. Yəni sertifikasiya hələ tətbiqinə qədər uzun bir yol yolçuluğu keçib: “Attestasiya”, ”könüllü attestasiya”, “sınaq imtahanı”, ”lisenziya”, “diaqnostika”... Halbuki, son qərara görə diaqnostik qiymətləndirmə müəllimlərin attestasiyasına hazırlıq mərhələsi olmalı idi. Çünki müəllimlərin axırıncı attestasiyası 1994-cü ildə olmuşdu və müəllimlərin kateqoriyaları da müəyyənləşmişdi. Lakin bu olmadı, attestasiya sertifikasiya ilə əvəzləndi”.

 

Ekspert hesab edir ki, artıq uzun illərdən bəri alışdığımız “attestasiya” anlayışını “sertifikasiya” termini ilə əvəz etməklə, əslində bir növ müəllimlərimizin narahatlığına və narazılıqlarına əsas vermişik:

 

"Bəzən “sertifikasiya”, bəzən “serifikatlaşma”, bəzən isə “sertifikatlaşdırma”, bəzən də “sertifikatlaşdırılma” kimi təqdim etdiyimiz bu proseduru o qədər dilə-dişə saldıq, ətrafında olmazın səs-küy yaratdıq, müxtəlif versiyalar irəli sürdük ki, sıradan olan bir məsələ ifrat dərəcədə şişdi. “Narazılıqlar yalnız təhsil sahəsində olmur. Lakin müqavimətlərə rəğmən, "müəllimləri sertifikasiyadan keçirəcəyik” kimi hədələyici rəsmi açıqlamalar müəllimlərin müəyyən hissəsində əlavə qıcıq yaratdı. Halbuki, bu kimi açıqlamalarsız da  ötüşmək olardı.

Yəqin, bir çoxları bilməmiş deyil ki, 1999-cu ildə Dövlət islahat komissiyası "Təhsil sahəsində islahat Proqramı”nı qəbul edib və sənəddə pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanıb. Bu məqsədlə də rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.

 

Lakin 2018-ci ildə “Təhsil haqqında” qanuna “sertifikatlaşdırma”nın keçirilməsi ilə bağlı edilmiş dəyişiklikdən sonra attestasiya sertifikasiya ilə əvəz olundu. Olsun, bu şərtlə ki, vəd edildiyi kimi, sertifikasiya müəllimlərin hazırlıq səviyyəsinin təminatına, müəllimlərin işinin obyektiv rəğbətləndirilməsinə və müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsinə xidmət etsin. Qarşıda hələ 2026-cı ilədək xeyli müddət var.

 

O ki, qaldı 60 və 60-dan yuxarı olan müəllimlərin sertifikasiyadan azad olunub-olunmamasına, gərək bu kimi məsələlər qabaqcadan “Qaydalar”da öz əksini tapmalı idi ki, hətta Milli Məclis səviyyəsində bu qədər əlavə müzakirələ yol açmayaydı. Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinin məlumatına əsasən, yaşlı təhsilverənlərin iyunun 20-dən 24-dək keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur. Hələ ki Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.

 

Bununla bağlı bizə yaxın müddətdə ətraflı məlumat veriləcəyi barədə deyilən vədin nəticələrini gözləmək qalır. O ki, qaldı sözügedən məsələyə mənim subyektiv yanaşmama hesab edirəm ki, əgər müəllimin peşəkarlıq izsəviyyəsinə və peşə yararlılığına sertifikasiya vasitəsilə qiymət verilirsə, yaşa konkret məhdudiyyətlərin qoyulmasına nə ehtiyac var? “Qaydalar”a əsasən, sertifikasiya hər 5 ildən bir keçirilir və Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Bu aralıqda yaşlı və kifayət qədər təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum var?"

 

Ekspert deyib ki, 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər:

 

“Hətta bəzi müəssisələrdə təqaüd yaşına çatmış işçilərin çalışma müddəti 1 ildən artıq da uzadılır. Buraya elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir. Belə çıxır ki, müəllim həmin 5 illik müddəti daha 5 il artıq aşa bilər və köhnədən qalma ehtiyat bazası ilə daha iki beşillik müddətində işləyə bilər. Belə müəllimlərimizin sayı o qədər də az deyil. Bu halda yeganə çıxış yolu həmin müəllimləri işdə saxlamaq, lakin sonrakı 5 illikdə əmək haqqlarına diferensial yanaşmaqdır. Belə bir yanaşma, 60 yaşdan yuxarı olan şəxslərdə arxayınçılıq hissini aradan qaldırar, məsuliyyət hissini isə bir o qədər artırar”.