Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 10:06:00
Gənclərimiz niyə xaricdə təhsil üçün Ukraynaya üstünlük verib? 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını təqdim edib. Bu ay üzrə 734 müraciətçi qeydə alınıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda 328 nəfərin Ukraynadan diplom gətirdiyini görürük. Bu, ümumi müraciətlərin təxminən yarısına bərabərdir.

 

Buradan belə bir sual meydana çıxır: nə üçün gənclərimiz təhsil üçün daha çox Ukraynaya üz tutublar?

 

Buna səbəb təhsilin keyfiyyətidir, yoxsa digər faktorlardır?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov müraciətçilərin sayının yüksək olmasını rus dilinin ciddi şəkildə tələb olunmaması və təhsil haqqının aşağı olması ilə əlaqələndirir.

 

 

“Bir neçə il bundan əvvəl Ukrayna və Rusiya universitetləri Azərbaycandan kütləvi şəkildə attestatla abituriyent qəbul etməyə başlamışdı. Yəni Ukrayna universitetləri digər ali məktəblərə nisbətən daha əlverişli təhsil imkanları yaratdı. Azərbaycanlı tələbələr üçün orada təhsil almaq daha asan oldu. Rus dilinin ciddi şəkildə tələb olunmaması, təhsil haqqının aşağı olması da burada əsas səbəblərdəndir”.

 

Müsahibimiz Ukraynada təhsil alan gənclərin mövcud müharibə vəziyyəti ilə əlaqədar diplom əldə etməsində də güzəştlər olduğunu qeyd edib.

 

“Ukrayna universitetlərini seçən tələbələr öz təhsillərini başa vurana yaxın, bildiyiniz kimi, müharibə başladı. Müharibə səbəbilə onların mümkün qədər güzəştli şəkildə təhsillərini başa vurub diplom almalarına şərait yaradıldı. Hazırda Rusiyada və ya Türkiyədə təhsil alan gənclərimizin diplom almasında müəyyən problemlər var. Onlar diplomlarını ala bilmək üçün müəyyən qayda-qanunlara riayət etməlidirlər. Ancaq Ukraynada müharibə ilə əlaqədar bu məsələyə çox da ciddi şəkildə nəzarət olunmur. Qeyd etdiyimiz səbəblərdən bu gün belə bir say çoxluğu müşahidə olunur”. 

 

Təqdim olunan  diplomlarda ən çox maliyyə, iqtisadiyyat, hüquqşünaslıq, menecment, bizensin idarə edilməsi kimi ixtisasların qeyd edilməsinə gəlincə: 

 

“Bunlar hazırki dövrümüzdə əmək bazarında tələb olunan sahələrdir. Nəzərə alsaq ki, son bir neçə ildir ölkəmizdə sözügedən ixtisaslara keçid balı yüksək olub, onda abituriyentlərin bu istiqamətlər üzrə xarici ölkələri seçmə səbəbləri məlum olur”, - deyə Ə.İbrahimov bildirib.