Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 14:25:00
Bu gün imtahan qaydalarını pozanlar sabah harınlamış məmur ola bilər! - ETİRAZ

Dövlət İmtahan Mərkəzinin (DİM) dünən keçirdiyi I ixtisas qrupu üzrə qəbul  imtahanlarından 5 nəfər xaric edilib. Xaric edilənlərin əksəriyyəti imtahan zalına qadağan olunmuş əşya keçirmək istəyənlərdir. Qaydalara görə, həmin abituriyentlər yayda ikinci cəhd imtahanına da buraxılmayacaqlar.  

Sosial şəbəkələrdəki müzakirələrdə bu qərarın çox sərt olduğu bildirilir, həmin abituriyentlərin qəbul imtahanlarının ikinci cəhdinə buraxılmasına çağırış edilir.

Bəs həmin abituriyentlərə hansısa güzəşt oluna bilərmi? Məsələn, başqa bir cəza tədbiri görülsün, amma imtahanda iştirak edə bilsinlər.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə bir daha vurğulayıb ki, sözügedən şagirdlərin birmənalı şəkildə imtahanlarda iştirakı mümkün deyil:

 

“Qayda pozuntusuna yol verən şəxslər 2-ci cəhd imtahanına buraxılmırlar”.

 

Təhsil eksperti Elçin Əfəndi də bu mövzuda DİM-in iş prinsipini dəstəkləyib və imtahandan xaric olunmuş abituriyentlərin bir il prosesdən uzaqlaşdırılmasının doğru qərar olduğunu bildirib. O vurğulayıb ki, əgər həmin şagirdlər barədə indi tədbir görülməsə, onlar gələcəkdə daha böyük səhvlərə yol verə bilərlər.  

 

“Nəzərinizə çatdırım ki, əgər imtahandan şagird müvafiq olaraq köçürməyə cəhd edirsə, bu uşağın savadı yoxdur. O, sadəcə imtahana girib köçürmə edərək kiminsə haqqını tapdamış olacaq, müəyyən nəticə əldə edərək kiminsə yerini zəbt edəcək. Əgər bu gün kimsə mobil telefon, “ağıllı saat"la imtahan zalına girməyə cəhd edir və yaxud da müxtəlif köçürmə üsullarına əl atırsa, o zaman biz hansı ədalətdən danışa bilərik? Əgər bir şagirdin savadı və biliyinə inamı yoxdursa, mən o abituriyentin hansısa yolla universitetə qəbul olmasının qəti tərəfdarı deyiləm. Həmin uşaq bir il imtahanlardan uzaqlaşdırılmalı, prosesdən təcrid olunmalıdır.

 

Təsəvvür edin ki, biz bu gün həmin uşağa şərait yaratsaq, o sabah pul yığan, harınlamış məmur olacaq, müxtəlif üsullara əl atacaq ki, dövlət büdcəsini çapıb talasın. Ona görə Dövlət İmtahan Mərkəzi inanmıram ki, hansısa situasiyada bu mövzuda kompromisə getsin və getməməlidir də. Mən DİM-in qərarını dəstəkləyirəm. Belə şagirdlər əlbəttə ki, prosesdən kənar saxlanılmalıdır, onlar bir il hazırlaşmalı, gələn il imtahan verməlidir. Bu, bir növ təhsil almağa məcburetmə kimi qəbul olunmalıdır”.