Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 14:23:00
Psixoloq sertifikasiyaya gedən müəllimlərə vacib tövsiyələr VERDİ

Mayın 20-dən etibarən 4 gün müddətində müəllimlərin sertifikasiya imtahanları keçiriləcək. Bu müəllimlərin iş keyfiyyəti, gəlir məsələləri və karyera inkişafı üçün mühüm qiymətləndirmələrdən biridir. Bu səbəbdən imtahana hazırlaşan müəllimlər psixoloji olaraq çətin bir dönəmdən keçirlər.

Əməkdaşlarımız bugünkü imtahanda bir sıra müəllimlərin olduqca həyəcanlı olduğunu müşahidə edib.
 

Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova AzEdu.az-a açıqlamasında hazırlıq və imtahan prosesini daha uğurlu başa vurmaq üçün bir sıra vacib tövsiyələr verib.

 

“Müəllimlərin sertifikasiya imtahanları zamanı həyəcanlı olmaları normaldır. Bəziləri iş təcrübəsinin çoxluğuna və yaşlarının kifayət qədər böyük olmağına güvənib həyəcanın yersiz olduğunu fikirləşə bilərlər. Bu səbəbdən imtahana girərkən “bizim abituriyentlər və tələbələr kimi həyəcanlanmağımız normal deyil, özgüvən əksikliyidir” kimi düşüncələrə qapılırlar. Lakin stress, həyəcan imtahan öncəsi  normal haldır və yaşından, peşəsindən, cinsindən asılı olmayaraq bu həyəcan hər kəsdə mövcuddur”.

 

Psixoloq təzyiq, şəkər kimi xəstəliyi olan insanları xüsusilə diqqətli olmağa çağırıb:

 

“Abituriyent və tələbələrdən fərqli olaraq burda yaş amili bir sıra fərqli yanaşmaların meydana çıxmasına səbəb olur. Həyəcan təzyiqin yüksəlməsinə səbəb ola bilər. Şəkər xəstəliyi olan müəllimlər öz səhhətinə xüsusilə diqqət yetirməlidirlər”.

 

 

Müsahibimiz qeyd edib ki, digər iş yoldaşlarının yanında nəticələrin bəlli olacağı faktoru da həyəcanın artmasına gətirib çıxarır Eyni zamanda, yaş amilindən irəli gələrək müəllimlərin iş yerində nəticələrinin yüksək olması ilə qürurlanmaq istəyi, dərs saatlarının bölgüsünə, nəticələrin maaşa təsiri kimi amillər də həyəcanın yaranmasına səbəb verir.

 

Psixoloq müəllimlərə ətrafdakı insanların onların nəticəsi haqqındakı fikirlərinə əhəmiyyət verməməyi xüsusilə tövsiyə edib.

 

“Yaxşı olar ki, imtahandan bir gün öncədən imtahan müzakirəsini dayandırsınlar. Normal gündəlik fəaliyyətləri ilə məşğul olsunlar. Nəticələrim digərləri tərəfindən necə qarşılanacaq, balım az olsa əməkdaşlar mənim bilik səviyyəmin aşağı olması haqqında müzakirələr aparacaqlar kimi düşüncələrin yalnış olduğunun fərqinə varmalıdırlar. Bu zaman dolayı yolla yalnız özlərinə ziyan edirlər. 

Şəkər və təzyiqi olan şəxslər imtahandan öncə tədbirli davransalar daha yaxşı olar. Unutmayaq ki,  həyəcan beynin aktivliyinin və məntiqi düşüncənin aşağı düşməsinə səbəb olur ki, bu da nəticəyə öz təsirini göstərir”.