Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 13:39:21
AMEA-nın iki institutu yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında mövcud ştat vahidi və daxili maliyyə imkanları hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

 

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında olub.

 

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Tarix İnstitutunda həyata keçirilən tədqiqatların etnoqrafik və etnoloji araşdırmalarla əlaqəli inkişafının təmin edilməsi, xalqımızın maddi və mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrinin tarixi aspektdən kompleks tədqiqinin reallaşdırılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafiya elmi istiqamətini əhatə edən şöbələri Tarix İnstitutunun strukturuna keçirilib, bununla əlaqədar olaraq institutda yeni elmi istiqamət yaradılıv:

 

“Bu yeni elmi istiqamət etnoqrafiyanın ümumi elmi problematikasına uyğun olaraq, Azərbaycan xalqının və dünyа хаlqlаrının məişət və mədəniyyəti, аdət-ənənələri, еtnik birliklərin yаrаnmаsı və inkişаfı, оnlаrın yаyılmаsı və qаrşılıqlı mədəni əlаqələri kimi məsələləri əhatə edir. Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni konsepsiyaların hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı, etnoqrafiya və etnologiya böyük əhəmiyyətə malikdir”.

 

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında mövcud ştat vahidləri əsasında və daxili maliyyə imkanları hesabına AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

 

İclasda həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ arxeoloji ekspedisiyasının yaradılması haqqında məsələ də müzakirə olunub. AMEA prezidenti diqqətə çatdırıb ki, hazırda Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm bir hissəsini Qarabağın və Şərqi Zəngəzurun qədim və zəngin mədəniyyətinin öyrənilməsi təşkil edir. Bu məqsədlə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ və Şərqi Zəngəzur ekspedisiyası fəaliyyət göstərir. Ekspedisiya hazırda işğaldan azad olmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntıların və tədqiqatların həyata keçirilməsi, maddi mədəniyyət abidələrinin müəyyənləşdirilməsi, eyni zamanda erməni vandalizminin izlərinin aşkarlanması sahəsində uğurla fəaliyyət göstərir. Həyata keçirilən arxeoloji qazıntıların və tədqiqatların ardıcıl və sistemli şəkildə təşkil edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

 

İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ ekspedisiyası haqqında qərar qəbul olunub.

 

Həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xəzər arxeologiyası şöbəsinin yaradılması haqqında çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanda sualtı arxeoloji tədqiqatların sonuncu dəfə 1968-1986-cı illərdə həyata keçirildiyini, 20 ilə yaxın müddət ərzində Xəzər sahillərində və adalarda 4000-dən artıq maddi-mədəniyyət qalığının aşkarlandığını deyib. Bildirib ki, bu gün Xəzər dənizində suyun səviyyəsinin enməsi ilə əlaqədar dənizdə və sahilboyu ərazilərdə sualtı arxeoloji istiqamətdə tədqiqatların aparılması üçün yenidən əlverişli şərait yaradıb. AMEA rəhbəri ölkə başçısının Xəzər hövzəsi ilə əlaqədar çağırışlarını və mövcud reallığı nəzərə alaraq, Xəzər dənizində və sahilboyu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasının Azərbaycanın tarixinin və qədim mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu nəzərə çatdırıb.

 

Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin Arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.

 

Eyni zamanda iclasda AMEA-nın Qafqazşunaslıq İnstitutunun strukturunun və əməkdaşlarının say həddinin təsdiq edilməsi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əyani doktorantı Cavid İsmayılzadənin qiyabi doktoranturaya keçirilməsi, AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 80 illik yubileyinin qeyd edilməsi, eləcə də AR Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli Qərarının icrasından irəli gələn bir sıra məsələlər haqqında qərarlar qəbul olunub. O cümlədən AR Nazirlər Kabinetinin 2 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”na dəyişikliklər edilməsinə dair təkliflər diqqətə çatdırılıb.