Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 10:38:13
Bakıda dələduzluq edən iki qadın müəllimə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iki müəllimin məhkəməsi başa çatıb.


AzEdu.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilən 200 saylı məktəbin ibtidai sinif müəllimi Billurə İsmayılova və 71 saylı məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Qocayevaya iyunun 5-də hökm oxunub.

Məhkəmə müəllimləri dələduzluqda təqsirli bilərək, onların hər birinin 1 il 6 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 manat cərimələnməsi barədə hökm çıxarıb.

Araşdırmalar zamanı məlum olub ki, B.İsmayılova 2016-cı ildə 200 saylı orta məktəbdə direktor müavini işləyən Arzu Nəzərovanı Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə 38000 manat pul müqabilində Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verərək inandırıb. O, rəfiqəsi, 71 saylı məktəbin müəllimi Z.Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi ona təqdim edərək onları məktəbdə görüşdürüb. Bu vədlə o, məktəb direktorunun müavinindən 38000 manat alaraq dələduzluq edib.

Bundan başqa, onlar 202 saylı məktəbin müəllimi Gülşən Xəlilovanı da aldadaraq onun Ukraynada aldığı magistr təhsilinə dair diplomu Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə təsdiq etdirəcəklərinə və Bakıda orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəklərinə dair yalan vəd verərək inandırıblar və 17 min manat pul alaraq dələduzluq ediblər.

Təqsirləndirilən şəxslər hazırda 162 saylı məktəbin direktoru olan Arzu Nəzərova ilə bağlı ittihamı qəbul etməyiblər. B.İsmayılova A.Nəzərovanın sələmə pul verdiyini və məsələnin də sələmə verilmiş pulun qaytarılmamasına görə yarandığını bildirib. Onlar Gülşən Xəlilovla bağlı ittihamı qəbul ediblər.