Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 09:52:49
Sinifdə davranış pozuntuları olan şagirdləri necə idarə etməli... - Çıxış YOLLARI

Müəllimlərin tədris prosesi zamanı sinifdə qarşılaşdıqları çətinliklər sırasına davranış pozuntusu olan uşaqlarla işləmək də daxildir. Uşaqlar bu anda yalnız dərskeçmə prosesinə mane olmur, eyni zamanda, bütün sinfin məhsuldarlığını aşağı salırlar.

Neqativ davranış sərgiləyən uşaqlar, adətən, bunu “sadəcə, istədikləri üçün” etmirlər. Unutmayaq ki, hər neqativ davranışın arxasında pozitiv niyyət gizlidir. Yəni uşaq mənəvi və psixoloji cəhətdən onu narahat edən problemləri neqativ davranış sərgiləyərək qarşısındakıların diqqətini çəkməklə bildirməyə çalışır. Müsbət və mənfi bütün davranışlar ünsiyyətin bir forması olduğundan müəllimlər şagirdlərdəki davranış pozuntularının yaranma səbəblərini anlamağa çalışmalı, problemin həlli zamanı strategiyalardan necə istifadə edəcəyini bilməlidirlər.

Uşaqlarda davranış pozuntusunun yaranmasına səbəb olan amillər nələrdir?

Uşaqların neqativ davranışının yaranma səbəbini bilmək onunla düzgün mübarizə aparmaq üçün çox vacibdir. Bunlardan bəziləri aşağıda verilib:

· Sağlamlıq problemi: Uşaqda neqativ davranışın yaranmasına səbəb olacaq hər hansı bir tibbi əsas varmı? Əgər uşaq ağrı və narahatlıq hissi keçirərsə, onda bu onun hərəkətlərinə sirayət edər, xüsusilə də ünsiyyət qurmaqda çətinlik çəkər.

· Davranış pozuntuları: Diqqət əksikliyi və hiperaktivlik sindromu (ADHD), autizm və digər öyrənmə çətinlikləri uşağın öz hisslərini idarə və ifadə edə bilməməsinə səbəb ola bilər. Bundan əlavə, əgər digər uşaqlar bu davranış pozuntularına görə onları öz aralarına qəbul etmirlərsə, bu, onların hisslərinin və davranışlarının daha da pisləşməsinə səbəb ola bilər.

· Həyatındakı dəyişiklik: Yaxın vaxtlarda uşağın həyatının hər hansı böyük dəyişiklərə məruz qalıb-qalmadığını və bunun onlarda davranış pozuntusuna səbəb olub-olmadığını araşdırmaq əhəmiyyətlidir. Məsələn, əgər onlar məktəbi dəyişiblərsə, valideynləri ayrılıbsa, ya da yaxınlarından kiminsə vəfatı onlara mənfi təsir edir.

· Alışdığı davranış: Ola bilsin ki, uşaq nadinc hərəkətləriylə istədiyini əldə edəcəyini öyrənib, ya da başqa uşaqların da eyni şəkildə davrandığı mühitdə olub (məsələn, mağazada istədiyi oyuncağı aldırmaq üçün hündürdən ağlayır, özünü yerə atır və valideynləri onu susdurmaq üçün istədiyini edir).

· Ev mühiti: Əgər uşaq psixoloji cəhətdən qeyri-sağlam ev mühitində – məsələn; tez-tez mübahisələr olan, sevgisiz bir ev mühitində böyüyürsə, onda ona elə gəlir ki, məktəbdə mübahisə etmək, qışqırmaq və dalaşmaq normal haldır. Bundan əlavə, məişət zorakılığı, valideynlərdə psixi pozuntu və ya pis vərdişlər kimi problemlər varsa, uşaq neqativ davranışı çıxış yolu kimi seçə bilər.

· Sıxıntı (darıxma): Şagird dərsin və tapşırığın cansıxıcı olduğunu düşündükdə, eyni zamanda, məktəbin mühiti ona darıxdırıcı gəldikdə, buna etiraz olaraq neqativ davranış sərgiləyə bilər.

· Günlük rejimin olmaması: Ev şəraitində günlük rejimin olmaması da mənfi davranışların yaranmasına səbəb ola bilər. Məsələn; gec yatmaq və kifayət qədər yuxu almamaq, sağlam qidalanmamaq, qeyri-kafi dəstək və uşaqların davranışlarına sərhədin qoyulmaması.

