Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 12:52:00
AzMİU-nun amerikalı müəllimi: “Əsas çətinlik ingilis dilini bilməyən tələbələrlə işləməkdir” - MÜSAHİBƏ

Azərbaycan universitetlərində təkcə əcnəbi tələbələr təhsil almır, həm də müxtəlif xarici ölkələrdən olan müəllimlər də fəaliyyət göstərir. Ali təhsil ocaqlarımızda çalışan əcnəbi müəllimləri ölkəmizə gətirən səbəblər nədir, onlar Azərbaycanla bağlı hansı təəssüratlara malikdirlər...


AzEdu.az Azərbaycandakı ali təhsil müəssisələrində çalışan əcnəbi müəllimlərlə silsilə müsahibələrə davam edir.

Saytımızın "Əcnəbi müəllim" layihəsinin növbəti müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dərs deyən Kayl Raydlidir.

 

AzMİU-da bir sıra ölkələrdən olan əcnəbi müəllim çalışır. Kayl Raydli Azərbaycana ABŞ-dan gəlib.
 

Kayl ölkəmizə gəlişi, iş həyatı, müəllimlik fəaliyyəti ilə bağlı təssüratlarını əməkdaşımızla bölüşüb.

 

Müsahibimiz Azərbaycan dilini bilmədiyinə görə, onunla ingilis dilində söhbət etdik.    

 

- Kayl, özünüz haqqında qısaca olaraq oxucularımıza məlumat vermənizi xahiş edirik...

 

- Mən Kayl Raydli, 37 yaşım var. Uzun müddətdir beynəlxalq proqramlarda müəllim olaraq çalışıram.

 

- Azərbaycana gəlişiniz necə baş verdi?

 

- ABŞ xaricdə işləmək istəyən müəllimlər üçün müxtəlif imkanlar yaradır. “English Language Fellow” adlı proqramla mən də bu imkandan yararlandım. İşləmək üçün təklif olunan ölkələrdən biri də Azərbaycan idi. 

 

No description available.
- Azərbaycan Memarlıq və İnşaat Universitetində
 işləməyə necə qərar verdiniz?

 

- Dediyim kimi, yeni ölkələr görmək, fərqli mədəniyyətlərlə tanış olmaq üçün proqrama qoşuldum. Azərbaycan haqqında qısa bir tədqiqat apardıqdan sonra bura gəldim. Keçən ilin sentyabr ayından Bakıdayam. Proqramın müddəti 1 ildir. Burada çalışdığım müddətdə magistrlər, doktorantlar və müəllimlərə ingilis dilini tədris edirəm. Eyni zamanda, Şəki və Gəncə kimi regionlara gedərək, oradakı tələbələrlə də ingilis dili üzrə məşğul oluruq.

  

- Tələbələrinizlə münasibətləriniz necədir?

 

- Tələbələrimlə münasibətim çox yaxşıdır. Mən onlara öz ölkəmin mədəniyyəti, onlar da mənə Azərbaycanın mədəniyyəti haqqında məlumat verirlər. Biz bir çox mövzularda fikir mübadiləsi edirik. Bizim üçün çox maraqlı təcrübə oldu. 

 

- Müəllim heyəti ilə münasibətiniz necədir? 

 

- Müəllimlərin kadr strukturu demək olar ki, ABŞ-da olduğu kimidir. Buna görə də hansısa problem yaşamırıq.  


Universitet tədbirlərində və şənliklərində iştirak edirsinizmi?

 

- Burada olduğum müddətdə 8 Mart Ümumdünya Qadınlar Günü, 28 May Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə iştirak etmişəm. Onu da qeyd edim ki, tələbələr tədbiri ingilis dilində hazırlamışdı. Bunun üçün də tədbirdən çox məmnun qaldım. Eyni zamanda, regionlarda keçirilən tədbirlərdə də fəal iştirak edirəm.

 

- İşlədiyiniz müddətcə ən böyük çətinliyiniz nə olub?

 

- Ən böyük çətinliyim ingilis dilində heç bilməyən tələbələrlə işləməkdir. Onlar bu qısa müddət ərzində ingilis dilini tam öyrənə bilməsələr də, düşünürəm ki, xeyli irəliləyiş olub.

