Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 14:34:00
“Brend tələbə”: “Valideynlərim həkim olmağımı istəyirdi, mən razılaşmadım” - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) lll kurs tələbəsi Bikəxanım Qulaməddinovadır.

 

 

- Əvvəlcə özünüz haqqında məlumat verməyinizi istərdik...

 

- Mən Bikəxanım Qulaməddinova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin biologiya müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsiyəm.

 

- Təhsil aldığınız ixtisası universitetə qəbul olunmazdan öncə müəyyənləşdirmişdiniz? 

Açıklama yok.

 

- Ailəmin ilk övladı bacımdır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuşdu. Ödənişli təhsil alırdı, maddi vəziyyətimiz aşağı olduğundan mən hazırlıqlara gedə bilmirdim. Lakin müəllimlərim mənə ödənişsiz dəstək oldular ki, həvəsim və biliyim sayəsində universitetdə təhsil alım. Uşaq vaxtl oynadığım oyunlarda hər zaman həkim oldurdum. Ona görə də, valideynlərim həkim olmağımı istəyirdi. Lakin mən özümü o ixtisasda görmürdüm. Düşünürəm ki, insan sosiallaşdıqca, hansı ixtisasda olmaq istədiyini tapır.

Birinci ildə Odlar Yurdu Universitetinin Biologiya fakültəsinə qəbul olunsam da, imtina etdim. Çünki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almaq istəyirdim və daha bir il hazırlaşdım. Ətrafın düşüncəsi mənim üçün önəmli olmadı. Bu bir risk ola bilərdi, yetəri qədər bal toplamaya bilərdim. Lakin mən bacardım, universitetimi də, ixtisasımı da çox sevirəm. Mənə biologiyanı sevdirən, hazırlıq müəllimim Sevda xanım olub. O, saatlarla yorulmadan hər nüansı qarşılıqsız şəkildə mənə izah edirdi. Uğurlarımın çoxunu valideynlərimə borclu olduğum kimi, mənə dəstək olan müəllimlərimə də borcluyam.

 

- Ən böyük uğurunuz nə olub?

 

- Ən böyük uğurum ailəmin mənə hər an dəstək olmasıdır. Mən çox insanla ünsiyyət qurub, onların baxış bucaqlarından həyata baxmağı çox sevirəm. Fərqli yerlərdə olmağı, müxtəlif layihələrdə iştirak etməyi, özümü inkişafı etdirməyi çox sevirəm. Lakin bunları yalnış başa düşən valideynlər var ki, övladları ona görə müəyyən layihələrdən qalır. Amma ailəm həmişə mənə dəstək verib. Ailə dəstəyi olmasa, bu uğurların heç biri olmazdı. Düşünürəm ki, məktəb, musiqi, universitet həyatımda çoxlu uğurlarım var. Və ailəm, iradəm, istəyim, həvəsim, çalışmağım, məsuliyyətim sayəsində o uğurların hamısı mənim üçün eyni pillədədir.

 

- Bildiyimizə görə, kitab da yazırsınız...

 

- Mən hər ay bir neçə dəfə təkbaşına dəniz qırağına gedir, hər şeydən uzaqda dayanmaqla özümlə zaman keçirirəm. Düşünürəm ki, əgər mən təkbaşıma özümlə zaman keçirə bilirəmsə, deməli hər çətinliyin ğhdəsindən gəlmək gücüm var.

Belə günlərdən biri idi, həyatımda olanları saf-çürük edirdim. Ətrafımda çoxlu tələbə var ki, mənim uğurlarımı, bu pilləyə necə gəldiyimi soruşur. Mən də çəkinmədən bildiklərimi hər kəslə bölüşürəm. İçimdə “bəs mən olmayan dünyada mənim kimi bir insan olarmı” sualı yarandı. Çünki zamanla insanlar çox qəribə olurlar. Və çox insanda iradənin yüksəkliyini görmürəm. Çoxlu kitablar oxumuşam, həmin kitablardan belə qənaətə gəlmişəm ki, çətin, amma uğurlu həyat yaşamışam. Bu düşüncə ilə kitab yazmaq istəyi yarandı.
Daha sonra kitaba qoymalı olduğum adla bağlı bir yuxu gördüm. Mən sadəcə “bu yuxudur, yəqin ki, çox düşünüb yatmışam, ondandır” deyib günümə davam etdim. Lakin, yenə də bu hal təkrarlandı. O zaman əmin oldum ki, həmin kitabı yazmalıyam...

 

- Kitabınız nə haqdadır?


- Öz həyatım haqqında. Bilmirəm nə qədər zaman yaşayacam, bilmirəm həyatımda nələr olacaq, amma bu kitabda insanların bir dəfə gəldikləri həyatı öz istəklərinə uyğun yaşamalarını istəyəcəm. Necə ki, ölməz musiqilər var, elə də ölməz insan həyatları var. Hər kəs həyatda oxşar hadisələrlə qarşılaşır. Hər dəfə də eyni çuxurlara hər insan ən azı bir dəfə düşür. Bu həyata fərqlilik qatmaq lazımdır. Özünün imzası olan həyatı yaşamaq lazımdır. 

 

- Musiqi ilə də məşğul olursunuz. Bu məşğuliyyətinizə hobbi kimi yanaşırsız, yoxsa peşəkər olmaq fikriniz var?

Açıklama yok.

