Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 13:59:00
Maraqlı adam: “Bəlkə də gənc olsaydım, xaruqələr yaradardım” - Şəkili müəllimlə MÜSAHİBƏ

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanının sahibi, bir çox beynəlxalq layihələrin qalibi, şəkili müəllimə... 

 

Haqqında bəhs etdiyimiz Xatirə Şabəddinova AzEdu.az saytının "Maraqlı adam" layihəsinin müsahibi olub. 

 

Xatirə müəlimə, sizi oxucularımıza necə təqdim edək?

 

- Mən - Şabəddinova Xatirə Nəzir qızı, 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsini bitirmişəm. Musiqi məktəbinə də getmişəm, fortapianoda ifa etməyi bacarıram. Aləliyəm, 3 övladım var, 2 qızım ailəlidir, 4 nəvəm var, oğlum 24 yaşındadır. Övladlarımın hər biri ali təhsillidir.

 

- Hansı məktəbdə fəaliyyət göstərirsiniz?

 

- Müəllimlərin Diaqnostik Qiymtləndirilməsi imtahandan 56 bal toplamışam. 1990-ci ildə Şəki Təhsil şöbəsinin filmoteka bölməsində metodist olaraq fəaliyyətə başlamişam. 1994-cü ildən isə məzunu olduğum Şəki şəhər 11 nömrəli tam orta məktəbdə kimya müəllimi işləyirəm. Eyni zamanda, repetitorluqla da məşğulam. Məktəbdə şagirdlərimlə bir çox uğurlarımız olub.

 

- Bu dövr ərzində hansı nailiyyətləriniz olub?

 

 - 2010-cu idən bu tərəfə "Sabahın alimləri" müsabiqəsinə istedadlı şagirdlərin üzə çıxarılması ilə bağlı müxtəlif kateqoriya - ekologiya, kimya üzrə layihələr təqdim etmişəm. 2010-cu ildə ilk layihəmiz neft şirkətində xüsusi yer alıb. Sonrakı illərdə də şagirdlərlə təqdim etdiyim layihələr sertifikat alıb. 2019-cu ildə “Sabahın alimləri”nə layihə təqdim edən şagirdlərim 3-cü yerə, bürünc medala layiq görülüblər. “Sabahın alimləri” beynəlxalq müsabiqəsində şagirdlərim Amerikanın xüsusi sertifikatını da alıblar. Sadəcə, pandemiya vaxtına düşdüyünə görə təqdimat onlayn olub.

Məzunu olduğum doğma məktəbimizdə sağlam mühit var. Şagirdlərimizin uğur qazanmasında rəhbərlik başda olmaqla bütün kollektivimiz səylə çalışır.

 

- Danışanda ən çox şagirdlərinizi qeyd edirsiniz. Bəs öz uğurlarınız... 

 

- Şagirdlərimin uğuru onsuz da mənim uğurumdur. 2012-ci ildə o vaxtkı nazir Misir Mərdanovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən regionlarda interaktiv təlim üsulu ilə dərs keçən müəllim kimi mənim də açıq dərsim təqdim edilib.

 

2019-cu ildə fəaliyyətim Elm və Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam.

 

2020-ci ildə “Mən müəlliməm" rubrikasında təqdimatım verilib.

 

2021-ci ilə isə "Havanın təmizlənməsi" layihəmiz Amerikanın xüsusi mükafatını alıb və hazırda həmin layihəmi patentləşməyə vermişəm. Havanın təmizlənməsi ilə bağlı olan layihəm Azərbaycan Elm Mərkəzi tərəfindən İngiltərə saytına da çıxıb, sertifikat alıb. Layihənin mövzusu kimya-sənaye zavodlarında havaya buraxılan qazların zərərsizləşdirilməsi üçün təklif etdiyim qurğu idi. Layihə I ekspertiza mərhələsindən keçib, II mərhələyə Fizika İnstitutuna təqdim edilib.

 

Keçən il və bu il Türkiyədə EYFOR təşkilatının xətti ilə keçirilən müəllimlərin ən böyük təhsil konqresinə öz layihələrimlə qatılmışam və layihəm beynəlxalq sertifikat alıb.

 

1500-1800 nəfər türk ziyalısının qoşulduğu geniş tərkibli Beynəlxalq Türkiyə Konqresində keçən il mən də iştirak etmişəm. Hər il bu görüşdə 30-40 müəllim öz layihəsi ilə iştirak edir. Konfrans zamanı Türkiyə və Azərbaycandan qatılan müəllimlər, alimlər fikir mübadilələri aparırlar. Biz də yeniliklərlə tanış oluruq və öyrəndiklərimizi burada tətbiq etməyə çalışırıq. Bizim bu layihələrə qoşulmaqda əsas məqsədimiz bacarıqlı uşaqları ortaya çıxarmaqdır.

 

- Hazırda üzərində işlədiyiniz layihə var? 

 

- Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan "eTwinning" layihəsinə qoşulmuşuq. Türkiyə, Azərbaycan, Ruminiya və İtaliyadan olan şagirdlərlə əməkdaşlığın inkişafı istiqamətində təcrübə mübadiləsi quraraq, "İqlim dəyişikliyi" layihəsi üzərində şagirdlərimizlə birgə çalışırıq. Bu da beynəlxalq layihədir - Azərbaycan, Türkiyə, Ruminiya və İtaliya məktəblərinin şagirdləri iştirak edir. Layihənin mövzusu iqlim dəyişikliyi ilə bağlıdır. Bu mövzu çərçivəsində uşaqlar öz poster, loqo və afişalarını təqdim edirlər. Hər bir şagird onlayn formatda digərlərinin layihəsini görə bilər. Layihə uğurlu olarsa, Elm və Təhsil Nazirliyi tərəfindən məktəbə, şagirdlərə mükafat veriləcək. Hansı məktəbdən şagirdlər bu layihədə iştirak edirsə, həmin məktəbə “Twinning” məktəb statusu verilir.

 

"eTwinning" layihəsini artıq başa vurmaq üzrəyik. Türkiyə, Ruminiya, İtaliya və Azərbaycan məktəblilərinin ortaq çalışdığı bu layihədə şagirdlərimiz təcrübə mübadiləsi, əməkdaşlıq, İKT biliklərinin və sərbəst fikir yürütməyi, araşdırma aparmaq kimi xüsusiyyətlərin inkişafi istiqamətində çox şey əldə etmiş oldular.

 

- Bacarıqlı şagirdlərimizə uğur qazana bilməsi üçün hansı tövsiyələri verərdiniz?

 

- Sizin saytda bir çox gənc müəllimlə müsahibənizi gördüm. Mən də hər zaman çalışıram ki, innovativliyə can atım, yeni şeylər öyrənib onları tətbiq edim. Bir gün yeni bir şey öyrənmirəmsə, həmin günümü boş hesab edirəm. Hər zaman şagirdlərimə də deyirəm ki, sizin vaxtınız qızıldır, onu boş işlərə sərf etməyin. Bəzən deyirəm ki, kaş sizin yerinizdə olaydım, daha çox çalışardım, yəqin ki, xaruqələr yaradardım. Ona görə də əsas tövsiyəm ondan ibarətdir ki, şagirdlər də, müəllimlər də vaxtlarını hər yaşda ancaq öyrənməyə sərf etməlidir. Ancaq bu vasitə ilə uğura gedən yolda əmin addımlarla irəliləyə bilərlər.