Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 11:19:10
DİM: Xüsusi qabiliyyət imtahanları davam edir

Hazırda Bakı şəhərində ali təhsil müəssisələrinin Təsviri sənət istiqamətinin dekorativ tətbiqi sənət ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanı davam edir. 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bu gün həmçinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 70-ci proqram üzrə ixtisaslaşmalara qəbul üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qabiliyyət imtahanı keçirilir.

 

Ali təhsil müəssisələrinin Teatr, kino və xoreoqrafiya istiqamətləri üzrə qabiliyyət imtahanları da Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə keçirilir.

 

19 iyun tarixindən etibarən Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında ali təhsil müəssisələrinin Bədən tərbiyəsi və idman istiqamətinin 63-cü komissiyası (Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi) üzrə də imtahanlara start verilib.

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti istiqamətinə aid komissiyalar üzrə Şəki, Naxçıvan, Gəncə və Lənkəranda imtahanlar keçirilir. Musiqi sənəti istiqaməti üzrə regionlarda olan imtahanlar onlayn qaydada təşkil olunur və 25 iyun tarixinədək davam edəcək.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 19493 nəfər, orta ixtisas təhsili müəssisələrinin 11 illik təhsil bazasında ixtisasları üzrə 3850, 9 illik təhsil bazasında ixtisaslar üzrə isə 5470 abituriyent qeydiyyatdan keçib.

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri haqqında “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ətraflı məlumat verilib. Jurnalın elektron variantını buradan əldə edə bilərsiniz.