Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 15:50:00
İmtahana əlil arabasında gələn müəllim: “İştirak etmək üçün təkid etdim” 
 
 
Bu gün sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ikinci günüdür.


Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.

 

 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə Mingəçevir şəhəri R.Muradov adına Texniki Humanitar liseydə keçirilən imtahanda müəllimlərdən biri əlil arabasında iştirak edib.

 




Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov sorğumuza cavab olaraq bildirib ki, sözügedən şəxs Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli məktəbin ibtidai sinif müəllimi Bəbirli Aynur İlham qızıdır.

 



AzEdu.az Aynur müəllimə ilə əlaqə saxlayıb. O bildirib ki, səhhətinə görə imtahana getməsi çətin olsa da, iştirak etmək üçün təkid edib:




"Evin həyətində yıxılıb ayağımı sındırmışam. 2 dəfə əməliyyat olunmuşam, hazırda ayağım gipsdədir. Həkimim gəzməyə, oturmağa icazə vermir. Düzü, mənə dedilər ki, özünü nasaz hiss edirsənsə, imtahanda iştirak etmə. Lakin mən təkidlə iştirak etmək istədiyimi bildirdim. Sadəcə uzaq yol getmək problem olduğu üçün Elm və Təhsil Nazirliyinə müraciət edib, imtahan yerinin dəyişdirilməsini istədiyimi bildirdim. Mənə öncə deyildi ki, dəyişdiriləcək. Ancaq imtahana 2 gün qalmış məlumat verildi ki, Mingəçevirə getməliyəm. Mən də 2 gün ac-susuz oturdum ki, yolu maneəsiz gedib-gələ bilim. Orada mənə olunan rəftar həyəcanımı azaltdı, motivasiya oldu. İmtahana gəldikdə isə asan idi. 46 bal topladım, bununla yanaşı düşünürəm ki, səhvlərim texniki olub, çünki nəticəmi daha yüksək gözləyirdim".