Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 15:24:00
Psixoloqu ağladan “Fədakar müəllim”: “Gözlərim doldu, titrək səslə dedim..."

“Fədakar müəllim” rubrikamızın bu dəfəki qonağı çətin həyat şəraitinə rəğmən bir çox nailiyyətə imza atan "Qızıl qələm" mükafatçısı, bir çox beynəlxalq layihələrin qalibi, əslən Şəkidən olan Ümmü Süleymanovadır.

 


Şeir yazan riyaziyyat müəllimi AzEdu.az-ın suallarını cavablandırıb.

 


- Sizi oxucularımıza necə təqdim edək?


- Mən - Süleymanova Ümmü İsmayil qızı, Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimiyəm. Atam da riyaziyyatçı olub, yəni ziyalı ailəsində böyümüşəm. 37 ildir ki, gənc nəslin təlim - tərbiyəsi ilə məşğulam. Peşəmi çox sevirəm. Müəllimlikdən əlavə, bir çox fəaliyyətlə məşğul oluram.



- Əlavə məşğuliyyətləriniz olduğunu qeyd etdiniz. Hansı bacarıqlarınız var?

 


- Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. "Qızıl qələm " mükafatçısıyam. Hekayə, şeir, elmi məqalə yazıram – bir sözlə, yazarlıq qabiliyyətim var. Yazdıqlarım vaxtaşırı dərc olunur. Müəllimlərin Azərbaycan dili və ədəbiyyat müəllimləri olmasına rəğmən bir ay əvvəl Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqəli Şəki şəhərinin müəllimləri arasında keçirilən inşa müsabiqəsində 4-cü yer tutdum. Məncə, əsl riyaziyyat müəllimi ruhən şair olmalıdır. Çünki hər ikisi güclü məntiqə əsaslanır.

 

Açıklama yok.

 

Avropa müəllimlər birliyinin (eTwinning) üzvüyəm. İkinci ildir ki, eTwinning ESEP (Avropa Məktəblər birliyi)- də Beynəlxalq layihələr işləyirəm. Hər iki layihəni reallaşdırıram . Bu ilki dərs ilində eTwinning-ə iki layihə ilə qoşulmuşam. Layihələrdə 3 ölkənin ( Azərbaycan, Türkiyə, Rumıniya) müəllim və şagirdləri iştirak edir. Hər iki layihənin qurucusuyam.


3 il ardıcıl olaraq, Türkiyədə keçirilən Beynəlxalq Müəllimlər konfransında məqalələrlə çıxış etmişəm.
Eyuder ( Eğitim Yönelticeleri Uzmanları Derneği)-nin Region təmsilçisiyəm. Bu il 2 məqalə aparmışdım. 3 il ardıcıl olaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Qrant müsabiqəyə qoşuluram. 



- Layihələrdə hansı nailiyyətlər qazanmısınız?



- Elə birinci ildən keçid balını topladım. Ancaq maliyyə imkanları layihə təklifinin reallaşmasına imkan vermədi. Nəhayət, VI Qrant müsabiqənin qalibi oldum. Layihəm yüksək səviyyədə reallaşdı. Valideynlər ETN-ə razılıq məktubu göndərdilər. Elm və Təhsil Nazirliyi də məktəbə müsbət rəylə məktub göndərdi.

 

Açıklama yok.



- Müəllimlik peşəsi öz istəyiniz olub?



- Uşaqlıqdan arzum müəllim olmaq idi. Amma müəllimlik ixtisasının yüksək pilləsində olmaq idi. Lakin, çətin həyat arzumu ürəyimdə qoydu.



- Ümmü müəllimə, həyatınızın çətinliklərindən bəhs etmək istərdiniz?



4 oğlum var. Böyük oğlum böyük bir şirkətdə maliyyəçi direktor, ikinci oğlum Qaçkınkomun sədridir, üçüncü oğlum həkimdir, dördüncü oğlum isə anadangəlmə yataq xəstəsidir. Həyat yoldaşım icra hakimiyyətində şöbə müdiri işləyirdi. 5 ildir ki. xərçəngdən rəhmətə gedib. Bunları yazmaqda məqsədim odur ki, biləsiniz ki, 32 ildir yataq xəstəsi olan oğluma özüm qulluq etmişəm. Bu da karyeramın arzuladığım səviyyəyə çatmasına çox mane olub.

Bir dəfə psixoloq məndən soruşdu ki, uşaq yaşlarındakı sən özünün önünə çıxsa, nə deyərdin? Gözlərim doldu, titrək səslə dedim ki, bağışla, sənin arzularını həyata keçirə bilmədim. Psixoloq mənə dedi ki, təbrik edirəm sizi, psixoloqu belə ağlada bildiniz.

Bəxti gətirməyən qadın, qəlbi yaralı ana olsam da, yenə də Allahıma çox şükür ki, işimdə seçilirəm, vətənə və xalqa 3 layiqli oğlan böyütmüşəm, öz sahələrində seçilib, sayılan ixtisaslı kadrlardır.

Bütün bu çətinliyə baxmayaraq, öz üzərimdə işləyirəm, yeniliyə, inkişafa can atıram.