Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 12:51:00
Xaricdə təhsil şirkətlərinin məsləhətinə ehtiyac var? - ARAŞDIRMA

Təqaüdlə oxumaq tələbələrin təhsil haqqı ödənişlərinin dövlət tərəfindən və ya qəbul olunduğu özəl universitet tərəfindən qarşılanmasıdır. Bir çox ölkələr tələbələr üçün müxtəlif təqaüd proqramları təşkil edir. Təqaüd proqramı bakalavr, magistr və doktorantura səviyyələrini əhatə edir. 

 

Proqrama müraciət etmək üçün bir sıra lazımi sənədlər və onların müəyyən qaydada təqdim olunması vacibdir. Bu olduqca əziyyətli və uzun zaman tələb edən proses olduğundan tələbələr çox zaman həmin fəaliyyətlə məşğul olan şirkətlərdən konsultasiya alırlar. Bunun müqabilində isə həmin şirkətlərə müəyyən miqdarda məbləğ ödənir. Söhbət 900-2000 manat civarında məbləğdən gedir. Bu, tələbələr üçün olduqca yüksək bməbləğdir. Ancaq məbləğin yüksək olmasına baxmayaraq,  şirkətlərə müraciət edən tələbələr də az deyil.
Bunu nəzərə alaraq, xaricdə təhsil məsələlərilə məşğul olan şirkətlərə müraciətlə bağlı təhsil ekspertlərinin və tələbələrin fikirlərini öyrəndik. Onlar şirkətlərin işinin keyfiyyətinə, yoxsa nələrə önəm verirlər?


Təhsil ekperti Adil Vəliyevə AzEdu.az-a açıqlamasında təhsil şirkətlərinin böyük məbləğ qarşılığında konsultasiya verməsindən narazılıq edib.

 

“Xaricdə təhsil şirkətləri abituiyentlər buraxılış imtahanı verdikdən sonra artmağa başlayır və hər biri də tələbələrə konsultasiya vermək üçün reklam yayaırlar. Bu fəaliyyətin qarşılığında da böyük məbləğdə ödəniş tələb olunur. Demək olar ki, bir çox hallarda abituriyentlər uğursuz şirkət seçimi etdiklərinə görə xaricdə təhsil planı baş tutmur.

Bu kimi halların yaşanmaması üçün xaricdə təhsil almaq istəyən tələbələr orada təhsil alan və ya təhsilini başa vurmuş başqa bir həmyerlimizlə əlaqə yaradıb, lazımi məlumatları ondan əldə etsinlər. Bundan əlavə, belə fəaliyyətlə tanınan məşhur şirkətlərdən konsultasiya almaq daha məqsədəuyğundur. Ancaq ümumilikdə, mən şirkətlərin böyük məbləğlə konsultasiya verməsinə qarşıyam.

Konsultasiya verən şirkətlər abituriyentlərə, tələbələrə getmək istədikləri və ya gedəcəkləri ölkələrdə təhsil sistemi ilə bağlı bütün məlumatları açıqlamalıdır. Əgər gözdən qaçan bir məqam olarsa, həmin gənc bununla bağlı böyük problemlər yaşaya bilər”.

 

Türkiyə təqaüdlərinə baş vurmuş Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi Nəzrin Məlikova: 
 

“Düşünürəm ki, Türkiyə bursları üçün şirkətlərə müraciət etmək əlavə xərcdən başqa bir şey deyil. Çünki onsuz da tələb olunan sənədləri özümüz yığırıq, qalır sadəcə onları elektron formaya çevirmək. Sistem isə sənədləri müvafiq bölmələrə əlavə etmək üçün olduqca sadə hazırlanıb. Hər bölmədə aydın şəkildə bizdən hansı sənəd tələb edildiyi bir neçə cümlə ilə izah olunub. Şəxsən mən bütün sənədləri özüm hazırlayıb sistemə yükləmişəm, birinci mərhələdən də qəbul almışam. Yəni şirkətlərin yüksək qiymətə həll etdiyi hissəni mən özüm keçdim. Yenə də hər kəsin şəxsi seçimidir. Amma zənnimcə, diqqətli və tam şəkildə sənədləri yükləmək kifayətdir, nəinki şirkətlərə müraciət”.

