Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 10:58:00
Psixoloq 13 yaşlı qızın evdən qaçmasında valideynin günahından danışdı

Son günlər gündəmi məşğul edən hadisələrdən biri Tovuz rayonundan olan 13 yaşlı Əfsanə Tağıyevanın evlənmək məqsədi ilə evdən qaçması oldu.

 

Ailə qurmaq üçün Tovuzdan Xaçmaza qaçan 13 yaşlı qızın davranışı cəmiyyətdə olduqca sərt təpki ilə qarşılandı. Sosial şəbəkələrdə açılan müzakirələrin iştirakçıları bu xoşagəlməz hadisəyə görə qızın özünü, ailəsini, oxduğu məktəbi və qaçdığı şəxsi günahlandırırlar.

 

Bəs 13 yaşlı qızı bu addıma təhrik edən hallar daha nələrdir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Günel Bayramova hadisəyə psixoloji tərəfdən yanaşıb:

 

“İndiki valideynlərin özləri yeniyetmə olarkən hazırkı dövrlə müqayisədə məhdud sərbəstliyə malik idilər. O dönəmlərdə böyük əksəriyyətdə "oxumaq borcumdur" fikri formalaşmışdı. Onların yeniyetməlik dövründə məktəbdən başqa məşğuliyyətləri kitab oxumaq, musiqi və idman ilə məhdudlaşırdı.

Hazırda isə yeniyetmələrin daha çox azadlıqları var. Vaxtlarını keçirmək üçün daha çox variantları mövcuddur. Hər gün istifadə etdikləri kompüter və telefonlar vasitəsi ilə dünyada baş verənlər haqqında daha çox məlumatlı olurlar. Artıq uşaqlar valideynlərinə nisbətən daha çox şey haqqında məlumatlıdır. Buna görə də nəsillər arasında konflikt baş verir (valideyn-yeniyetmə konflikti).

 

Psixoloq uşaqların tərbiyəsində sağlam ailə mühitinin olduqca təsirli olduğunu qeyd edib:

“Uşaqların tərbiyəsində valideynlərin rolu əlbəttə çox böyükdür. Övladlarının maraqlarını, daxili və mənəvi təlabatlarını dinləmədən, bilmədən qınayan valideynlər uşaqları yeniyetməlik dövrünə çatdıqda onların mənfi xüsusiyyətlərini gördükləri zaman böyük bir boşluğun fərqində olurlar.

Onu da qeyd etmək lazımdır ki, tərbiyə təkcə öyüd-nəsihət verməkdən ibarət deyil. Yeniyetmələri təhsilə və şəxsi inkişafa yönləndirmək üçün ilk növbədə sağlam ailə mühiti yaratmaq lazımdır”

 

G.Bayramova valideynlərin övladlarına tərbiyə verərkən etdikləri səhvlərdən söz açıb:


“Yeniyetmələrdə yaranan özbaşnalıq təkcə valideynlərin onlara azadlıq verməsindən irəli gəlmir. Bəzən valideynlər övladlarına tez-tez qadağalar qoyurlar və bununla onları qoruduqlarını hesab edirlər. Uşaqların bir şəxsiyyət kimi formalaşmasında bu böyük bir əngəldir. Onlar ya öz yaşıdlarından geri qalırlar, ya da yalana əl atıb istədiklərini edirlər. Bunun qarşısını almaq üçün valideynlər uşaqlarının fikrirlərini dinləməli, istəklərini nəzərə almalıdır. Nəyin doğru, nəyin yanlış olduğunu izah etməlidir. Düşünürəm ki, valideynlərlə övladları arasında davamlı ünsiyyət olsa, bu kimi xoşagəlməz hadisələrin qarşısı alınar”- deyə o, fikrini tamamlayıb.