Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 20:36:08
Hansı universitetlərə "Tədqiqat universiteti" statusu veriləcək? - ŞƏRH 

Elmi məqalə sayının artırılmasının "innovativ yolu" təklif olunur

 

Ölkə Prezident tərəfindən təsdiqlənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulub.

 

Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması üçün Elm və Təhsil Nazirliyinə göstəriş verilib.

 

Görəsən Nazirlik hansı universitetlərə bu statusun verilməsini nəzərdə tutub?

 

Hökumətin bununla bağlı müəyyən etdiyi şərtlər, xüsusilə də SCOPUS -da ölkə üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin bu tip universitetlərə aid olması necə təmin ediləcək?

 

AzEdu.az xəbər verir ki, mövzunu şərh edən ekspert Osman Gündüz deyir ki, hələlik Elm və Təhsil Nazirliyinin bu istiqamətdə elə də ağlabatan addım atdığı görünmür:

 

"İnandırıcı olmasa da, Nazirliyin  əvvəllər AMEA tərkibində olan,  indi isə onun tabeliyinə verilən elmi-tədqiqat institutlarının elmi potensialını birbaşa universitetlərə aid etməyi nəzərdə tutduğu bildirilir.

 

Bu yaxınlarda BDU və 5 elmi-tədqiqat institutunun birgə fəaliyyətin təşkili ilə bağlı imzaladığı Memorandumda bununla bağlı müddəalar nəzərdə tutulub.

 

Belə ki, məsələn, Riyaziyyat və Mexanika İnstitutunun indiyədək və bundan sonra beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) dərc olunan məqalələrinin BDU-ya aid edilməsi nəzərdə tutulub. Ağlasığmaz olsa da, bu, belədir.

 

Hətta, bundan sonrakı deyil, elmi institutların indiyədək mövcud olan elmi məqalə bazasının da universitetə aid olunmasından söhbət gedir.

 

Bilmirəm bu ideya kimin ağlına gəlib.


Düşünürəm ki, çox qüsurlu və səmərəsiz bir yanaşmadır.
Universitetlərin tədqiqat potensialının artırılması üçün kiminsə haqqına girmək, süni tədqiqat görüntüsü yaratmaq yox, mövcud imkanlardan və potensialdan birgə istifadə ilə dəyər formalaşdırmaq prinsipi daha ağlabatan olardı.

 

Tədqiqat potensialı yüksək olan universitetlərin, məsələn BDU-nun, UNEC-in, AzTU-nun, BANM-ın, BMU-nun beynəlxalq reytinq göstəricilərini yüksəltmək, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi üçün birgə əməkdaşlığın, birgə tədqiqat imkanlarının yaradılması, birgə elmtutumlu infrastrukturun formalaşdırılması daha doğru olardı.

 

Yoxsa, hansısa elmi institut əməkdaşının illər öncə min əziyyətlə apardığı tədqiqatın nəticəsi olan elmi məqalənin bir anda hansisa universitetə aid edilməsi, yumşaq desəm, ədalətsizlik və kiminsə haqqını tapdalamaqdır.

 

Düzü, belə bir Memoranduma elmi institut rəhbərlərinin də imza atması xeyli düşündürücüdür".