Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 13:30:00
Yay imtahan sesiyyası necə təşkil olunub? - Beş universitetdən CAVAB 

Bu gündən ali təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına start verilib.

 

AzEdu.az saytı ali təhsil müəssisələrində yay imtahan sessiyalarının necə təşkil olunduğu ilə bağlı bir neçə universitetə müraciət edib.

 

Universitetlər yay imtahan sessiyasının başlama və bitmə tarixləri, Apellyasiya Komissiyasının fəaliyyəti, sonuncu kursların dövlət imtahanının vaxtı ilə bağlı məlumat veriblər.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, ali təhsil ocağında 2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası iyunun 1-i başlayır və iyulun 5-dək davam edəcək.

 

“İmtahan şifahi və test üsulu ilə keçiriləcək. Apellyasiya Komissiyası imtahan müddətində fəaliyyət göstərəcək. Sonuncu kursların Yekun Dövlət Attestasiyası 20 iyun-5 iyul tarixləri arasında olacaq”.

 

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev imtahan sessiyası ilə bağlı ətraflı məlumat verib:

“Bakı Mühəndislik Universitetində bakalavriat və magistratura səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası iyun ayının 1-i başlayıb, iyul ayının 5-dək davam edəcək. İmtahan prosesində tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edilməsi, auditoriyalarda imtahanların yüksək səviyyədə təşkili üçün bütün zəruri tədbirlər görülüb. Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə nəzərdə tutulan işlər tamamlanıb. İmtahan nəticələri imtahanın keçirildiyi gün fənn müəllimi tərəfindən universitetin Elektron Məlumat Sisteminə daxil ediləcək. Sessiyanın gedişinə operativ nəzarət etmək, imtahanlarda yarana biləcək şikayətlərin həllini təmin etmək məqsədilə universitetdə Qərargah və Apellyasiya komissiyası yaradılıb. Tələbələr Apellyasiya Komissiyasına müraciət qaydaları haqda ətraflı məlumatlandırılıb. Sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təşkili universitet rəbərliyinin diqqət mərkəzində saxlanılacaq.
Sonuncu kursların dövlət imtahanlarının iyun ayının 25-dən sonra keçirilməsi planlaşdırılır”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov imtahanda nə qədər tələbənin iştirak edəcəyini qeyd edib:

“Azərbaycan Dövlət Pedaqoji Universitetində yay imtahan sessiyası 1 iyun tarixindən 5 iyul tarixinədək davam edəcək. İmtahanlarda 8255 tələbə və magistrant iştirak edəcək. “Apelyasiya Komissiyası” və “İmtahan Qərargahı” yay imtahan sessiyası bitənə qədər fəaliyyət göstərəcək. Yay semestri tələbələrin müraciətləri əsasında təşkil edilir. Buraxılış Yekun Dövlət Attestasiyası 19 iyun tarixindən başlayacaq”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova imtahan sessiyasının təşkili ilə bağlı bunları bildirib:

 

“UNEC-də 2022/23-ci tədris ilinin yay imtahan sessiyası iyunun 1-dən başlayıb, iyulun 5-də yekunlaşacaq. Yay imtahan sessiyası ənənəvi qaydada aparılacaq. İmtahanlar Elmi Şuranın təsdiq etdiyi fənnlərin siyahısına uyğun olaraq yazılı və test üsulu ilə keçiriləcək. İmtahan nəticələri elan olduqdan həmin gündən sonra 3 gün ərzində tələbələr apellyasiya ərizəsi yazaraq, müraciətlərinə cavab ala biləcəklər. Sonuncu kurs tələbələrinin dövlət imtahanı iyun ayının 21-22-si, diplom müdafiəsi isə iyun ayının 16-dan etibarən başlanacaq”.

 

 

Azərbaycan Universitetinin (AU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Lalə Dilanova vurğulayıb ki, iyunun 1-də başlayan imtahanlar 5 həftə davam edəcək.

 

“Sessiya dövründə imtahanların təşkili və gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması məqsədilə “İmtahan nəzarət komissiyası” fəaliyyət göstərəcək. Tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş verə biləcək mübahisələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq “Apellyasiya komissiyası” yaradılıb”- deyə o, fikrini tamamlayıb.