 

No description available.

- Dərslərinizi hansı metodla tədris edirsiniz?

 

- Tədris metodum xüsusilə tələbəyönümlüdür. Onlarla müzakirələr aparmağa, fikirlərini, baxışlarını öyrənməyə daha çox üstünlük verirəm. Dərslərdə çalışıram ki, tələbələr daha çox danışsınlar. Amerikadakı tədris sistemi ilə buradakı bir qədər fərqlidir. Sizdə daha çox müəllim danışır.
Amma mən müəllimlərə daha çox tələbələrin danışmasına imkan yaratmağı tövsiyə edirəm. Onu da qeyd edim ki, buradakı müəllimlərlə Amerikadakı tədris metodlarının öyrənilməsi üzərində çalışırıq. 

 

- Bakıda müəllim olaraq çalışmaqdan əlavə, hansı məşğuliyyətiniz var?

 

- Amrika Səfirliyi ilə də əməkdaşlıq edirəm. Bu yaxınlarda ADA Universitetində konfrans təşkil olunacaq. Mən də həmin konfransın təşkil olunmasında aktiv iştirak edirəm. Eyni zamanda, Səfirliyin digər universitetlərdə təşkil etdiyi tədbirlərdə və doktorantlarla bağlı həyata keçirilən işlərdə iştirak edirəm. Həmçinin, Amerika Mərkəzində də işləyirəm.

 

- Azərbaycan universitetlərindəki təhsil sistemi haqqında nə düşünürsünüz?

 

- Azərbaycandakı universitetlərdə ən bəyəndiyim xüsusiyyət konkret bir sahə ilə bağlı ixtisaslaşmış tədris həyata keçirmələridir. Məsələn, memarlıq və inşaatla bağlı hazırda çalışdığım universitet, iqtisadiyyat və onun qolları üzərində ixtisaslaşmış UNEC, müəllimlik ixtisası üzərincə ixtisaslaşmış ADPU və s. Amerikada belə deyil. Bir universitetdə bir çox ixtisas tədris olunur.

 

No description available.

- Sizin üçün Azərbaycanda yaşamağın müsbət və mənfi cəhətləri nələrdir?

 

- Azərbaycanda yaşamağın müsbət tərəfi insanların qonaqpərvər və yeməklərin çox dadlı olmasıdır. Azərbaycanın yeməkləri çox dadlıdır. Burada havalar çox yaxşı olur. Mənfi tərəfi isə nəqliyyatla əlaqəlidir. Yollar çox tıxac olur. Şəhərdə insan sıxlığı var. Ona görə də bəzən hərəkət etmək olduqca çətinləşir.

 

- Azərbaycan mətbəxindən ən sevdiyiniz təamlar hansılardır?

 

- Ən sevdiyim yeməklər plov və qutabdır. Qutabı hazırlamağı bacarıram və bəzən evdə hazırlayırıq. Məncə qutab bişirmək olduqca asandır.

 

- Bakıdan başqa hansı regionda olmusunuz?

 

- Bakı, Gəncə, Şəki, Xaçmaz, Qobustan, Yevlax və adını unutduğum bir neçə balaca kənddə olmuşam. Ən çox bəyəndiyim region Şəkidir. May ayında Şəki turuna getmişdim. Oranın havası və təbiəti çox gözəldir. Yeməklərini isə xüsusi vurğulamaq istəyirəm.

 

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

 

- Hazırda mənim planım beynəlxalq müəllimlik proqramına davam etməkdir. Gedəcəyim növbəti ölkə Portuqaliyadır. Daha sonrası ilə bağlı əmin deyiləm. Ola bilsin, ya Nyu-Yorka qayıtdım, ya da Kaliforniyaya...

 

- Azərbaycan xatirənizdə necə qalacaq?

 

- Burada keçirdiyim vaxtdan çox məmnunam. Çox gözəl dəyərləndirdim. Düşünürəm ki, məndən sonra bura gələn müəllim də çox şey öyrənəcək və öyrədəcək. Onun üçün çox faydalı bir təcrübə olacaq.