Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 12:43:00
Fədakar müəllim: “Şəhər məktəbinə işə qəbul olundum, kəndi seçdim” - MÜSAHİBƏ

Azərbaycanda peşə fəaliyyətini yerinə yetirmək üçün uzun yollar qət edən, dərs dediyi məktəbə getmək üçün hər cür çətinliklərə sinə gərən müəllimlər var. 

 

AzEdu saytı həmin fədakar və zəhmətkeş müəllimləri ictimaiyyətə tanıtmaq üçün onlarla silsilə müsahiblər hazırlayır.

 

Bu dəfə haqqında bəhs etdiyimiz müəllim Xazmazın qədim kəndlərindən birində dərs deyir.  

 

AzEdu.az-ın "Fədakar müəllim" layihəsinin növbəti qonağı 27 yaşlı Sənan Həsənovdur.   

 

- Öncə özünüzü oxucularımıza təqdim edin...

 

- Mən - Həsənov Sənan Niyaz oğlu 10 avqust 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi Sumqayıtda 14 saylı orta məktəbdə almışam. Kiçik yaşlarımdan idmanla məşğul olmuşam. Respublikla tipli yarışlarda nəticələrim olub. 2014-cü ildə Azerbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam. 2018-ci ildə ali təhsili bitirmişəm. 2019-2020 illerdə hərbi xidmət keçmişəm. Hərbi xidməti bitirdikdən sonra Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edərək, Xaçmaz rayonunda müəllim kimi fəaliyyətə başlamışam.  

 

- Xaçmazda hansı məktəbdə fəaliyyət göstərirsiniz?

 

- Xaçmaz rayonu Qaracik-Zeyd kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi kimi V-XI siniflərə dərs keçirəm.

 

Açıklama yok.

 

- Belə başa düşdük ki, Sumqayıtda yaşayırsınız, bəs həftədə neçə dəfə Xaçmaza gedib-gəlirsiniz?

 

- Əvvəllər tez-tez gedib-gəlirdim. Amma xeyli vaxtdır iş yoldaşımla ailə həyatı qurmuşam. Deyərdim ki, bu, məktəbin mənə qazandırdığı ən dəyərli şeylərdən biridir. Həyat yoldaşımla Xaçmazda qalırıq, ancaq həftəsonları Sumqayıta ailəmin yanına gedib-gəlirəm.

 

Dediniz ki, iş yoldaşınızla ailə həyatı qurmusunuz. İkiniz də müəllimsiniz. Qazandığınız məvacib sizi qane edirmi, tələbatlarınızı ödəyə bilirsiniz?

 

- Aldığım əməkhaqqı məni qane edir, işimi sevirəm. Qazandığım məvacibin bir hissəsini öz şagirdlərim üçün istifadə edirəm. Məktəb rəhbərliyinin və kollektivin hər zaman dəstəyini hiss etmişəm. Bundan başqa, Qaracik-Zeyid kəndinin camaatı da hər zaman mənə dəstək olub. Hər zaman özümə qarşı xüsusi hörmət hiss etmişəm.

 

- İş yerini Sumqayıta dəyişmək istəmisiniz?

 

- Mənim şəhərdə işləmək niyyətim yoxdu. Qeyd edim ki, ilk imtahandan sonra şəhər məktəbinə işə qəbul olunmuşdum. Azərbaycanda tanınmış şirkətlərin birində müəyyən bir vəzifəm də olub. 2020-ci ildən sonra isə bu kənddə işləməyə başladım. Düşünürəm ki, həyatımın ən düzgün qərarını verdim.

 

Açıklama yok.


- Qeyd etdiniz ki, özünüz də yarışlarda iştirak etmisiniz. Bəs idmançı karyerası naminə müəllimlik peşəsindən imtina etmək fikriniz yoxdur ki?

 

- Mən müəllimliyi öz müəllimlərimin timsalında sevmişəm. Müəllim olandan sonra isə şagirdlərimi çox sevdim. Şagirdlərimi də hər zaman yarışlara hazırlamışam. Yaxşı nəticələrimiz olub. Onlara bəxş etdiyim sevinc mənim üçün çox xoşdur. Uşazqlara hər zaman öz övladım kimi yanaşıram. Mənim yarışlarıma məktəb rəhbərliyi ilə yanaşı, Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri İnqilab müəllim və Quba-Xaçmaz Regional Təhsil İdarəsi də dəstək olub. Şagirdlərimə idmanı sevdirməyi çalışıram. İdmanla yanaşı, onlara Allahverdi Bağırov, Əliyar Əliyev, Asif Məhərrəmov, Mübariz ibrahimov və Muxtar Qasımlı kimi idmançı Milli Qəhrəmanlarımızı təbliğ edirəm. Düşünürəm ki, uşaqlara idmanla bağlı bilikləri aşılamaq bu həyatda mənim üçün ən gözəl hissdir və müəllimlik kimi şərəfli peşəni nə vaxtsa başqa bir sahəyə dəyişə biləcəyimə inanmıram.