Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 11:58:00
Sertifikasiya imtahanının ikinci günü başlayıb   

Bu gün Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesinin ikinci gününə start verilib.

 

AzEdu.az xəbər verir ki, Respublika üzrə ilk günün ən yüksək nəticəsi 60 bal olub.

 

Bu nəticənin əldə edənlər Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva və Salyan rayonu 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şahinə Məmmədovadır.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 20-23 iyun tarixlərində ölkə üzrə 20000-ə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.



Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28000-dən çox təhsilverən dəvət olunub. 


 
Yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək.



Qeyd edək ki, sertifikatlaşdırma iki mərhələdən - test və müsahibədən ibarətdir.



Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq. Gün ərzində, səhər və günorta olmaqla iki imtahan seansı təşkil ediləcək.



Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.

 

Hər sualın düz cavabı 1 bal qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır.



Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.

 

İyul-avqust aylarında müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.



Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.



Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir. Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:


- mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkiletmə bacarığı;

- ünsiyyət bacarığı.


Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.

 

Müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər bu mərhələdən keçmiş hesab edilirlər. 



Sertifikatlaşdırmanın test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak etməlidir. 

 

Test mərhələsində 51-60 bal toplayan müəllimlərin maaşı 35 faiz, 30-50 bal toplayanların maaşı isə 10 faiz artırılacaq.



Xatırladaq ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənin maaşına isə 10 faiz əlavə ödənilir.