Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 15:43:00
5 xarici dil bilən “Maraqlı adam- “Daha 3 dili öyrənəcəm” - Tələbə ilə MÜSAHİBƏ

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

Budəfəki həmsöhbətimiz AzEdu.az-ın digər layihəsi olan  “Brend tələbə”lərdən biri olan Nərmin Mirzəyevadır. Müsahibimiz 5 xarici dildə danışa bilir, XI sinifdə İELTS-dən C1 səviyyəsində beynəlxalq sertifikat alıb, gimnastika üzrə respublika çempionudur, pianoda da ifa edir və onun hələ sadəcə 18 yaşı var...
 

- Nərmin, özünü oxucularımıza necə tədqim edərdin?.. 

 

 - Mən - Nərmin Mirzəyeva, 18 yaşım var. 2022-ci ildə Bakıdakı 164 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib 557.1 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul olunmuşam. Hazırda I kurs tələbəsiyəm. Ailəm 4 nəfərdən ibarətdir. Anam ixtisasca müəllim, atam tikinti şirkətlərinin birində mühəndis, qardaşım isə 11-ci sinif şagirdi - abituriyentdir.

 

 - Uşaqlıqda hansı peşəyə sahib olmaq istəyirdin?

 

 - Uşaq yaşlarımdan mühəndislik peşəsinə marağım çox böyük idi. Bunun əsas səbəblərindən biri atamın da o ixtisas sahibi olmasıdır. Universitetə qəbul zamanı da ADNSU və BMU-dakı ingilis dilində olan mühəndislik ixtisaslarını seçmişdim.

 

 - Bəs “Brend tələbə” statusu sənə hansı təəssüratları yaşatdı?

 

 - Çox böyük motivasiya və stimul oldu, daha da fəallaşmağıma səbəb oldu. Təzəlikcə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fakültə üzrə sədri seçildim və yeni tədbirlər hazırlamağı planlaşdırırıq. Bundan əlavə, universitetimizin daxilində aktiv fəaliyyət göstərən “conversation club”un “speaker” və sədr müavini kimi tələbələrə İngilis dilini rahat danışmaqda yardımlar edirik.

 

 - Başqa hansı fəaliyyətlərlə məşğulsan?

 - 4 yaşımda həvəskar olaraq başladığım gimnastika idman növü ilə 12 ilə yaxın məşğul olduqdan sonra idman ustasına namizəd adını qazandım. Hazırda tələbə olduğum üçün həvəskar kimi idmana davam edirəm. Bir çox yarışlarda iştirak etmişəm, şəhər və ölkə üzrə dəfələrlə qrup hərəkətləri üzrə çempion olmuşam. Pianoda ifa edə bilirəm, amma professional deyiləm. Təyyarələrə marağım xüsusilə böyükdür, ona görə London tarix və elm muzeyindəki təyyarə muzeyini də ziyarət etmişəm. Getmişkən London Albert muzeyində Şeyx Səfi xalçasını əyani şəkildə görmək də qismət oldu.

 

Açıklama yok.

 


Dil öyrənməyə çox marağım var, 5 xarici dil bilirəm. Mühəndislik sahəsində uğurlu olmaq üçün praktikalarda, yay və qış məktəblərində aktiv iştirak edirəm. Hazırda bir tikinti şirkətində dərsdən sonra "part-time" təcrübə qazanmaq üçün işləyirəm, direktor işimi bəyənir və tezliklə məni işə götürəcəyini vəd verib.

 

 - Qeyd etdin ki, gimnastika sahəsində böyük nailiyyətlərin var. Lakin indi sənaye mühəndisliyi ixtisası üzrə təhsil alırsan. Bəs idman sahəsində davam etməyi düşünürsən?

 

- Hədəfim yaxşı mühəndis olmaqdır, idman isə hər zaman hamıya lazımdır. Mən də həmişə əlavə fəaliyyət kimi idmanla məşğul olmağı davam etdirəcəm.

 

 - Hansı dilləri bilirsən?

 

 - Ana dilim olan Azərbaycan dili öz yerində, başqa 4 dili – türk, rus və ingilis dillərini əla, alman dilini B1 dərəcəsində bilirəm. Düzünə qalsa, ispan dilini yeni öyrənməyə başlamışam, hal hazırda A1 səviyyəsini öyrənirəm.

 

 - Dillərə marağın nə vaxt yaranıb və necə öyrənmisən?

 - Azyaşlı olanda Avropa ölkələrinə ailəmlə birlikdə tətil məqsədli səyahətlərimdən sonra dil öyrənmək mənə rahat və maraqlı gəlməyə başladı. Nənəm ingilis dili müəllimi olduğundan onun və ibtidai müəllimimin yardımı ilə mənim bu işə həvəsim artdı. İbtidai sinifdə oxuyarkən məktəb dərsliklərindən əlavə öz üzərimdə işləməyə başladım. Yəni bədii kitablar oxumağa, bütün mahnılara ingiliscə qulaq asmağa, filmlər və çizgi filmləri izləməyə üstünlük verdim. 11-ci sinifdə isə beynəlxalq ingilis dili üzrə səviyyə testi olan İELTS imtahanına hazırlaşıb C1 dərəcəsini əldə etdim. Rus dilini ətrafımda olan rusdilli dostlarım və qrammatika kursu sayəsində öyrənmişəm. Alman dilini isə əvvəlcə internetdən, daha sonra isə qrammatika hissəsi üçün müəllim köməyi ilə tez bir zamanda lazımi dərəcədə öyrənmişəm. Arzularımdan biri poliqlot olmaqdır. İspan, Fransız və Çin dilini öyrənməyi çox istəyərdim.

 

Açıklama yok.

 

 

 - Dil öyrənmək istəyənlərə tövsiyələrin nələrdir?

 

 - Əgər bir dili öyrənmək istəyirlərsə, həyatlarını o dilə çevirməlidirlər və daim həmin dildə ünsiyyətdə ola biləcəkləri insanlarla vaxt keçirməlidirlər. O zaman istəklərinə nail olacaqlar.

 

 - Xarici dövlətdə təhsil almaq fikrin var?

 

 - Bəli, İtaliya və Böyük Britaniya universitetlərində təqaüdlə təhsil almaq üçün dövlət proqramına müraciət etmişəm, qəbul dəvəti alsam, gedəcəm. ERASMUS proqramı ilə I semestrlik, ya da ümumiyyətlə xarici ölkədə bakalavr təhsili almağı düşünürəm. Prosedurların gedişatına görə gedib-getməyəciyim bəlli olacaq. Hələ dəqiq qərar yoxdur, lakin qeyd etdiyim hər iki variant ürəyimcədir.

 

 - Ümumiyyətlə, gənclərin əksəriyyətinin xaricdə təhsil istəklərinin olduğunu görürük. Sənin əsas səbəbin nədir?

 

 - Hazırda oxuduğum ixtisasda dərslər Siegen universitetinin proqramı ilə keçirilir və bundan çox məmnunam, amma daha geniş bilik, təcrübə, dünyagörüşü qazanmaq üçün xaricdə beynəlxalq tələbələrlə təhsil almaq, öyrənmək istəyərəm.

 

 - Son olaraq, yaşıdlarına uğurlu tələbə və gənc olmaq yolunda hansı tövsiyələri verərdin?

 

- Onlara demək istədiyim budur ki, tələbəlik sadəcə aktiv olub hər tədbirə getmək və ya ancaq dərs oxumaq deyil. Bir tələbə o zaman uğurlu gənc sayılır ki, bütün sadalananları eyni zamanda edə bilsin.