Sinifdəki mənfi davranışları aradan qaldırmaq üçün 10 strategiya

1. Mənfi halı müsbət hala çevirin. Göstəriş və məsləhətlər bizə nə etməməli olduğumuzu söyləmək əvəzinə, nəyi etməli olduğumuzu söylədikdə daha yaxşı nəticə verir. Məsələn; “Tomas, qışqırmağı dayandır” əvəzinə “Tomas, zəhmət olmasa, bir az sakit danış”. Təlimatınızı mənfi deyil, müsbət şəkildə diqtə etməklə daha yaxşı nəticə qazanacaqsınız.

Bundan əlavə, uşaqlar “mənfi” davranış sərgilədikdə onları cəzalandırmaq əvəzinə, əvvəlcə bu cür hərəkət etməsinin səbəbini müəyyənləşdirin. Sonra isə istədikləri nəticəni əldə etmək üçün alternativ üsulları müzakirə edin. Məsələn, əgər onlar diqqəti cəlb etmək üçün mənfi davranışa yol verirsə, onlara daha çox danışmaq imkanı yaradan növbəli sistem qurun. Tezliklə uşaqlarda istədiklərini cəzasız əldə etmək üçün daha uyğun davranış formalaşacaq.

2. Müsbət davranmağı öyrədin. Arzuolunmaz davranışı tamamilə aradan qaldırmağa çalışmaqdansa, istədiyiniz davranışı asanlıqla formalaşdırmaq üsullarına diqqət etməlisiniz. Müsbət davranış sayılan hərəkətləri və şagirdlərin necə davranmasını istədiyinizi araşdırın. Müsbət davranışlar haqqında sinif müzakirəsi aparın və bunun əsasında sinif üçün hər hansı bir tapşırıq hazırlayın, məsələn, sinif üçün davranış qaydalarını birlikdə müəyyənləşdirin və otaqda görünən bir yerdən asın. Belə etməklə siz şagirdləri birbaşa onlara nə edəcəyini söyləmək əvəzinə, stimullaşdırıcı fəaliyyətə cəlb edirsiniz və bu daha yaxşı nəticələr verəcək.

3. Şagidlərdə görmək istədiyiniz davranış modelini yaradın. Şagirdlərinizin sizə olan münasibətini necə görmək istəyirsinizsə, siz də onlara qarşı o şəkildə davranın. Məsələn, əgər şagirdlərinizdən həmişə vaxtında gəlməyi tələb edirsinizsə, vaxtı düzgün idarə etdiyinizdən əmin olun. Eynilə, şagirdlərdən mütəşəkkil olmağı tələb edirsinizsə, nizam-intizamınızın buna uyğun olduğuna əmin olun.

Şagirdlərinizin başqalarının hisslərinə qarşı nəzakətli olmağını istəyirsinizsə, siz də onların hisslərinə qarşı nəzakətli olmağa çalışmalısınız. Əgər onların duyduqları emosiyaları – məsələn, məyusluq, utanma, sıxılma, əsəbilik kimi, hiss edə bilirsinizsə, onlara necə davranmalı olduqlarını göstərin: 10-a qədər sayın və davam edin.

 4. Sinifdə davranış qaydaları yaradın. Yeni dərs ilinin əvvəlində müəllimlər şagirdlərlə birgə məktəbin daxili-qayda qanunlarına əsaslanan, həmçinin onların da fikirlərini nəzərə alan sinif davranış qaydalarını hazırlaya bilərlər. Məqbul və qeyri-məqbul müxtəlif davranış tiplərini, həmçinin, “şagirdlərin bir-birinə qarşı hörmət və nəzakət qaydaları”nı müzakirə edə bilər, bu qaydaları çap edərək sinifdən asa bilərsiniz. Şagirdlər hər zaman bunu görsün və yaddaşlarına həkk etsinlər.

Şagirdləri bu işə cəlb etmək çox vacibdir, çünki bu, onlarda məsuliyyət hissi yaradır və öz növbəsində davranış qaydalarına riayətetmə öhdəliyini artırır.

5. Sağlam ünsiyyət qurun. Həmişə aydın və səlis ünsiyyət yaratdığınızdan əmin olun. Fikirlərinizi ifadəetmə tərziniz uşaqların onları necə qəbul etməsinə böyük təsir göstərə bilər. Məsələn:

· Tələblərinizə “Təşəkkür edirəm” sözləri əlavə edin. Məsələn, “Yemək (çips) paketini zibil qabına atdığına görə sənə təşəkkür edirəm”. Bu, qapalı təklifdir, şagirdə şübhə və müqayisə etmək üçün heç bir əsas vermir.

