Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 13:39:00
“Brend tələbə”: “Şuşadakı aksiyada iştirak etməyimlə qürur duyuram” - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) ll kurs tələbəsi Kamran Heydərovdur. 

 

-  Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-  Mən Kamran Heydərov, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kimya mühəndisliyi ixtisası üzrə 2-ci kursda təhsil alıram. Əsas təhsilim kimya yönümlü olsa da, əlavə olaraq "kompüter elmləri" sahəsində də təhsil almağı düşünürəm. Əslində boş vaxtlarımda proqramlaşdırma ilə yetərincə məşğul oluram. Məsələn, veb-sayt kodlaşdırmaq, robot düzəltmək (bunun üçün c dili və arduino gərəkdir), CTF-lərlə (kibertəhlükəsizlik üçün məşğələ) məşğul oluram. Bundan əlavə, kitab oxumaq üçün özümə bolluca vaxt ayırıram. Son zamanlar sadəcə rus, fransız klassikləri, mifik romanlar, tragediya və komediyalara daha üstünlük verirəm. Bir kitab tövsiyəsi olaraq Homerin "İliada" və "Odisseya" romanlarını qeyd edə bilərəm. Bütün məhşur kitablarda bu romanlara vurğu tapmaq olar. Bundan başqa, bir neçə təşkilatda könüllü kimi fəaliyyət göstərirəm. Bunlar arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəznində "Ekokönüllülər”, “Bir könüllü” və s. təşkilatlar var. 

 

 - Universitet seçiminizdən razısınız?


- Əslində seçimi zamanı daha çox xarici universitetlərə üstünlük verməyi düşünürdüm, lakin 2020-ci ildə pandemiya və digər səbəblərdən ölkədə ixtisas seçməli oldum. Seçim zamanı bir çox universitetdən xeyli ixtisas var idi. Lakin mənə ən uyğun ixtisasın məhz ADNSU-da olacağına qərar vermişdim. Ən sevindirici hal odur ki, universitet adına qazandığımız uğurlar bilavasitə rektor tərəfindən izlənilir və təltif olunur. Bu da universitet adına daha çox uğur əldə etmək üçün böyük stimul olur.

 

 - Həm aktiv tələbə olmaq, həm də dərslərə fokuslanmaq sizə çətinlik yaratmır ki?

Açıklama yok.

- Dərslərə fokuslanmaq nisbətən daha asandır. Çünki artıq 9-cu sinifdən gərgin dərs rejiminə öyrəşmişəm (buna əsas səbəb kimi Kimya-biologiya təmayüllü respublika liseyində təhsil almağımı göstərə bilərəm). Dərs oxumaq üçün yetərincə vaxtım olmayanda yuxunu ertələyib, dərs davamiyyətini kompensasiya edə bilirəm. Amma bəzən bir çox işi birlikdə görmək olduqca yorucu gəlir. Məsələn, düşərgələrdə iştirak edərkən eyni zamanda dərsə getmək və ya hər hansı layihə üçün həftələrcə günün yarısını vermək bəzən dərslərdə axsaqlıq yaradır.
 

- İxtisasınıza marağınız nə zaman yarandı?

- Əslində aktiv şagird olmağa 8-ci sinifdən başlamışam və o vaxtlar biologiyaya böyük önəm verirdim. Çox yaxşı bir biologiya müəllimim var idi. Həmin müəllimin dərsdə dediklərini hələ də yadımda qalması və bəzən onlardan istifadə edə bilməm sevindirici haldır. Amma nəticə olaraq bu sahədən uzaqda bir ixtisas sevdim. Əslində bunun da bir hekayəsi var: 6-ci sinfin "Azərbaycan dili" dərsliyindəki mətnlərdən biri "Qarabağ atları ferması qurmaq istəyən şagird" haqqında idi. Mətndə müəllim şagirdlərə "gələcək peşəm" barədə esse yazmağı tapşırır, şagirdlərdən biri esse yazmır, amma quracağı fermanın dizaynını müəllimə verir və müəllim isə ona "2" yazır. İllər keçir və həmin müəllim yeni şagirdləri ilə keçmiş şagirdinin fermasına gedir. Bu mətnin altındakı bir tapşırıqda “siz də bu barədə esse yazın” qeyd edilmişdi. Mən də "gələcəkdə otağımda kimya ləvazimatları olacaq, onlarla müəyyən rekasiyalar aparacam" yazmışdım. Eynən bu esse üçün müəllim mənə "2" yazmışdı. Çox qəribə bir “dejavu”dur.

 

- Bəzən elə tələbələr olur ki, sırf balları uyğun gəlmir deyə, sevmədikləri ixtisas üzrə təhsil alırlar. Bu barədə fikirləriniz necədir?

- Düşünürəm ki, sevmədiyi ixtisas üzrə oxumaq olduqca böyük fürsətdir. Əslində xarici universitetlərdə (məsələn Harvard) 3 il təhsil aldıqdan sonra belə, ixtisası rahat dəyişmək olur. Eyni sistem bizim universitetlərdə də mövcuddur, lakin uzun vaxt aldığı və zəhmətli olduğu üçün buna çox da üstünlük verilmir.

 

 - Özünüzdə ən bəyəndiyiniz xasiyyət nədir?

- Mənim özümdə ən çox bəyəndiyim xasiyyətim bir işə başladıqda onu mütləq bitirməli olduğumdur. Beləcə, ağlımda sual işarələri qalmır. Amma bəzən böyük həcmli kitabları bir gündə oxuyub qurtarmaq istəyirəm, nəticədə digər etməli olduğum işləri axsadıram. Ona görə bu xasiyyətin pis tərəfləri də var.

 

 - Hazırda işləyirsiz? 

Açıklama yok.

- Hazırda işləmirəm. Lakin yay imtahan sessiyasından sonra işləməyi düşünürəm. Daha əvvəl "teknofes"t və "hackhatonlar"da dizayn işlərini öyrənmişəm və bu sahədə müvəqqəti işləmək, özümü inkişaf etdkirmək üçün əla fürsət olacaq.

 

 - Bu zamana qədər sizin üçün ən dəyərli an nə olub?

Açıklama yok.

- Ən sevindiyim an Şuşada iştirak etdiyim "Ekoloji aksiya"nın müəyyən nəticələr verdiyini gördüyüm an idi. Düşünürəm ki, bu nəticə orada iştirak edən könüllülər, ekoloqlar və Azərbaycan xalqı üçün də unudulmaz bir an idi. Şəxsən orada iştirak etməyimdən qürur duyuram.

 

 - Gələcəyiniz barədə nə düşünürsüz?

- Kimya mühəndisliyi daha çox mühəndislik istiqamətində irəliləməyə imkan yaratsa da, mən akademik istiqamətdə davam etmək istəyirəm. Növbəti magistr ixtisası olaraq “Nanotexnologiyalar” və ya “Quantum fizikası” kimi ixtisaslara öncəlik verəcəm.