Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-10 22:14:07
Regionlarda peşə təhsili mərkəzləri yaradılır? - ÖZƏL TƏKLİF

"Peşə təhsili ilə bağlı tədris proqramlarına edilən yeniliklər, ixtisasların artırılması müsbətdir".

 

Bu barədə AzEdu.az-a təhsil eksperti Rafiq İsmayılov bildirib. O, qeyd edib ki, gənclərin peşələrə yiyələnməyə can atması yaxşı haldır:

 

"Bu o deməkdir ki, ailələr də, gənclər özləri də nəhayət anlayırlar ki, ali təhsil alıb işsiz qalmaq ehtimalı ilə yaşamaqdansa, peşəyə, sənətə yiyələnib lazımlı mütəxəssis, sənətkar olmaq daha yaxşıdır. Məni qane edən həm də budur ki, işğaldan azad edilmiş ərazilərimizdə peşə məktəblərinin sayı artırılır. Qarabağ və digər ərazilərdə fəaliyyət göstərəcək peşə məktəblərində alternativ enerji ilə işləyən texnologiyaların inkişafı üzrə texniklər hazırlanacaq. Bu, müasir tələblərə cavab verəcək kadrlarımızın olması deməkdir. Bilirik ki, Qarabağda alternativ enerji ilə işləyəcək sahələr çox olacaq. Deməli, onları işlədə biləcək, bu sahə üzrə ixtisaslaşmış öz işçilərimiz də olacaq. Bu, sevindircidir. 

Kurikuluma “yox” deyək? - Rafiq İsmayılov yazır

Regionlarda peşə təhsili mərkəzlərinin olması da vacibdir. Hər regionun xüsusiyyəti, hansı sahələrin daha çox inkişaf etdiyi nəzərə alınaraq peşə tədrisi təşkil olunmalıdır. Cəlilabadda kənd təsərrüfatı, heyvandarlıq inkişaf etdirilirsə, bu sahələr üzrə, həm də müasir texnologiyalar öyrədilməklə, Lənkəran, Lerik bölgəsində meyvəçilik, bostançılıq, hotelçilik, turizm sahələri üzrə peşəkar kadrların hazırlanmasına diqqət yetirilməlidir. Yaxşı haldır ki, qardaş Türkiyənin bu sahələrdəki təcrübəsi də öyrənilir. Qida sənayesi, mehmanxana işçisi, hotelçilik və səyahət xidmətləri və informasiya texnologiyaları ixtisas qrupu üzrə təhsil proqramlarının qarşılıqlı razılaşdırılması ümidvericidir. Müasir tələblərə cavab verəcək peşəkarlarımız olmalıdır. Ali təhsillə iş bitmir. Peşə təhsilinin öyrədə biləcəyi çox şeylər var. Gərək bundan yararlana bilək".

 

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmovun ötənlərdə verdiyi açıqlamalarda peşə təhsili ilə bağlı məsələlərə toxunub. 

 
O söyləyib ki, bu gün əmək bazarında texniki peşə sahəsində bacarıqları olan şəxslərə ehtiyac var. O, ölkədə peşə təhsilinin inkişafı ilə bağlı konkret strategiyanın olduğunu söyləyib. Peşə təhsili sahəsində “Böyük Qayıdış” proqramı ilə bağlı hədəflərin müəyyən edildiyini bildirən C.Kərəmov deyib ki, bu istiqamətdə müvafiq işlər davam etdirilir. Direktor müavini son beş ilin statistikasına əsasən qeyd edib ki, 2018-ci ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 13 400 idisə, hazırda bu rəqəm 19 mindən artıqdır. Dövlət Agentliyinin rəhbəri 2026-cı ilə qədər qarşıya qoyulan hədəfin peşə təhsili üzrə tələbə sayının 28 minə çatdırılması olduğunu vurğulayıb. O, hazırda peşə sahəsi üzrə təhsil alanların sayının 25 min olduğunu qeyd edib.