 

- Musiqiyə həvəsimin yaranması anam sayəsində oldu. Anam bacımı rəsmə, mənə kanon (qanun) ixtisası, qardaşıma isə kamança ixtisası üzrə təhsil almağa imkan yaratdı. Birdən universitet təhsiliniz olmaz, amma musiqi təhsiliniz mütləq olsun demişdi. Biz Fikrət Əmirov adına 6 saylı 11 illik uşaq incəsənət məktəbində imtahan verdik, bacımın əl qabiliyyəti çox gözəl olduğundan imtahansız qəbul olundu. Mənim musiqi duyumum zəif, lakin qardaşımınkı çox güclü idi. İkimiz də qəbul olunduq.
Musiqi təhsilimdə ixtisasımı - fortepiano, solfecio, musiqi ədəbiyyatı - hər fşeyi çox yüksək səviyyədə başa vururdum. Müxtəlif televiziya kanallarında çıxış edirdim, mükafatlar alırdım, konsertlərdə çıxışlarım olurdu. Nəinki kanon (qanun), həmçinin fortepiano ilə konsertlərdə çıxışlarım olurdu. Hətta mənə 11 illik təhsili tamamlayıb, solo konserti verməyi məsləhət etdilər, lakin mən 5 illik musiqi təhsilini seçdim. Hazırda musiqi ilə hobbi kimi məşğul oluram. Boş zamanlarımda fortepianoda mahnılar ifa etməyi çox sevirəm. Peşəkar musiqiçi olmayacam demirəm, çünki həyat mənə hər olmayacam dediyim bir şeyi gerçəkləşdirdi. Yaşayaq, görək...

 

- Təhsil həyatınızda çətinliklərlə qarşılaşmısınız?

- Təhsil həyatımda orta məktəbi, musiqini, universiteti çox yüksək göstəricilərlə davam etdirmişəm. Dərslərdə çətinliyin olması normal haldır. Amma digər çətinliklər də yaşamışam. Məsələn, anam yolpulumuz olmadığı halda bizi hazırlığa piyada aparıb-gətirirdi... Baxın, bu çətinliyin qarşılığı, bu haqq heç zaman ödənməz...

 

- Universitetin aktiv tələbələrindən biri olmaq sizə nə qazandırır?

Açıklama yok.

 

- Tək öz universitetim üzrə deyil, digər ali məktəblər tərəfindən də aktivliyimə görə tanınıram. Bu, dama çox yaxşı duyğular yaşadır. Nəticəsi də çox gözəldir. Universitetdə seçilməyin, əziyyətinin bəhrəsini görməyin yaxşı hisslər doğurur. Aktivlik hamıda ola bilər, amma mənə görə onu düzgün istifadə etməlisən.
Fəallıq çox yerdə məni önə aparır. Aktiv tələbə olmağın çətin cəhətlərindən biri də çox insanla ünsiyyətdə olmaqdır. Tələbələr gəlir, yaxınlaşır, telefonla əlaqə saxlayaraq problemləri ilə bağlı müəyyən məsləhətlər istəyir, mən izah edirəm, amma say çoxluğu o qədərdir ki, onları tanımaq bəzən zaman alır. 

- İlk iş təcrübəniz hansı sahə ilə bağlıdır? Əgər sirr deyilsə, ilk qazancınız nə qədər olub?

 

- İlk iş təcrübəm evdə şagird hazırlaşdırmaq idi və bunu ödənişsiz etmişdim. Daha sonra öyrətmə bacarığım bəyənildiyndən başqa şagirdlər də yanıma gəlməyə başladılar. Bu işə 11-ci sinifdə təhsil alanda başlamışdım. İlk qazancım səhv etmirəmsə 30 manat olmuşdu. Daha sonra şagirdlərimin sayı artdı, çoxuna ödənişsiz dərs keçməyə çalışırdım. Çünki onlara maddiyyat gözü ilə baxmırdım. 

 

- Bəs hazırda harda işləyirsiniz?

 

- Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatında sədr müavini, Dost İnkulziv İnkişaf və Yaradıcılıq mərkəzində III növbə üzrə könüllü qrup rəhbəri vəzifəsində çalışıram. Bir çox təşkilatlarda isə üzvlük fəaliyyətim var.

 

- Xaricdə oxumaq barədə düşünmüsünüz?

 

- Bəli. Amma hesab edirəm ki, hər kəs hər şeyi öz ölkəsində də bacarar. Və mən bunu edəcəm, öz ölkəmdə, böyük uğurlara imza atacam.

 

- Son olaraq, öz yaşıdlarınıza nə demək istəyərdiniz?

 Açıklama yok.

- Həmyaşıdlarıma demək istəyərdim ki, qulaqcıqlarınız olsun. Ətrafın düşüncəsini, psixoloji təsirini dinlətməyən, öz istədiyinizi əldə edənə qədər iradəyə malik olan melodiyanız olsun, maddi çətinlik sizə maneə yaratmasın. Daşdan belə pul çıxartmağı bacarın, lazımdırsa sərbəst işlər yazın - oradan pul qazanın, ödənişli iş verən təşkilatlar var - oralara qatılın, pul üçün çalışmayın, amma ödənişlərinizi də qarşılayacaq bir şeylər edin. Mən şəxsən təhsil haqqımın bir hissəsini özüm bu yollarla ödədim. Digər hissəsini isə ailəm və bir rəfiqəm ödədi...
Çalışın ki, yuxuya önəm verməyin, onsuz da əbədi yuxuya gedəcəyik. 
Motivasiyanızı yüksək tutun, sizin heç kimdən geri qalmaq şansınız yoxdur. Bu şansı özünüzə verməyin. Siz özünüz özünüzü inkişaf etdirməsəniz, özünüzün yarasını sağaltmasınız, bunu sizin üçün heç kim etməyəcək...