Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 17:29:00
Magistr imtahanında ən yüksək nəticə göstərən bakalavr: “Özümdən əmin idim”

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanlarının (2-ci cəhd) nəticələri və cavab kartlarının qrafik təsvirlərini açıqlayıb.

 

İmtahanda ən yüksək nəticəni 100 mümkün baldan 99 bal toplayan Bakı Ali Neft Məktəbinin məzunu Anar Abiyev olub.

 

AzEdu.az saytı Anarla əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.

 

- Anar, özünü oxucularımıza necə təqdim edərdin?...

 

- Mən, Anar Abiyev 2001-ci il iyun ayının 3-də Lerik rayonunda anadan olmuşam. 2007-ci ildə Bakıdakı 34 nomrəli məktəbdə birinci sinfə getmişəm, 2008-ci ildən isə 297 nömrəli tam orta məktəbdə oxumuşam. 
2018-ci ildə qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil almışam.

 

- Magistratura üzrə qəbul imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

 

- İlk imtahandan 96 bal toplamışdım. Bu dəfə də yüksək nəticə gözləyirdim, özümdən əmin idim. Özümü çox xoşbəxt hiss edirəm. Yüksək nəticə göstərmək çox fərqli, möhtəşəm hissdir.  

 

Hansı universitetdə ali təhsilini davam etdirəcəyini seçmisən?

 

- Hələ ki tam qərar verə bilməmişəm. Təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. Qismət olsa, Macarıstanda magistr təhsili almaq istəyirəm.


- Uğurunun sirri nədir?
 

-  Uğur qazanmağın əsas yolu nə istədiyini əvvəlcədən müəyyən etməkdir. Yalnız bundan sonra müəyyən etdiyin hədəf uğrunda çalışmağa başlamaq lazımdır. Yaşıdlarıma da məqsədlərinin arxasınca getməyi və bu yolda çox çalışmağı tövsiyə edirəm.