Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 11:57:00
Sinif otaqlarına kameralar qoyulsun, valideynlər də dərsləri izləsin! - TƏKLİF

Sosial şəbəkələrdə sinif otaqlarına izləmə kameralarının yerləşdirilməsi məsələsi müzakirə edilir. Bir çoxları iddia edirlər ki, siniflərdə kameralar olarsa, müəllimlərin dərs keyfiyyətinə və şagirdlərin intizamına nəzarət güclənə bilər.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov da düşünür ki, orta məktəblərdə izləmə kameraları olacağı təqdirdə təhsil və nizam-intizamla bağlı bəzi problemlər aradan qalxa bilər.
 

"İlk növbədə qeyd edim ki, özəl məktəb və uşaq bağçalarında müşahidə kameraları quraşdırılıb. Valideynlər bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləyə bilirlər. Dövlət təhsil müəssisələrinin çoxunda isə buna rast gəlinmir. Olanlarda da kameraların geniş yaddaş və kənardan müşahidə imkanları yoxdur. Əminliklə deyə bilərəm ki, bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Həm də bəzi məktəb direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı. Çox təəssüf ki, bəzi hallarda məktəb direktorları özləri kameranın quraşdırılmasında maraqlı olmurlar. Buna görə də onların rəhbərlik etdiyi təhsil ocağında kameralaşdırılma aparılmır. Əgər dövlət hesablı orta məktəblərdə yaddaş həcmi geniş olan və kənardan müşahidə imkanlarına malik kameralar quraşdırılsa, valideynlər istənilən an müəllimlərin necə dərs keçdiyini, uşaqlarla necə rəftar edildiyini görə bilərlər".

 

Müsahibimiz deyib ki,  təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir:

"Bir var ki, müdiriyyət ara-sıra siniflərə gedib dərslərin gedişatına nəzarət edir, bir də var ki, həm müdiriyyət, həm də valideynlər bunu həmişə izləyə bilirlər. Əlbəttə ki, təhsil ocaqlarının kameralaşdırılması böyük məbləğdə vəsait tələb edir. Amma hər il təhsilin, infrastrukturun inkişafına  büdcədən ciddi şəkildə vəsaiti ayrılır və bütün bu məsələlər məhz dövlət hesabına həyata keçirilir. Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, Bakıda, digər şəhər-rayon mərkəzindəki təhsil müəssisələri buna tam hazır olsa da, kəndlərdə kameralaşdırmanı tətbiq etmək hələ mümkün deyil. Bunu isə kənd yerlərində yerləşən müəssisələrin diqqətdən kənar qalması ilə əlaqələndirmək olar".

 

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Ekspertin fikrincə, rayon yerlərində bu məsələyə o qədər də əhəmiyyət vermirlər. Bunun üçün də valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır.

 

"Bununla yanaşı, kənd yerlərində valideynlər məsələyə o qədər də maraqlı deyillər. Kənd yerlərində xüsusi maarifləndirmə tədbirləri də həyata keçirmək lazımdır ki, valideynlər bu xidməti başa düşsünlər".

 

K.Əsədov hesab edir ki, kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər.

 

"Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir. Şagirdlərin təhlükəsizlik məsələsi də bu yolla həll olunur. Son illər orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Əgər kameralar quraşdırılsa, valideynlər kamerada baxar ki, şagirdlər nə edirlər. Məktəbdə yaranan hansısa məsələ ilə bağlı valideyn narazılıq edə bilər. Narazılıqlar olanda, valideynlə əlaqə yaradılar və nöqsanları aradan qaldırmaq, başa salmaq kamera görüntüləri ilə daha asan olar. Son illər Bakıdakı orta məktəblərin təhlükəsizlik kameraları ilə təchiz olunması layihəsi həyata keçirilib. Əksər orta məktəblərdə həyata keçirilən kameralaşdırma prosesi artıq başa çatıb. Məqsəd təhlükəsizliyin təmin edilməsindən ibarət olub. Bundan sonra bu kameraları vahid platformaya daxil etmək və valideynlərə izləmək imkanı yaratmaq lazımdır".