· Konkret olun. Məsələn, “Zəhmət olmasa, bazar ertəsi dərsin əvvəlində ev tapşırığını təhvil ver” cümləsi, “Zəhmət olmasa, bazar ertəsi tapşırığını ver” cümləsindən daha konkretdir. Yəni uşaq mənəvi və psixoloji cəhətdən onu narahat edən problemləri neqativ davranış sərgiləyərək qarşısındakıların diqqətini çəkməklə bildirməyə çalışır.

· Müsbət davranış və nailiyyətlərini görün (qiymətləndirin). Uşaqlar hər zaman dəcəllik etməyə meyillidirlər – bu, sadəcə, onların xarakterləri ilə bağlıdır. Bununla belə, onlar hər gün yeni şeylər öyrənir və möhtəşəm irəliləyiş əldə edirlər və bu, özlüyündə bir naliyyətdir. Uşaq sinifdaxili intizam qaydalarına riayət etdikdə və ya bir işi uğurla tamamladıqda bunu ona bildirin. Onlara “afərin” deyin və “çalışdıqları zaman uğur qazanacaqlarına” onları inandırın.

6. Münasibətləri aktiv şəkildə inkişaf etdirin. Şagirdlərinizin hər birini yaxından tanımaq və onlarla sağlam ünsiyyət qurmaq üçün vaxt ayırın. Ümumi maraqları haqqında danışın, təsadüfi bir söhbət açın, onlardan tez-tez necə olduqlarını soruşun.

Siz hətta onlardan hər hansı bir məsələ ilə bağlı məsləhət və tövsiyələr istəyə bilərsiniz, məsələn, “Mən yeni kitab oxumaq istəyirəm. Bu yaxınlarda yaxşı bir kitab oxuyan varmı?”.

7. Sakit bir guşə yaradın. Şagirdlər sinifdə mənfi davranış sərgilədikdə onların fasilə etmələri üçün sakit guşə yaradın. Ancaq bu guşəni cəza sahəsinə çevirməkdənsə, uşağın düşünməsi və sakitləşməsi üçün bir guşəyə çevirin. Şagirdlərdən bu guşə üçün yumşaq oyuncaq və ya öz ev heyvanlarının şəklini gətirməyi tapşırın. Özlərini idarə etməkdə çətinlik çəkdiklərində həmin guşədə sevimli əşyalarını görəndə neqativ emosiyalar müsbətlə əvəzlənəcək.

8. Sinifdəki çatışmazlıqları minimuma endirin. Əgər şagirdi davranışına görə tənbeh etmək lazımdırsa, bunu sinfin reaksiyasını nəzərə alaraq minimum dərəcədə etdiyinizdən əmin olun. Sinfin qarşısında şagirdin üstünə qışqırmaq şagirdin davranışına görə utanmasına səbəb ola bilər. Nəticədə, çox güman ki, onlar sizə qarşı acıqlı olacaq və sonra dediklərinizi dinləmək istəməyəcəklər. Bunun əvəzinə, onların mənfi davranışlarının fərqində olduğunuzu bildirmək üçün üzlərinə baxın və ya birbaşa sualdan istifadə edin ki, bu cür davranmağa davam etdikdə bunun nəticəsiz qalmayacağını anlasınlar.

9. Valideynlərlə əlaqə saxlayın. Valideynlərlə tez-tez əlaqə saxlamaq mənfi davranışlı uşaqları idarə etmək üçün çox vacibdir. Övladları davranış pozuntusu sərgilədikdə valideynləri xəbərdar edin. Evdə də məktəb qaydalarına oxşar qaydaların olduğuna əmin olun.

Bütün uşaqlar müxtəlif mühitlərdə və müxtəlif səbəblərdən davranış pozuntusu sərgiləyirlər. Sinifdə mənfi davranışlarla mübarizə aparmaq üçün strategiyalarınız varsa və siz bunun hansı səbəblərdən baş verməsini anlayırsınızsa, onu səriştəli şəkildə idarə edər və sinifdəki mənfiləri minimuma endirə bilərsiniz.

Nəticə olaraq qeyd edə bilərik ki, sinfin idarəolunması müəllimin səriştəsindən, psixoloji hazırlığından çox asılıdır. Müəllimin şagirdlərinə qarşı olan xoş və humanist rəftarı neqativ davranışlar sərgiləyən, öyrənmə çətinlikləri olan, həmçinin akademik nailiyyətləri aşağı olan şagirdlərdə belə məktəbə, təhsilə sevgi hissi oyadacaq.



Nəcibə Abbasova ARTİ, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin əməkdaşı

Xanım Əsədova ARTİ, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin əməkdaşı