Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 16:33:00
“400 bal yığan abituriyent mütləq olacaq!” - EKSPERT

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 20-21 mayda II və III qrup, 3-4 iyunda isə I və IV qruplar üzrə qəbul imtahanlarının 1-ci cəhdi keçirilib. Sosial şəbəkələrdəki bir çox iddialarda sualların çətin olduğu bildirilir.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, imtahanda sualların əksəriyyəti çətin olub və builki abituriyentlər pandemiya dövründə təhsil aldıqlarına görə, bu, nəticələrə də öz təsirini göstərir. Lakin bunlara baxmayaraq, maksimal - 400 bal yığan abituriyentlər də olacaq

 

“İlk növbədə qeyd edim ki, bu il I ixtisas qrupu üzrə müraciət edənlərin sayı keçən illərlə müqayisədə müəyyən qədər az idi. Keçən il I ixtisas qrupu üzrə plan yeri 16 mindən çox idi. Bu rəqəmin 11 mindən çoxu ödənişsiz dövlət sifarişli yer idi. 2022-ci ildə I ixtisas qrupu üzrə müraciət edən abituriyentlərin sayının çox olması keçid ballarında müəyyən qədər artıma səbəb olmuşdu. Amma bu il plan yerlərinin artması, abituriyentlərin sayının azalması, 5-12 mart tarixində keçiilən imtahanların çətinlik dərəcələri I ixtisas qrupunda keçən illə müqayisədə nəticələrin aşağı düşməsinə səbəb  verir.

İkinci bir məsələ 3-4 iyunda keçirilən imtahanda sualların çətinlik səviyyəsi ilə bağlıdır. Qeyd edim ki, abituriyentlər I ixtisas qrupu üzrə bu il informatika fənnindən də imtahan veriblər. Bu da öz nəticəsini birmənalı şəkildə göstərəcək. İnformasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, yəni İKT ixtisaslarının balları keçən illə müqayisədə müəyyən qədər aşağı düşəcək. Keçirilən imtahanlardakı sualları təhlil edərkən gördük ki, fizika və informatika fənnindən, eyni zamanda, kimya və riyaziyyat fənninin açıq suallarında abituriyentlər çətinlik çəkib. Bu məqam onu deməyə əsas verir ki, məhz pandemiya dövrü bizim uşaqların hazırlıq prosesinə öz təsirini göstərib. Builki abituriyentlər pandemiya dövrünün çətinliklərini yaşayıblar və sözügedən amil onların nəticələrinə mənfi təsirini göstərib.

 

İxtisas qrupları üzrə nəticələri təhlil edərkən gördük ki, kimya fənni I qrupda IV qrupa nisbətən asan idi. IV qrupda isə biologiya fənni üzrə abituriyentlərin hazırlığı yaxşı səviyyədə idi.

 

Bütün bunlara baxmayaraq, mən düşünürəm ki, bu il maksimum-400 bal toplayan abituriyentlər olacaq. Çox güman ki, həmin abituriyentlər bir neçə liseyin şagirdləri olacaq.”