Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 16:38:04
Yay tətilini necə keçirməli? - Psixoloqdan maraqlı tövsiyə

Şagirdlər artıq 3 aylıq yay tətili müddətindədirlər. Dərslərdən azad olmaları onlara xeyli asudə vaxt verib. Əyləncəyə, oyunlara, gəzməyə, valideynləri ilə vaxt keçirməyə daha çox imkanları var. Ancaq bütün valideynlər övladlarının yay tətilini düzgün və faydalı keçirməsinə yardımçı ola bilir?

 

Necə edək ki, yay tətili uşaqlar və valideynlər üçün daha maraqlı və faydalı keçsin?

 

Övladları ilə daha yaddaqalan tətil keçirmələri üçün Narınc Psixologiya Mərkəzinin psixoloqu Sevinc Ələkbərli AzEdu.az-a açıqlamasında valideynlərə öz tövsiyələrini verib:

 

“Valideynlərin övladları üzərində basqıları çox olur. Bu zaman da yaş kateqoriyasından asılı olmayaraq uşaqlar telefona daha çox meyl edirlər. Orada özlərinə dost, əyləncə tapmağa çalışırlar. Valideynlər onlarla vaxt keçirsə, övladlarının da telefona ayırdığı zamana nəzarət edə bilərlər. Yaş kateqoriyasına uyğun, məsələn 6-10 yaş aralığında olan uşaqlara əyləncəli oyunlar oynamaq, valideynləri ilə vaxt keçirmək daha xoş olur. Yay tətilində bir çox valideyn evdə daha çox olur. Axşamdan sabahkı gün nə edəcəkləri, hara gedəcəkləri, hansı saatda, hansı məşğuliyyətləri olacağını planlasınlar.

 

Gündəlik işlərini görərkən belə övladları ilə vaxt keçirə bilərlər. Məsələn, hansısa yeməyi hazırlayarkən uşaqlarından köməkləşsinlər. Bu eyni zamanda atanın gördüyü işlərə şamil oluna bilər. Valideyn görəcəyi işdə qızından və ya oğlundan kömək istəyərək həm görəcəyi işi yerinə yetirər, həm övladı ilə vaxt keçirər, həm də onlara nəyisə öyrədə bilər”.

 

Müsahibimiz bildirib ki, kiçik yaşda olanlar üçün gündəlik nağıl saatları planlaya bilərlər:

"Bir nağılı seçib oxuduqdan sonra uşaqları ilə nağıl haqqında fikir mübadiləsi, söhbətlər etmələri çox faydalı olardı".

 

Həmsöhbətimiz, yeniyetmələri də unutmur. Tövsiyə edir ki, onları maraqlı məşğuliyyətlərə cəlb etmək, müxtəlif mövzularda söhbətlər aparmaq, film gecələri təşkil etmək olduqca maraqlı addım olardı.

 

“15-18 yaş aralığında olan yeniyetmələri isə razı salmaq bir qədər çətin olur. Bu yaş kateqoriyasında olan gənclərə isə təzyiqlər etmək qətiyyən məsləhət deyil. Bunun əvəzinə bu yaşda olan uşaqları ilə müxtəlif mövzularda söhbətlər aparmaları tövsiyə olunur. Onları maraqlı məşğuliyyətlərə cəlb etmək də bu baxımdan faydalı hesab oluna bilər. Bundan başqa övladları ilə film gecələri təşkil edə bilərlər. Daha sonra o film ətrafında söhbət edib, hiss və düşüncələrini öyrənmək də yerinə düşərdi”.

 

Psixoloqun fikrincə, hər bir uşağın bir maraq dairəsi olur. Həm mövzularda məşğuliyyət təklif etmək və onlara bu istiqamətdə bacarıqlar qazandırmaq olduqca faydalı bir addım olar.

 

"Valideynlərin əksəriyyəti övladları ilə zaman keçirməkdə o qədər də maraqlı deyillər. Onların işlərinə mane olmaqdansa, bütün gün telefonla zaman keçirmələrini üstün tuturlar. Ancaq bir çoxunun da şikayəti məhz tətillərdə

telefonla çox zaman keçirmələridir. Bu mövzuda onlara təzyiq göstərməkdənsə, onların asudə vaxtını səmərələi keçirmələrinə yardımçı olmaqları daha effektiv olar".