Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 13:16:00
Məktəbli geyimini yalnız Bakı Tikiş Evi hazırlamamalıdır! - TƏKLİF

Son illər məktəbli formaları tez-tez dəyişir. Bununla bağlı valideynlərdə müəyyən narazılıqlar yaranır. Məktəbli formalarının demək olar ki, hər il dəyişməsinin səbəbi nədir? Nə üçün yekun bir qərar verilmir? Məktəbli geyiminin şagirdin təhsil həyatındakı rolu nədən ibarətdir?

 

 

Mövzuyla bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsəodvun fikrincə, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin fəaliyyətinə və davranışına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır.

 

“İlk növbədə qeyd edim ki, ölkəmizdə məktəbli forması ənənəsi kütləvi şəkildə sovetlər dövründə tətbiq edilməyə başlayıb.

 

Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunurdu. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilərdi. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilirdi. Amma Prezident İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanına əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilməlidir. Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən 4-5 vahid məktəbli geyimi təsdiqlənəcək və təhsil müəssisələrinin yalnız onlardan istifadə edə biləcəklər.

 

Ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub. Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib. Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizdə fəaliyyət göstərən 4472 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hər biri vahid məktəbli forması ilə tədris prosesinin iştirakçısına çevrilir”.

 

 

Ekspert qeyd edir ki, qəbul olunmuş qərar ona əsas vermir ki, bütün məktəblər eyni məktəbli formasında istifadə etməlidir. Hər bir məktəbin Pedaqoji Şurası qərar qəbul edib təklif edilmiş 4-5 nümunədən istədikləri dizaynda forma müəyyən edə bilərlər. Yəni ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur.

 

K.Əsədov rayonlarda məktəbli formasından istifadə ilə bağlı müəyyən çatışmazlıqlar yaşandığını, bunun da hava şəraiti ilə bağlı olduğunu hesab edir. Müsahibimiz təklif edir ki, məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem yaşanmaz.

 

“Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, Məktəb-Valideyn Assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar qəbul olunduqdan sonra təsdiqlənə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz. Rayonlarda məktəbli formasından istifadə ilə bağlı müəyyən çatışmazlıqlar var. Bu da hava şəraiti ilə bağlıdır. Belə ki, soyuq havalarda məktəbli formaları nazik olduğuna görə uşaqlar üşüyürlər. Daha çox qış aylarında bu hal baş verir. Hesab edirəm ki, məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem olmaz. Digər tərəfdən isə geyimlərin tikilməsi ilə yalnız Bakı Tikiş Evi (BTE) məşğul olmamalıdır. Bu keyfiyyətə ciddi təsir görtərə və rəqabət mühitini aşağı sala bilər. Ona görə də Elm və Təhsil Nazirliyi 4-5 eskizi müəyyən edib ictimaiyyətə təqdim etməli və məktəblərə göndərməlidir. Onun standartlara uyğun olaraq tikilməsini valideyinlər özü ya fərdi qaydada, ya kollektiv şəkildə ya da məktəblə birlikdə həyata keçirməlidirlər”.