Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 11:13:00
Niyə xaricdə təhsil alanlar dövlət qulluğuna imtahansız qəbul olunur?! - ETİRAZ

Azərbaycanda “Dövlət qulluğu haqqında" qanunun 28-ci maddəsinə əsasən, xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.

 

Lakin Azərbaycanda təhsil alan vətəndaşlarımız, yalnız test və müsahibə mərhələsini keçdikdən sonra dövlət qulluğuna qəbul olunurlar.

 

Bu qərar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. İnsanlar bunun ayrı-seçkilik və haqsız yanaşma olduğunu düşünürlər.

 

Xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna imtahansız qəbul olunması doğrudanmı yerli təhsil ocaqlarının məzunlarına qarşı ədalətsizlikdir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov bu qərarı pisləyib:


Xanımını itirən Şahlar Əsgərov: “Bundan sonrakı həyatım necə olacaq, deyə bilmərəm” - MÜSAHİBƏ

 

“Bu yanaşmanı doğru hesab etmirəm.Və bu qərarda hər hansı bir əsasnamə olduğunu düşünmürəm. Xaricdə oxuyub gələn vətəndaşlarımızın imtahan verəmədən dövlət qulluğuna qəbul olunması, burada təhsil alan gənclərimizə qarşı olduqca ədalətsiz yanaşmadır. Biz universitetlərimizdə verilən təhsili daha çox dəyərləndirməliyik. Bu qərar onu göstərir ki, biz öz ali təhsil müəssisələrimizə yox, xaricin təhsilinə üstünlük veririk”- deyə o, fikirlərini tamamlayıb. 

 

Digər sabiq deputat, təhsil eksperti Sona Əliyeva xaricdə təhsil almış Azərbaycan vətəndaşlarının dövlət qulluğu imtahanında iştirak etməli olduqlarının səbəblərini açıqlayıb:

Deputat Sona Əliyeva: “Gəlin, görün və danışın...”

 

“Xaricdə oxuyub gələn vətəndaşlarımızın dövlət qulluğuna imtahansız qəbul olunmasını ayrı-seçkilik hesab edirəm. Nəzərə almalıyıq ki, bir çox ixtisaslarda xaricdə verilən təhsil proqramıyla Azərbaycandakı təhsil arasında müəyyən fərqlər mövcuddur. Bir neçə sahələr var ki, orada mütləq şəkildə Azərbaycan qanunvericiliyinə, idarə edilmə prinsiplərinə və dövlət quruluşuna uyğun şəkildə təhsil verilir. Və vətəndaşlarımızın xaricdə, sözügedən qaydalara uyğun təhsil alma imkanları yoxdur. Ona görə də, xaricdə təhsil almış vətəndaşlarımızın da dövlət qulluğuna qəbul zamanı test və müsahibə mərhələsindən keçməli olduqlarını düşünürəm".

 

S.Əliyeva ədalətli olmaq üçün hər kəsin dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etməli olduğunu vurğulayıb:

 

“Həmçinin, bəzi ölkələr var ki, heç də Azərbaycandan güclü təhsil verməyə malik deyillər. Bu bir az mübahisəli məsələlərdir və müzakirəyə açıqdır. Amma konkret düşüncəm odur ki, bu proses hamı üçün eyni olmalıdır. Hamı dövlət qulluğunda bərabər şəkildə iştirak etməlidir. Onsuz da, Azərbaycanda universitet bitirən şəxslər dövlət qulluğuna hazırlaşmaq üçün müxtəlif kurslara gedirlər. Müəyyən hazırlıqdan sonra imtahan verirlər. Bunun üçün də, ayrı-seçkilik yaratmağın düzgün olmadığını hesab edirəm”.