Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 12:51:43
DİM Kərəm Məmmədovun ölüm səbəbini açıqladı

Dövlət İmtahan Mərkəzinin (DİM) tarix fənni üzrə seminarının və işçi qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov ürəktutmasından vəfat edib.

 

AzEdu.az xəbər verir ki, Kərəm Məmmədov 1965-ci il fevralın 22-də Gürcüstanın Dmanisi (1947-ci ilə qədər Başkeçid) rayonunun Gəyliyən kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra 1982‑ci ildə BDU-nun Tarix fakültəsinə daxil olub. 1983-1985-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olmuş, sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirib. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin (Sankt-Peterburq Universiteti) Tarix fakültəsinə göndərilib. 1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1993-1996-cı illərdə aspiranturada əyani təhsil alıb. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə BDU‑nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının fəxri “Əməkdar elm xadimi” adı verilib.

 

O, elmi‑pedaqoji fəaliyyəti dövründə 2 kitabın, ali məktəblər üçün 2 dərslik, 100-dən çox elmi‑metodiki vəsait və elmi məqalənin müəllifi, həmçinin ümumtəhsil müəssisələri üçün 6 dərsliyin həmmüəllifi olub. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda iştirak edib, məruzələrlə çıxış edib. 2009-cu ildə nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən olub. "Borçalı orta əsrlərdə" adlı dissertasiya işi üzərində çalışırdı.

 

Kərəm Məmmədovun DİM-lə 15 ilə yaxın müddətdə məhsuldar əməkdaşlığı olub. O, 2012‑ci ildən tarix fənni üzrə elmi-metodiki seminarın və işçi qrupunun rəhbəri olub. Fəaliyyət göstərdiyi illər ərzində test bankının formalaşdırılmasında, yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsində, imtahanda istifadə edilmiş sual kitabçalarının hazırlanmasında, ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin aparılmasında fəal iştirak edib. O, imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlərə metodiki köməklik məqsədilə vəsaitlərin hazırlanmasında yaxından iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yenidən işlənmiş “Tarix” vəsaitinin həmmüəllifi olub. Həmçinin 6-11-ci sinif dərslikləri əsasında “Qiymətləndirmə tapşırıqları kitabları”nın hazırlanmasında elmi redaktor və həmmüəllif kimi iştirak edib. Abituriyentlərə metodiki kömək məqsədilə “Abituriyent” jurnalında dərc edilmiş bir neçə məqalənin müəllifi olub. 2020-ci ildə Azərbaycanın zəfərlə başa çatdırdığı Vətən müharibəsi barədə məlumatlar abituriyentlərin istifadə etdiyi ümumtəhsil müəssisələri üçün dərsliklərdə hələ əksini tapmadığı müddətdə 3 il dalbadal jurnalın 2-ci sayında çap edilmiş və eyni zamanda, DİM-in saytında yerləşdirilmiş, qəbul imtahanlarında istifadə edilməsi üçün nəzərdə tutulan, kifayət qədər aktual mövzuya malik “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və “Azərbaycan Respublika­sının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı” adlı məqalənin də həmmüəlliflərindən olub.

 

Allah rəhmət eləsin!