Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 17:23:00
Məzunlar 50 ildən sonra görüşüb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1973-cü il məzunları 50 ildən sonra təhsil aldıqları universitetdə bir araya gəliblər.

 

AzEdu.az xəbər verir ki, məzunlar ilk öncə şəhidlərin Memorial kompleksini ziyarət edərək, onların xatirələrini ehtiramla yad ediblər. Sonra universitetdə infotur təşkil olunub. Onlar 24/7 kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla, Yunus Mərkəzi ilə tanış olublar.

 

Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 

Karyera Mərkəzinin rəhbəri Aytac Rzayevanın moderatorluğu ilə keçirilən tədbiri giriş sözüylə açan elm üzrə prorektor professor Sakit Yaqubov onunla birlikdə məzun olmuş tələbə yoldaşlarını universitet rəhbərliyi adından salamlayıb, onları yenidən universitetdə görməyindən məmnun olduğunu bildirib.

 

UNEC-in Məzunları Assosiasiyasının idarə heyətinin sədri, Rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Raqif Qasımov tədbirdə məzunlara və qonaqlara UNEC-in son illərdəki fəaliyyəti və uğurları barədə məlumat verərək, tələbələrin yaxşı təhsil almaları üçün yaradılan şəraitdən danışıb.

 

Tədbirdə Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov 50 ildən sonra gördüyü qrup yoldaşları ilə bağlı xoş xatirələrini bölüşüb. Əvəz Ələkbərov həmçinin vaxtilə universitetdə təhsil alan gənclərin əksəriyyətinin bu gün ölkəmizdə müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik ixtisaslı, peşəkar kadrlar olduğunu bildirib.

 

Sonra Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev tədbirdə fakültə haqqında, hazırki qəbul qaydalarından, tədris sistemindən, fakültənin əldə etdiyi nailiyyətlərdən söz açıb.

 

Sonra məzunlar bir-bir söz alaraq xatirələrini bölüşüblər. Universitetin müasir təhsilimizdəki danılmaz rolunu və onun elm və təhsil ocağı kimi tanındığını dilə gətiriblər. Tələbəlik illərini kövrək xatirələrlə yad edən məzunlar sonda göstərdikləri diqqətə görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirərək, gətirdikləri hədiyyələrini universitetə təqdim ediblər.

 

Sonda məzunlar xatirə fotosu çəkdiriblər.