 

No description available.

Türkiyə burslarına müraciət edən digər müsahibimiz də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsidir - Ruslan Ələsgərov:

 

“Fikirləşirəm ki, şirkətlərə etdiyimiz ödəniş onların gördüyü işə bərabərdir. Məsələn, mən konsultasiya aldığım şirkətə 900 manat ödəniş etmişdim. Onlar da məbləğin qarşılığı olaraq çox sayda universitetə müraciət ediblər. Eyni zamanda, hansı universitetlərdən qəbul alacağımıza qarantiya da veriblər. Əslində şirkətin gördüyü işləri biz özümüz də edə bilərik. Sadəcə, biz işimizi onlara həvalə etməklə vaxtımıza da qənaət etmiş oluruq. Necə deyərlər, bütün məsuliyyəti onlara yükləmiş sayılırıq. Çünki bizim qəbulumuzdan məsuliyyətli olurlar. Xüsusilə vaxt və məsuliyyət baxımından şirkətlərlə əməkdaşlıq etmək olar. Əlbəttə, güvəndiyimiz, etibarlı fəaliyyəti olan şirkətlərdən söhbət gedir. Bunu da qeyd etmək istəyirəm ki, işin texniki tərəfini onlara həvalə etmiş olsaq da, qəbul almağımızda ən böyük pay bizim üzərimizə düşür. Şirkətin ödənişini versək də,  fəaliyyətin hansı istiqamətdə irəlilədiyinə nəzarət etməliyik”.

 

No description available. 

Təhsil jurnalisti Firuzə Əliyeva: 
 

“Hər il yüzlərlə tələbə xaricdə təhsil almaq niyyətinə düşür. Onlardan bəziləri burada yaxşı bal toplaya bilməyib, sadəcə attestatla xarici ölkədə təhsil almaq istəyənlər, bəziləri isə yüksək elmi göstəricilərə sahib olub biliklərinin daha da təkmilləşdirmək üçün həmin yolu seçənlərdir. Təcrübələrim və müşahidələrim onu göstərir ki, ölkəmizdəki xaricdə təhsil şirkətlərinin əksəriyyəti özünü doğrultmur. Özüm də daxil olmaqla, ətrafımda olan xeyli insan var ki, xarici ölkədə təhsil almaq üçün bu tipli şirkətlərə müraciət edib və uğurlu nəticə əldə etməyib. Bir çoxu reklamlarda inkişaf etmiş ölkələrin ən prestijli universitetlərində sadəcə 80+ GPA və 5.5+ İELTS göstəricisi ilə pulsuz, eyni zamanda, 20-30 min avro civarında təqaüdlə təhsil almaq imkanını təklif edir. Üstəlik, ödənişə viza dəstəyi və sənədlərin hazırlanmasına köməkliyin də daxil olduğu deyilir. Əlbəttə, özünüz də oxuyanda deyirsiniz ki, ”bu necə ola bilər?”. Lakin, işçilərin məsuliyyətsiz davranışlarına görə tələbələrin əksəriyyəti sənəd yığılması prosesində əziyyət çəkir. Ya universitetə qəbul oluna bilmirlər, ya da viza ala bilmirlər. Əslində, araşdırmaqla həmin şirkətlərin işini hər kəs özü də görə bilər, sadəcə bəzən hamımz asana qaçmaq istəyirik. Ən azı, bu tipli şirkətlərə müraciət edərkən yaxşı araşdırma aparmalı və seçim edərkən düzgün qərar verilməlidir. Bütün işi şirkətə həvalə edib prosesdən xəbərsiz qalmaq olmaz, onlarla birlikdə tələbə özü də hər şeyə mütləq diqqət etməlidir. Gələcəkdə sözügedən şirkətlərin də insafla davranıb öz işlərini layiqincə görmələrinə ümid edirəm”.