Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 09:20:00
Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadalar respublika və beynəlxalq olmaqla iki yerə bölünür. Hər birinin xüsusi şərtləri və qaydaları olan olimpiadaların məqsədi şagirdlərin intellektual bacarıqlarını ortaya qoymaq, onlarda tədqiqatçılıq bacarığını və məntiqi inkişaf etdirməkdir.

Respublika fənn olimpiadaları

Respublika fənn olimpiadaları ümumtəhsil müəssisələrinin IX-XI  sinif şagirdləri arasında keçirilir. Rayon turu, Respublika mərhələsinin yarımfinal və final turu olmaqla 3 mərhələdən ibarətdir. Riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə keçirilir. Burada yalnız yuxarı sinif şagirdləri iştirak etsə də, xüsusi istedada malik aşağı sinif şagirdlərinin də iştirak etmələrinə icazə verilir.

Beynəlxalq olimpiadalar

Beynəlxalq olimpiadalar bir qədər qarışıq sturuktura malik olub, hansı ölkədə yaranması və hansı fənn üzrə keçirilməsinə görə müxtəlif növlərə bölünür. Çoxlarına mürəkkəb görünən bu sturuktur isə əslində çox sadədir.

AzEdu.az Beynəlxalq Olimpiadada iştirak etmək istəyən şagirdlər üçün onların növləri, keçirilmə qaydaları barədə məlumatları təqdim edir.

Beynəlxalq arenada keçirilən riyaziyyat olimpiadaları

Riyaziyyat üzrə keçirilən beynəlxalq olimpiadalar IMO – Beynəlxalq Riyaziyyat Olimpiadası, BMO-Balkan Riyaziyyat Olimpiadası, IZHO- Rautıkov Riyaziyyat Olimpiadası, EGMO-Avropa Qızlar Riyaziyyat Olimpiadası, JBMO-Yeniyetmələrin Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası olmaqla bölünür. Yəni, ölkəni beynəlxalq arenada riyaziyyat üzrə təmsil etmək istəyənlər bu olimpiadalarda iştirak etməlidirlər.

Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO - İnternational mathematics olympiad) məktəblilər arasında keçirilən ən qədim bilik yarışıdır. İlk dəfə 1959-cu ildə Ruminiyada  4 ölkənin iştirakı ilə keçirilən olimpiadada son illər 100-dən çox ölkə iştirak edib.  Bu olimpiada hər il fərqli ölkədə olmaqla iyulda keçirilir.

Beynəlxalq Riyaziyyat olimpiadasında hər ölkə 1 rəhbər, 1 müavin və maksimum 6 şagirdlə iştirak edir. Qaydalara görə, yaşı 20-dən çox olmayan istənilən məktəblilər bu bilik yarışında iştirak edə bilər.

Olimpiada zamanı şagirdlərə iki fərqli gün hərəsində 3 sual olmaqla 6 tapşırıq təqdim edilir. Sualların həlli üçün şagirdlərə 4 saat 30 dəqiqə zaman verilir. 6 suala bu qədər vaxt verilməsini nəzərə alsaq, sualların nə dərəcədə çətin olması və məntiqi təfəkkürə əsaslanması aydın olar. Olimpiadanın rəsmi dili ingiliscə olsa da,  rəhbərlərin tərcümə etdiyi tapşırıqlar iştirakçılara ana dilində təqdim olunur. 

Olimpiadada iştirak edən şagirdlərin ən çoxu yarısı mükafatlandırılır.  Qaliblər  I,II,III dərəcəli diplom və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar.

1992-ci ildən etibarən bu elm yarışında iştirak edən azərbaycanlı şagirdlər 8 gümüş, 33 bürünc olmaqla cəmi 41 medal əldə ediblər.

Balkan Riyaziyyat Olimpiadası (BMO – Balkan mathematics olympiad) şagirdlər arasında regional olimpiadadır. Əsasən Balkan ölkələri arasında keçirilən bu olimpiada ilk dəfə 1984-cü ildə Yunanıstanın paytaxtı Afinada baş tutub. Balkan ölkələri ilə yanaşı Avropa, Asiya, Afrikadan olan şagirdlərin də qonaq qismində iştirakına icazə verilir. Hər il növbəli olaraq balkan ölkələrinin birində baş tutan yarışda 30-a yaxın ölkədən 150-dən çox şagird iştirak edir.

Beynəlxalq Riyaziyyat olimpidasından fərqli olaraq Balkan Riyaziyyat olimpiadasında imtahan 1 gün olur. 4 saat 30 dəqiqə ərzində cavablandırmaq üçün şagirdlərə 4 tapşırıq təqdim edilir.

Olimpiadada iştirak edən şagirdlərin 3/4  hissəsi mükafatlandırılır. Qaliblər I,II,III dərəcəli diplom və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar. Olimpiadanın 1 sualını tam həll edən şagirdlərə isə “Həvəsləndirici Sertifikat” təqdim edilir.

Balkan riyaziyyat olimpiadasında da ölkələr eyni tərkiblə iştirak edirlər.

Azərbaycan məktəbliləri 2008-ci ildən etibarən bu yarışda iştirak edirlər. 1 qızıl, 7 gümüş, 22 bürünc medal olmaqla cəmi 30 medal əldə edilib.

Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO – Junior Balkan mathematics olympiad)  aşağı sinif şagirdləri arasında keçirilən regional yarışdır. Keçirildiyi tarixədək yaşı 15 olmayan hər şagird burada iştirak edə bilər.

Keçirilmə qaydaları Balkan riyaziyyat olimpiadası ilə eynidir.

Əsasən Balkan ölkələri arasında keçirilən bu olimpiada ilk dəfə 1984-cü ildə Yunanıstanın paytaxtı Afina baş tutub. Balkan Riyaziyyat olimpiadasında olduğu kimi imtahan bir gün olur. Amma 4 saat 30 dəqiqə ərzində şagirdlərə  cavablandırmaları üçün 4 tapşırıq təqdim edilir. Qalibin müəyyən olunma qaydaları və heyətin tərkibi Balkan olimpiadaları ilə eyniyyət təşkil edir.

Azərbaycanlılar 2011-ci ildən etibarən bu olimpiadada iştirak edirlər. Nəticə isə 1 qızıl, 9 gümüş, 13 bürünc olmaqla cəmi 23 medaldan ibarət  olub.

2012-ci ildən keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadası məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. İlk dəfə 2012-ci ildə İngiltərədə reallaşan bu olimpida ciddi marağa səbəb olub.  2017-ci il İsveçrədə keçirilən olimpiadada artıq 43 –dən çox ölkə iştirak edirdi.

Həmvətənlərimiz bu olimpiadada 2016-cı il idən iştirak etsələr də, 2017-ci ildə iki “Həvəsləndirici Serifikat”-a  layiq görülüblər.

AzEdu.az beynəlxalq olimpiadaların müxtəlif növləri haqqında məlumatları davam etdirəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları