Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 17:50:00
Dahi alimin qəribə vərdişləri, maraqlı faktlar – Azad Mirzəcanzadə - 90

 

Bu gün Azərbaycanın ən tanınmış alimlərindən biri, universal zəka sahibi hesab edilən mərhum professor Azad Mirzəcanzadənin doğum günüdür.

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat edib.

AzEdu.az mərhum professor barəsində xatirələri və onunla bağlı maraqlı detalları təqdim edir: 

 “Mənə birbaşa elmlər doktoru dərəcəsini  verdi”

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu da Azad Mirzəcanzadə Ali Attestasiya Komitəsinin  sədri olduğu zaman onunla baş tutan maraqlı bir görüşü xatırlayır:

“Elmi fundamental nəzəriyyəyə aid yazdığım kitabı Azad müəllimə hədiyyə etdim. Bir gün Azad müəllim məni çağırıb soruşdu ki, bu kitabı niyə mənə hədiyyə etmisən? Dedim ki,  Azad müəllim ölkədə az-çox elm ilə kim maraqlanırsa, onlara hədiyyə  etdim ki, heç olmasa tənqid etsinlər. Mən də bilim ki,  nə dərəcədə düz yoldayam. Azad müəllim ən birinci ədəbiyyat siyahısında yazdığım alimlərdən  sual verməyə başldı: Məsələn,  soruşdu ki, sən siyahıda Xavbard yazmısan, onu oxumusan? Cavab verdim ki, bəli oxumuşam və evdə mənim şəxsi kitabxanamda onun “Dialektologiya”sı var. 

O, təəccüb dolu baxışla mənə baxdı. Sonra soruşdu ki, sən bu ədəbiyyat siyahısında yazdıqlarının hamısını oxumusan? Cavab verdim ki, nəinki oxumuşam,  hətta təhlil də etmişəm. Birdən qayıtdı dedi ki, mən istəyirəm ki, bu elmi işə görə sənə birbaşa elmlər doktoru dərəcəsini verim. Çünki Azərbaycanda elmi fundamental işlər  5-10 ildən bir yazılır. Çox təəccübləndim. Elə bildim ki,  zarafat-zad edir. Dedim ki,  Azad müəllim mən elmi dərəcə almaq niyyətimdə deyiləm, əsəri də o məqsədlə sizə təqdim etməmişəm. Cavab verdi ki,  5-10 ildən bir yazılan elmi-fundamental işi dəyərləndirməsək, bu böyük məğlubiyyətimiz olar. Ona görə də istəyirəm  bu elmi dərəcəni verək ki, sənin elmi metodun inkişaf etsin. Dedim ki,  mən müxalifətəm, yəqin icazə verməzlər ki, elmlər doktoru olum. Hirsləndi ki bu elmdir,  burada nə iqtidar, nə müxalifət?!  Mən də lazımı yerlərdə bu məsələni qaldıracağam. Sonra görüşəndə dedi ki, mənim qarşıma şərt qoyurlar ki, əgər Sərdar Cəlaloğlu elmlər doktoru alacaqsa, sən də bizim dediyimiz adamlara elmlər doktoru verməlisən. Çünki onların xeyli kitabları var. Amma mən onları başa sala bilmədim ki, mən kitaba yox, elmi fundamental əsərə dərəcə verirəm. Sonra Azad müəllim məndən soruşdu ki, sən istəyərsənmi, mən öz prinsiplərimdən əl çəkib həm sənə, həm də onlara elmlər doktoru verim? Mən buna qəti razı olmadım.

Bir müsahibə diktora auditoriyanı necə sevdirdi?

Hamının tanıdığı məşhur diktor Rafiq Həşimov da A. Mirzəcanzadənin şəxsən evinə gəlib-getdiyi tələbələrdən olub:

“1998-99-cu illərdə dövlət televiziyasında “XX əsr” adlı müəllif proqramım var idi. Qonaqlarımızdan biri də Azad müəllim oldu. Elə onunla ilk söhbətdə başa düşdüm ki, necə böyük bir alimlə həmsöhbətəm. Onu da bildim ki, bu alimdən çox şey öyrənmək lazımdır. Çünki o, filosofdan yaxşı filosof, ədəbiyyatçıdan yaxşı ədəbiyyatçı, musiqiçidən yaxşı musiqiçi idi. Ümumiyyətlə, hərtərəfli insan idi. Azad müəllimlə 8-9 ay müddətində qurduğum ünsiyyət mənə imkan verdi ki, universitet auditoriyasına gedib tələbələr qarşısında çıxış edim”.

 “Alimlər” necə rədd edirdi

Çox məşhurlarla maraqlı xatirələri olan məşhur kitabçı Elman Mustafayev də Azad Mirzəcanzadə ilə bağlı əhvalatı danışır:

“Azad müəllim Ali Attestasiya Komissiyasının sədri olan vaxt çox adam ondan incik idi. Çünki o, mənsəbə yox əsl elmə qiymət verirdi. Görürdün ki, varlı bir biznesmen,  yaxud vəzifə sahibi hər hansı sahədə elmlər namizədi adını almaq istəyirdi.  Amma Azad müəllim ona heç vaxt imkan verməzdi. Məsələn,  deyərdi ki, sənin sahən, işin budur , o hara, müdafiə etdiyin iş hara? İşlər elə beləcə də geri qaytarılırdı. Bir dəfə çox maraqlı bir söz işlətdi. Dedi ki, bunlar professor adını ancaq öləndə  baş daşı üzərində yazdırmaq üçün istəyirlər“.

Azad Mirzəcanzadə ilə bağlı maraqlı faktlar:

– O həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün vəfat etdi (iyunun 17-si).

- 77 yaşında vəfat edən alim, ömrünün sonuna qədər evlənmədi.

- Eks-prezident Əbülfəz Elçibəy iki dəfə ona Bakı Dövlət Universitetinin rektoru vəzifəsini təklif etsə də, qəbul etməyib.

- Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Özünün də dediyinə görə, masanın üzərindəki qarışıqlıq onun iş rejimini əks etdirirdi.

- Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa,  pendir və “selyodka” idi.

- Neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı - Üzeyir Hacıbəylinin...